Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 9

Dünyanın sonu

Dünyanın sonu

1. Gələcək barədə haradan məlumat almaq olar?

OLA bilsin, nə vaxtsa xəbərlərə baxanda sizin də ağlınızdan belə bir fikir keçib: «Deyəsən, dünyanın axırıdır». Dünyada o qədər fəlakət və zorakılıq baş verir ki, insanlar dünyanın sonunun gəldiyini düşünür. Doğrudanmı, dünyanın sonudur? Görəsən, qarşıda bizi nə gözləyir? Təbii ki, gələcəyi yalnız Allah bilir. O, Müqəddəs Kitabda həm bizim, həm də dünyanın gələcəyi barədə xəbər verir (Əşiya 46:10; Yaqub 4:14).

2, 3. İsa Məsihin şagirdləri nəyi bilmək istəyirdilər və İsa onlara nə cavab verdi?

2 Müqəddəs Kitabın nöqteyi-nəzərincə, «dünyanın sonu» anlayışı Yer kürəsinin yox, şər insanların sonunu bildirir. Bəli, Yer kürəsi dağılmayacaq. İsa Məsih təbliğ edirdi ki, bir gün yer üzünü Allahın Padşahlığı idarə edəcək (Luka 4:43). Onun şagirdləri bunun vaxtını bilmək istəyirdilər, buna görə də bir dəfə İsadan soruşdular: «Bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3). Məsih onlara dəqiq tarix demədi, ancaq dünyanın sonuna əlamət olacaq hadisələrdən bəhs etdi. İsanın dediyi hadisələr hal-hazırda baş verir.

3 Biz məhz həmin dövrdə yaşayırıq, dünyanın sonuna lap az qalıb. Gəlin bunu sübut edən dəlilləri nəzərdən keçirək. Əvvəlcə gəlin göydə baş vermiş müharibə barədə öyrənək və görək dünya nəyə görə bu qədər bərbad vəziyyətdədir.

 GÖYDƏ BAŞ VERMİŞ MÜHARİBƏ

4, 5. a) İsa göydə padşah olan kimi hansı hadisə baş verdi? b) Vəhy 12:12 ayəsinə əsasən, Şeytan göydən atılandan sonra yerdə nə baş verməli idi?

4 Səkkizinci fəsildən öyrəndik ki, Məsih 1914-cü ildə göydə padşah oldu (Dənyal 7:13, 14). «Vəhy» kitabında bu hadisə ilə bağlı yazılıb: «Göydə müharibə oldu. Mikayıl [yəni İsa] öz mələkləri ilə əjdahaya [yəni Şeytana] qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu» *. Şeytan və onun cinləri bu müharibədə məğlub olub göydən yer üzünə atıldılar. Təsəvvür edin, göydə mələklər necə sevinirdi! Bəs yerdəki insanların başına nələr gəldi? Müqəddəs Kitabda yazılmışdı ki, bu hadisənin nəticəsində bəşəriyyət çox acınacaqlı günlər yaşayacaq. Nəyə görə? Çünki «vaxtının az olduğunu» bilən İblis çox qəzəblidir (Vəhy 12:7, 9, 12).

5 İblis əlindən gəldiyi qədər dünyanı bir-birinə vurur. O, qəzəbdən alovlanır, çünki vaxtına az qalıb, bir azdan Allah onun hakimiyyətinə son qoyacaq. İndi isə gəlin görək İsa nə demişdi, dünyanın sonuna yaxın, yəni axırzamanda hansı hadisələr baş verməli idi? (23-cü əlavəyə baxın.)

AXIRZAMAN ƏLAMƏTLƏRİ

6, 7. İsa Məsihin müharibə və qıtlıq haqqında dedikləri necə yerinə yetir?

6 Müharibələr. Məsih demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:7). Zəmanəmizdə baş verən müharibələrdə bəşər tarixinin heç bir  dövrü ilə müqayisəyə gəlməyən dərəcədə insan həlak olur. Dünya hadisələrini araşdıran bir təşkilatın hesabatına əsasən, 1914-cü ildən bu yana baş verən müharibələrdə 100 milyondan artıq insan həyatını itirib. 100 il ərzində (1900—2000-ci illər) müharibələrdə ölənlərin sayı eramızın əvvəlindən 1900-cu ilə qədər ölənlərin sayından üç dəfə çoxdur (Worldwatch Institute). Təsəvvür edirsiniz, bu müharibələrdə milyonlarla insan hansı iztirablardan, əzablardan keçməli olub?!

7 Qıtlıq. İsa demişdi: «Qıtlıq... olacaq» (Mətta 24:7). Dünyada əvvəlki dövrlərə nisbətən daha çox ərzaq istehsal olunsa da, çox sayda insan hələ də qarındolusu yemək yemir. Səbəb isə odur ki, insanların ya yemək almağa, ya da məhsul becərmək üçün torpaq almağa pulu çatmır. Bir milyarddan artıq insan gündə bir dollardan az məbləğə dolanmağa məcburdur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər il milyonlarla uşaq, əsas etibarilə, qida çatışmazlığından ölür.

8, 9. İsa Məsihin zəlzələlər və xəstəliklər barədə dediyi peyğəmbərliyin yerinə yetdiyini nə sübut edir?

 8 Zəlzələlər. İsa Məsih demişdi ki, «zəlzələlər olacaq» (Luka 21:11). Hər il dünyada çoxlu sayda güclü zəlzələlərin olacağı gözlənilir. 1900-cu ildən etibarən zəlzələ nəticəsində iki milyondan artıq insan həyatını itirib. Texnologiyanın inkişaf etməsi sayəsində zəlzələni qabaqcadan müəyyən etmək mümkün olsa da, zəlzələ nəticəsində çoxlu sayda insan tələf olur.

9 Xəstəliklər. İsa Məsih axırzamanda xəstəliklərin olacağını demişdi. Ölümcül xəstəliklər ildırım sürəti ilə yayılaraq saysız-hesabsız insanın həyatına son qoyur (Luka 21:11). Tibb sahəsində nə qədər irəliləyiş olsa da, hələ də müalicəsi tapılmayan çoxlu xəstəlik var. Bir məlumata əsasən, hər il milyonlarla insan vərəm, vəba, malyariya kimi xəstəliklərdən ölür. Hələ bu azmış kimi, son 40 il ərzində tibb işçiləri 30-dan artıq yeni xəstəlik aşkar edib və bu xəstəliklərin çoxunun müalicəsi yoxdur.

 AXIRZAMANDA İNSANLAR NECƏ OLACAQ?

10. 2 Timutiyə 3:1—5 ayələrindəki sözlər bizim dövrümüzdə necə yerinə yetir?

10 Müqəddəs Kitabda deyilir: «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək» (2 Timutiyə 3:1—5). Həvari Bulus axırzamanda insanlara hansı xüsusiyyətlərin xas olacağını demişdi. Onun yazdıqlarına əsasən, əksər insanlar bu cür olacaq:

  • xudbin

  • pulpərəst

  • valideynlərinə itaət etməyən

  • vəfasız

  • doğmalarını sevməyən

  • özünə hakim olmayan

  • zalım

  • Allahdan çox eyş-işrəti sevən

  • özlərini mömin göstərib, əslində isə, Allahın yolu ilə getməyən

11. Zəbur 92:7 ayəsinə əsasən, pis insanların axırı necə olacaq?

11 Bəs siz yaşadığınız ərazidə bu cür insanlara rast gəlirsiniz? Əslində, bütün dünya bu vəziyyətdədir. Lakin bu, çox çəkməyəcək, Allah tezliklə bir çarə qılacaq. Zəbur 92:7 ayəsində onların aqibəti barədə yazılıb: «Pislərin alaq otu kimi bitməsi, bədəməllərin çiçəklənməsi onları əbədilik məhvə aparır».

AXIRZAMANDA MÜJDƏ TƏBLİĞ OLUNUR

12, 13. Axırzamanda Yehova bizə hansı bilikləri açıb?

12 Müqəddəs Kitabda deyildiyi kimi, axırzamanda dünya əzab-əziyyətlə dolu olacaq. Ancaq orada yazılanlara əsasən, ürəkaçan şeylər də olacaq.

«Padşahlıq haqqındakı bu müjdə... bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14)

 13 Müqəddəs Kitab biliyi açılır. Dənyal peyğəmbər axırzamanla bağlı yazmışdı: «Həqiqi elm çoxalacaq» (Dənyal 12:4). Bu sözlərə əsasən, axırzamanda Allah Öz xalqına Müqəddəs Kitabı əvvəlki dövrlərlə müqayisədə daha aydın anlamaq üçün hikmət verəcəkdi. Yehova Allah bu hikməti xüsusilə 1914-cü ildən başlayaraq verir. Məsələn, biz Allahın adını çəkməyin nə qədər vacib olduğunu, Onun yer üzü ilə bağlı niyyətini, bizi xilas etmək üçün fidyə verdiyini, öləndən sonra insanın hansı vəziyyətdə olduğunu və ölülərin diriləcəyini öyrənmişik. Öyrənmişik ki, bütün problemlərimizi yalnız Allahın Padşahlığı həll edəcək. Həmçinin Allah bizə xoşbəxt olmağın sirrini açıb, Onu razı salmaq üçün nə etməli olduğumuzu öyrədib. Bəs Allahın xalqı aldığı bu elmdən necə istifadə edir? Bu suala başqa bir ayə cavab verir. (2024-cü əlavələrə baxın.)

14. Padşahlıq haqqında müjdə hansı miqyasda təbliğ olunur və bu müjdəni kimlər təbliğ edir?

14 Dünya miqyasında aparılan təbliğ işi. Axırzaman haqqında danışarkən İsa Məsih demişdi: «Padşahlıq haqqındakı bu müjdə... bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:3, 14). Padşahlıq haqqında müjdə 230-dan artıq ölkə və ərazidə 700-dən çox dildə təbliğ olunur. Bəli, hər xalqdan olan Yehovanın Şahidləri bütün dünyada insanlara Padşahlıq haqqında və onun insanlar üçün görəcəyi işlər barədə bilik verirlər (Vəhy 7:9). Onlar bunu pulsuz-təmənnasız edirlər. İsa Məsihin dediyi kimi, çoxları onları sevməsə də, təqib etsə də, təbliğ işi sürətlə irəli gedir, heç nə onun qarşısını ala bilmir (Luka 21:17).

 SİZİN SEÇİMİNİZ

15. a) Yaşadığımız dövrün axırzaman olduğuna inanırsınız? Nəyə görə? b) Yehovaya tabe olanların və Ona itaət etməyənlərin aqibəti necə olacaq?

15 Yaşadığımız dövrün axırzaman olduğuna inanırsınız? Müqəddəs Kitabın axırzamanla bağlı bir çox peyğəmbərlikləri hazırda yerinə yetir. Tezliklə Yehova Allah müjdənin təbliğini dayandıracaq və «son o vaxt gələcək» (Mətta 24:14). Son dedikdə Armageddon nəzərdə tutulur. Armageddonda Allah pisliyin kökünü kəsəcək. Yehova İsa Məsihi və onun tabeliyində olan qüdrətli mələkləri göndərib Ona və Oğluna tabe olmayan hər bir kəsi məhv edəcək (2 Salonikililərə 1:6—9). Armageddondan sonra Şeytan və onun cinləri artıq insanları haqq yolundan azdıra bilməyəcək. Allahın tərəfini tutan və Onun Padşahlığına tabe olan bütün insanlar Allahın vədlərinin yerinə yetdiyini öz gözləri ilə görəcəklər (Vəhy 20:1—3; 21:3—5).

16. Son lap yaxın olduğu üçün siz nə etməlisiniz?

16 Tezliklə Şeytanın ağalıq etdiyi bu dünyanın sonu gələcək. Odur ki hər kəs özünə sual verməlidir: «Bəs mən nə etməliyəm?» Yehova Allah istəyir ki, siz Müqəddəs Kitabdan mümkün qədər çox bilik alasınız. Buna görə də Müqəddəs Kitab dərslərinə ciddi yanaşmaq vacibdir (Yəhya 17:3). Yehovanın Şahidləri insanlara Müqəddəs Kitabı daha yaxşı başa düşməyə kömək etmək üçün hər həftə ibadət görüşləri keçirir. Çalışın, bu görüşlərdə müntəzəm iştirak edəsiniz. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Həyatınızda hər hansı dəyişiklik etmək  tələb olunarsa, bunu etməyə qorxmayın. Bunun sayəsində Yehova Allahla dostluğunuz möhkəmlənəcək (Yaqub 4:8).

17. Nəyə görə son gələndə çox insanlar çaşqınlıqda olacaq?

17 Həvari Bulusun yazdıqlarına əsasən, şər insanların sonu «gecə gələn oğru kimi» qəflətən gələcək (1 Salonikililərə 5:2). İsa Məsihin dediyi kimi, bu gün əksər insanlar axırzamanda yaşadığımızı təsdiq edən sübutları danır. O demişdi: «Nuhun vaxtında necə idisə, insan Oğlunun hüzuru zamanı da [yaxud axırzamanda da] elə olacaq. O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi. Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular» (Mətta 24:37—39).

18. İsa Məsih hansı nəsihəti vermişdi?

18 İsa Məsih nəsihət etmişdi: «Ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin». Yəni biz yol verməməliyik ki, başımız bu şeylərə qarışsın. İsa Məsih demişdi ki, son «tor kimi qəflətən» gələcək. Həmçinin o vurğulamışdı: «O gün yer üzündə yaşayan hər kəsin üstünə gələcək». Sonra əlavə etmişdi: «Buna görə də oyaq durun və hər zaman Allaha yalvarın ki, baş verəcək bu hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz» (Luka 21:34—36). Nəyə görə İsa Məsihin bu nəsihətinə ciddi yanaşmalıyıq? Çünki Şeytanın zalım dünyasının sonuna çox az qalıb. Yalnız Yehova Allahın və İsa Məsihin razılığını qazanan insanlar o müdhiş gündən sağ çıxacaqlar və cənnətdə əbədi yaşayacaqlar (Yəhya 3:16; 2 Butrus 3:13).

^ abz. 4 Mikayıl İsa Məsihin digər adıdır. Əlavə məlumat üçün 22-ci əlavəyə baxın.