Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 4

İsa Məsih haqqında həqiqət

İsa Məsih haqqında həqiqət

1, 2. a) Kiminsə adını bilmək onu tanıdığımıza dəlalət edirmi? b) Çoxları İsa Məsih haqqında nə düşünür?

DÜNYADA adlı-sanlı insanlar çoxdur. Ola bilsin, biz bu insanlardan kimisə adı ilə tanıyırıq. Amma insanın adını bilməyimiz onu yaxşı tanıdığımızı, onun xasiyyətinə bələd olduğumuzu, onunla bağlı hər şeyi bildiyimizi göstərmir.

2 Yəqin, 2000 il bundan əvvəl yaşamış İsa Məsih haqqında eşitmisiniz. Çoxları onun əslində necə insan olduğunu bilmir. Məsələn, bəzi insanlar onun sadəcə yaxşı insan olduğunu düşünür, kimisi onu peyğəmbər kimi qəbul edir, kimisi də ona Tanrı kimi ibadət edir. Bəs siz Məsih haqqında nə bilirsiniz? (12-ci əlavəyə baxın.)

3. Yehova Allah və İsa Məsih haqqında bilik almaq nəyə görə vacibdir?

3 İsa Məsih haqqında həqiqəti bilmək çox vacibdir. Çünki Müqəddəs Kitabda deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, Yehova Allah və İsa Məsih haqqında həqiqəti bilənlərin qarşısında cənnətdə əbədi yaşamaq imkanı açılır (Yəhya 14:6). İsa Məsih həmçinin bütün insanlar üçün gözəl nümunədir. Biz ondan çox şey öyrənə bilərik, məsələn, bir insan kimi necə yaşamalıyıq, başqaları ilə necə rəftar etməliyik (Yəhya 13:34, 35). Yəhya 17:3 ayəsindəki sözlərə uyğun olaraq, biz 1-ci fəsildən Allah haqqında müəyyən bilik aldıq. Bu fəsildə  isə Allahın qulu və elçisi İsa Məsih haqqında Müqəddəs Kitaba əsaslanan həqiqəti öyrənəcəyik.

VƏD EDİLMİŞ MƏSİH

4. Allah Müqəddəs Kitabda nə vəd etmişdi?

4 İsa doğulmazdan uzun illər əvvəl, Yehova Allah Müqəddəs Kitabda vəd etmişdi ki, yer üzünə Məsih göndərəcək. Allahın niyyəti o idi ki, Məsihi, yəni seçdiyi şəxsi xüsusi mövqeyə ucaltsın. Məsih Allahın bütün vədlərini gerçəkləşdirəcək. Amma Məsih bizə yalnız gələcəkdə deyil, bu gün də çox şeydə kömək edə bilər. İsa doğulmazdan əvvəl, əksər insanları bir sual maraqlandırırdı: «Görəsən, Məsih kim olacaq?»

5. Şagirdləri İsa ilə bağlı nəyə əmin idilər?

5 Şagirdləri əmin idilər ki, İsa vəd olunmuş Məsihdir (Yəhya 1:41). Bir dəfə 12 həvarisindən biri İsaya demişdi: «Sən Məsihsən» (Mətta 16:16). Bəs biz haradan əmin ola bilərik ki, İsa, doğrudan da, vəd olunmuş Məsihdir?

6. Yehova səmimi insanların Məsihi tanımaları üçün nə edib?

6 İsa doğulmazdan xeyli əvvəl, Allah peyğəmbərlər vasitəsilə Məsih barədə ətraflı məlumatlar yazdırmışdı ki, insanlar onu tanıya bilsin. Gəlin belə bir vəziyyəti təsəvvür edək. Tutalım, sizdən tanımadığınız, heç vaxt görmədiyiniz insanı avtobus dayanacağında qarşılamağı xahiş ediblər. O insanı yaxşı təsvir etsələr, çoxlu insanın arasında onu tapmaq asan olacaq. Allah da peyğəmbərləri vasitəsilə Məsihin nə işlə məşğul olacağını və başına nələrin gələcəyini xəbər verib. Bütün bu peyğəmbərliklərin İsanın üzərində yerinə yetməsi səmimi insanları əmin edir ki, o, məhz həmin vəd olunmuş Məsihdir.

7. Hansı iki peyğəmbərlik İsanın Məsih olduğunu sübut edir?

7 Gəlin bu peyğəmbərliklərdən ikisinə diqqət yetirək.  Birincisi, İsa doğulmazdan 700 il əvvəl Mikə peyğəmbər yazmışdı ki, Məsih kiçik şəhər olan Beytləhmdə anadan olacaq (Mikə 5:2). İsa məhz həmin şəhərdə dünyaya gəlmişdi (Mətta 2:1, 3—9). İkincisi, Dənyal peyğəmbər xəbər vermişdi ki, Məsih eramızın 29-cu ilində zühur edəcək (Dənyal 9:25). Bu peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edən çoxsaylı peyğəmbərliklərin yalnız ikisidir. (13-cü əlavəyə baxın.)

İsa vəftiz olunanda Məsih oldu

8, 9. İsa vəftiz olanda onun Məsih olduğunu sübut edən hansı hadisə baş verdi?

8 İsanın Məsih olduğunu Yehova Özü açıq-aydın təsdiq etmişdi. Allah Vəftizçi Yəhyaya söz vermişdi ki, Məsihi tanıması üçün ona əlamət verəcək. İsa eramızın 29-cu ilində İordan çayında vəftiz olmaq üçün Yəhyanın yanına gələndə Yəhya bu əlaməti öz gözləri ilə görmüşdü. Müqəddəs Kitabda bu hadisə belə təsvir olunur: «İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı, Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir. Bu zaman göydən bir səs gəldi: “Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam”» (Mətta 3:16, 17). Yəhya bu əlaməti görəndə və Allahın sözlərini eşidəndə əmin oldu ki, İsa həmin vəd olunmuş Məsihdir (Yəhya 1:32—34). O gün, Yehovanın ruhu İsanın üzərinə enən gün, o, Məsih oldu. Bəli, Allahın Öndər və Padşah təyin etdiyi şəxs İsa idi (Əşiya 55:4).

9 Müqəddəs Kitabdakı peyğəmbərliklər, İsa vəftiz olanda Yehovanın dediyi sözlər və verdiyi əlamət sübut  edir ki, İsa vəd olunmuş Məsihdir. Bəs İsa haradan gəlmişdi və o, necə insan idi? Gəlin görək Müqəddəs Kitabda bu barədə nə deyilir?

MƏSİHİN KÖKÜ QƏDİMLƏRƏ GEDİB ÇIXIR

10. Müqəddəs Kitaba əsasən, yer üzünə gəlməzdən əvvəl İsa harada yaşayıb?

10 Müqəddəs Kitabda yazılanlara əsasən, İsa Məsih  yer üzünə gəlməzdən əvvəl Allahın dərgahında yaşayıb. Mikə peyğəmbər yazmışdı ki, Məsihin «kökü çox qədimlərə... gedib çıxır» (Mikə 5:2). İsa özü dəfələrlə təsdiq etmişdi ki, yerdə insan kimi doğulmazdan əvvəl göydə yaşayıb. (Yəhya 3:13; 6:38, 62; 17:4, 5 ayələrini oxuyun.) Hələ yer üzünə gəlməmişdən qabaq İsa ilə Yehova Allah arasında xüsusi münasibət var idi.

11. Nəyə görə Yehova İsanı əziz tutur?

11 İsa Allah üçün çox əzizdir, çünki canlı-cansız nə varsa, hər şeydən əvvəl Allah onu yaradıb. Buna görə də Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «bütün xilqətin ilkidir» (Koloslulara 1:15). İsanı Yehova Allah üçün əziz edən digər səbəb odur ki, o, şəxsən Allah tərəfindən yaradılan yeganə varlıqdır. Buna görə də, o, «yeganə oğul» * adlanır (Yəhya 3:16). Başqa bir səbəb isə Yehova Allahın hər şeyi onun vasitəsilə yaratmasıdır (Koloslulara 1:16). İsa həmçinin «Söz» adlanır, çünki Yehova Allah buyruqlarını mələklərə və insanlara onun vasitəsilə çatdırırdı (Yəhya 1:14).

12. Haradan bilirik ki, İsa və Allah eyni şəxs deyil?

12 Bəzi insanlar üçün İsa və Allah eyni şəxsdir. Amma bu fikir Müqəddəs Kitaba ziddir. Müqəddəs Kitabda yazılıb ki, İsanı Allah yaradıb, yəni onun başlanğıcı var.  Yeri-göyü yaradan Yehova Allahın isə başlanğıcı yoxdur, O, əzəldən var olub (Zəbur 90:2). İsa heç vaxt özünü Allaha tay tutmayıb. Müqəddəs Kitaba əsasən, Yehova İsadan üstündür. (Yəhya 14:28 ayəsini oxuyun; 1 Korinflilərə 11:3.) Qadir Allah adını daşımağa yalnız Yehova layiqdir (Yaradılış 17:1). Kainatda Ondan ali, Ondan qüdrətli varlıq yoxdur. (14-cü əlavəyə baxın.)

13. Nəyə görə Müqəddəs Kitab İsanı «gözəgörünməz Allahın bənzəri» adlandırır?

13 Yer-göy yaranmazdan əvvəl, Yehova Allah və Oğlu İsa milyard illər ərzində birlikdə mələkləri, ulduzları, günəşi və digər şeyləri yaradıblar. Bu illər ərzində onların arasında güclü məhəbbət telləri yaranıb (Yəhya 3:35; 14:31). İsa Məsih Atasının xüsusiyyətlərini o qədər mükəmməl şəkildə əks etdirirdi ki, Müqəddəs Kitab onu «gözəgörünməz Allahın bənzəri» adlandırır (Koloslulara 1:15).

14. Yehovanın istəkli Oğlunun insan kimi doğulması necə mümkün oldu?

14 Allahın istəkli Oğlu İsa Məsih Atasına boyun əyərək yer üzündə insan kimi doğulmağa razı oldu. Sizdə sual yarana bilər: «Axı bu necə mümkündür?» Yehova Allah möcüzəvi şəkildə göydən Oğlunun həyatını Məryəm adlı bakirə qızın bətninə köçürür. Odur ki İsanın insan atası olmamışdı. Bunun sayəsində Məryəm dünyaya kamil oğlan uşağı gətirir və adını İsa qoyur (Luka 1:30—35).

İSA MƏSİH NECƏ İNSAN İDİ?

15. Nəyin sayəsində Yehova Allahı daha yaxından tanıya bilərsiniz?

15 İsanın şagirdləri olan Məttanın, Markın, Lukanın və Yəhyanın yazdığı müjdələrdən İsa Məsih, onun həyatı və xasiyyəti barədə çox şey öyrənə bilərsiniz. Bu  müjdələr «İncil» kitabına daxildir. İsa Atasına çox bənzədiyi üçün onun haqqında oxuduqlarınız sizə Yehova Allahı yaxından tanımağa kömək edəcək. İsa özü demişdi: «Məni görən Atanı da görüb» (Yəhya 14:9).

16. İsa Məsih nə barədə təlim verirdi? Onun təlimləri haradan qaynaqlanırdı?

16 Çoxları İsaya «Ustad» və «Müəllim» deyə müraciət edirdi (Yəhya 1:38; 13:13). Bir müəllim kimi onun verdiyi təlimin əsas mövzusu Padşahlıq haqqında müjdə idi. Bu Padşahlıq Allahın qurduğu hökumətdir. Bu hökumət göydən yer üzünü idarə edəcək və Allahın itaətkar bəndələrinə çoxlu nemətlər bəxş edəcək (Mətta 4:23). İsanın verdiyi təlimlərin mənbəyi Yehova Allahdır. İsa demişdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəhya 7:16). Yehova Allah istəyir ki, insanlar Onun Padşahlığının yer üzünü idarə edəcəyi barədə xoş xəbəri eşitsinlər. İsa bu xəbəri hamıya çatdırırdı.

17. İsa harada təlim verirdi? Nəyə görə o, təlim vermək işinə can qoyurdu?

17 Bəs İsa harada təlim verirdi? O, insanların olduğu hər yerdə, şəhərlərdə, kəndlərdə, bazarlarda, ibadətgahlarda və insanların evlərində təlim verirdi. O oturub gözləmirdi ki, insanlar onun ayağına gəlsin, özü onların yanına gedirdi (Mark 6:56; Luka 19:5, 6). İsa təlim vermək işinə can qoyurdu, vaxtını, gücünü bu işə sərf edirdi. Çünki bunu Allah ondan tələb edirdi və o, hər şeydə Allaha boyun əyirdi (Yəhya 8:28, 29). Onu insanlara təlim verməyə təşviq edən həmçinin şəfqət hissi idi. (Mətta 9:35, 36 ayələrini oxuyun.) İsa görürdü ki, din xadimləri insanlara Allah haqqında, Onun Padşahlığı haqqında həqiqəti öyrətmirlər. Buna görə də, əlindən  gələni edirdi ki, xoş xəbəri mümkün qədər çox insana çatdırsın.

18. İsa Məsihin hansı xüsusiyyəti sizin daha çox xoşunuza gəlir?

18 İsa Məsih insanları çox sevirdi və onlara kömək etmək üçün əlindən gələni edirdi. O, mehriban və ünsiyyətə açıq insan idi. Hətta uşaqlar belə, onun yanında olmağı xoşlayırdı (Mark 10:13—16). O, çox insaflı insan idi. Onun acgözlüyü və riyakarlığı görən gözü yox idi (Mətta 21:12, 13). O dövrdə qadınlar bir çox hüquqlardan məhrum idilər və hörmətsiz münasibətə məruz qalırdılar. İsa isə qadınların ləyaqətini uca tutur, həmişə onlarla hörmətlə davranırdı (Yəhya 4:9, 27). Həmçinin İsa, sözün əsil mənasında, təvazökar insan idi. Hətta bir dəfə o, adətən, qulluqçuların gördüyü işi görmüşdü, həvarilərinin ayaqlarını yumuşdu (Yəhya 13:2—5, 12—17).

İsa Məsih insanların olduğu hər yerdə müjdəni təbliğ edirdi

19. Haradan bilirik ki, İsa insanların ehtiyacını görürdü və onlara kömək etmək istəyirdi?

19 İsa insanların əslində nəyə ehtiyac duyduğunu yaxşı bilirdi və onlara kömək etmək istəyirdi. O, Allahın qüdrəti ilə möcüzəvi şəkildə xəstələri sağaldırdı (Mətta 14:14). Bir dəfə cüzamlı bir kişi İsaya yaxınlaşıb deyir: «Əgər istəsən, məni təmizləyə bilərsən». Bu kişinin necə əzab çəkdiyini görəndə İsanın ona yazığı gəldi və ona kömək etmək istədi. Buna görə də əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən». O andaca cüzam keçdi, həmin adam təmizləndi! (Mark 1:40—42). Təsəvvür edə bilərsiniz, o insan hansı hissləri keçirmişdi?!

İSA HƏMİŞƏ ALLAHA SADİQ OLUB

20, 21. Allaha sadiq qalmaq istəyən insanlar üçün İsa hansı nümunəni qoyub?

20 Allaha sadiq qalmaq istəyən insanlar üçün İsa ən  gözəl nümunədir. Həyatında hər nə baş versə də, düşmənləri ona hər necə zülm etsələr də, o, həmişə Atasına sadiq qalıb. Məsələn, Şeytan onu imtahana çəkəndə İsa günaha batmadı (Mətta 4:1—11). İsanın ailə üzvlərindən bəziləri onun Məsih olduğuna inanmırdılar və deyirdilər ki, o, ağlını itirib. Buna baxmayaraq, İsa Allahın tapşırdığı işi görməyə davam edirdi (Mark 3:21). Düşmənləri ona pislik edəndə, əzab verəndə Allaha sadiq qalırdı, onlardan əvəz çıxmırdı (1 Butrus 2:21—23).

21 İsa işgəncə çəkib öləndə belə, Allaha sadiq qaldı. (Filippililərə 2:8 ayəsini oxuyun.) Ölən günü İsanın nələr yaşadığını təsəvvür edin. Onu həbs edirlər, yalançı şahidlər üzünə durub Allaha küfr etdiyini  iddia edirlər, camaat onu lağa qoyur, əsgərlər işgəncə verib dirəyə mıxlayır. Sonda İsa: «Tamam oldu!» — deyib canını tapşırır (Yəhya 19:30). Ölümündən üç gün sonra Yehova Allah İsanı dirildib ona ruhani bədən verir (1 Butrus 3:18). Bir neçə həftədən sonra Allah İsanı Öz dərgahına qaldırır. O, Allahın sağında əyləşib onu Padşah təyin edəcəyi vaxtı gözləyir (İbranilərə 10:12, 13).

22. İsanın Allaha sadiq qalmağı qarşımızda hansı imkanı açıb?

22 İsa Məsih Allaha sadiq qalmaqla insanların qarşısında Yehovanın vəd etdiyi cənnətdə əbədi yaşamaq imkanı açıb. Növbəti fəsildə İsanın ölümünün əbədi həyata necə yol açdığı barədə danışılır.

^ abz. 11 Təbii ki, Allah nə doğmayıb, nə doğulmayıb. Allah ruhdur, Onun hansısa qadınla münasibətdə olması, insanlar kimi dünyaya övlad gətirməsi ağlasığmazdır. «Oğul», «ata», «qardaş» və sairə sözlər hərdən məcazi mənada işlənir. Məsələn, yaşlı insanlar cavanlara «balam», «oğlum», «qızım» deyə müraciət edirlər. Təbii ki, bu onların qan qohumu olduqlarını göstərmir. Yaxud da belə bir söz işlədirik: «el oğlu». Bu o demək deyil ki, «el» dünyaya övlad gətirib. Müqəddəs Kitabda Yehova Allah Yaradan olduğu üçün Ata adlanır (Əşiya 64:8). İsanı da Allah yaratdığı üçün o, Allahın Oğlu adlanır. Eyni səbəbdən irəli gələrək mələklər də, hətta Adəm də Allahın oğlu adlanır (Əyyub 1:6; Luka 3:38).