Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 19

Allaha yaxın olun

Allaha yaxın olun

1, 2. Bu zəmanədə hara sığınmaq olar?

TƏSƏVVÜR edin ki, tutqun havada küçə ilə gedirsiniz. Get-gedə göyün üzünü qara buludlar alır, şimşək çaxır, göy guruldayır. Göydən leysan yağış tökməyə başlayır. Siz bu tufandan gizlənmək üçün ora-bura vurnuxub daldalanacaq axtarırsınız. Nəhayət, tapanda rahat nəfəs alırsınız.

2 Bu gün dünyadakı vəziyyəti bu cür tufanlı havaya bənzətmək olar. Vəziyyət get-gedə daha da pisləşir. Bəs bu tufandan qurtulmaq üçün hara sığınmaq olar? Zəbur kitabını yazanlardan biri demişdi: «Yehovaya deyərəm: “Pənahgahım, istehkamım, Allahım Sənsən, Sənə güvənirəm”» (Zəbur 91:2). Bəli, Yehova Allah bizə bu bəlalı, ağrılı dünyada dayaq ola bilər. Bundan başqa Onun bizə bəxş etdiyi cənnət ümidi də ürəyimizə təpər verir.

3. Yehova Allahdan kömək almaq üçün nə etməliyik?

3 Bəs Yehova bizi necə qoruyur? O, bizə istənilən problemin öhdəsindən gəlməyə kömək edə bilər. Allah bizə xələl vurmaq istəyən hər kəsdən qat-qat güclüdür. Hətta başımıza bəla gəlsə də, əmin ola bilərik ki, Yehova Allah çəkdiyimiz bütün ağrı-acını gələcəkdə bizə unutduracaq. Həyatımızın keşməkeşli anlarında Yehova Allahdan kömək almaq üçün Ona yaxın olmalıyıq. Müqəddəs Kitab bizi təşviq edir: «Allahın məhəbbətindən ayrılmayın» (Yəhuda 21).

ALLAHIN MƏHƏBBƏTİNƏ QARŞILIQ VERİN

4, 5. Yehova Allahın bizi sevdiyi nədən görünür?

4 Yehova Allaha yaxın olmaq üçün Onun bizi nə qədər  çox sevdiyini unutmamalıyıq. Görün Allah bizim üçün nələr edib. Bu gözəl Yer kürəsini yaradıb, zəngin bitki və heyvanat aləmini xəlq edib. Bizə dadlı naz-nemətlər, təmiz su bəxş edib. Müqəddəs Kitab vasitəsilə bizə Öz adını və gözəl keyfiyyətlərini açıb. Ən vacibi isə, sevimli Oğlu İsa Məsihi yer üzünə göndərib ki, həyatını uğrumuzda qurban versin (Yəhya 3:16). Bu qurbanlığın sayəsində biz gələcəyə ümidlə baxırıq.

5 Yehova Allah tezliklə bəşəriyyəti ağ günə çıxaracaq bir padşahlıq, səmavi hökumət qurub. Bu Padşahlıq yer üzünü cənnətə çevirəcək, bu cənnətin sakinləri şad-xürrəm əbədi ömür sürəcək (Zəbur 37:29). İlahi məhəbbətin bir təzahürü də ondadır ki, Allah bizə xoşbəxt həyat sürməyi öyrədir. Həmçinin O, bizi Ona dua etməyə dəvət edir və söz verir ki, dualarımızı həmişə eşidəcək. Məgər bütün bunlar Allahın hər bir bəndəsinə bəslədiyi sonsuz məhəbbətin sübutu deyil?

6. Allahın məhəbbətinə necə qarşılıq verə bilərik?

6 Bəs biz Allahın məhəbbətinə necə qarşılıq verə bilərik? İlk növbədə, bizim üçün etdiyi yaxşılıqlara görə Ona şükür etməliyik. Amma təəssüf ki, dünyada naşükür insanlar çoxdur. İsa Məsih yer üzündə yaşayanda da bu cür insanlar az deyildi. Bir dəfə Məsih on nəfər cüzamlıya şəfa vermişdi, amma onlardan yalnız bir nəfər qayıdıb çox sağ ol demişdi (Luka 17:12—17). Gəlin həmin adamdan nümunə götürərək həmişə Yehova Allaha şükür edək.

7. Yehova Allahı nə dərəcədə sevməliyik?

7 Həmçinin Allahın məhəbbətinə qarşılıq olaraq biz də Onu sevməliyik. İsa Məsih demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev». (Mətta 22:37 ayəsini oxuyun.) Bu nə deməkdir?

8, 9. Yehova Allahı sevdiyimizi necə göstərə bilərik?

 8 Sadəcə dildə: «Mən Allahı sevirəm, Allaha qurban olum», — demək kifayət deyil. Allahı bütün qəlbimizlə, varlığımızla və ağlımızla sevdiyimiz əməldə görünməlidir (Mətta 7:16—20). Müqəddəs Kitabda yazılıb ki, Allahını sevən bəndə Onun əmrlərinə tabe olmalıdır, Allahın «əmrləri isə ağır deyil». (1 Yəhya 5:3 ayəsini oxuyun.)

9 İnsan Yehova Allaha tabe olanda xoşbəxt və mənalı həyat sürür (Əşiya 48:17, 18). İndi isə gəlin görək, Allahla dostluğumuzu qoruyub saxlamağa bizə nə kömək edə bilər.

ALLAHLA DOSTLUĞUNUZU MÖHKƏMLƏNDİRİN

10. Nəyə görə Allah haqqında daim bilik almaq lazımdır?

10 Yadınızdadır, Yehova Allahla dostluğunuz necə başlayıb? Siz Müqəddəs Kitabı öyrənməyin sayəsində Onu yaxından tanıdınız və aranızda dostluq münasibəti yaranmağa başladı. Bu dostluğu ocağa bənzətmək olar; onun sönməyini istəmirsinizsə, ora daim odun atmaq lazımdır. Yəni Yehova Allahla dostluğunuzu qorumaq üçün Onun haqqında bilik almağa davam etməlisiniz (Məsəllər 2:1—5).

Yehova Allahla dostluq ocağa bənzəyir, sönməyini istəmiriksə, bu ocağa daim odun atmalıyıq

11. Müqəddəs Kitabdan öyrəndikləriniz sizə necə təsir edəcək?

11 Müqəddəs Kitabı daha dərindən araşdırdıqca öyrəndikləriniz ürəyinizi riqqətə gətirəcək. İsa Məsih iki şagirdinə Müqəddəs Kitabdakı peyğəmbərlikləri izah edəndə onlar da eyni hissləri keçirmişdilər. Onlar hisslərini belə ifadə etmişdilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:32).

12, 13. a) Allaha bəslədiyimiz sevgi ilə nə baş verə bilər? b) Allaha duyduğumuz məhəbbətin sönməməsi üçün nə etməliyik?

12 Müqəddəs Kitabı təzə-təzə öyrənib başa düşməyə  başlayanda çox ehtimal ki, sizin də ürəyiniz sevincdən cuşa gəlmişdi. Ürəyinizdə Yehovaya qarşı sevgi, Onu daha yaxından tanımaq istəyi oyanmışdı. Bu sevginin soyumaması üçün onu qorumaq lazımdır (Mətta 24:12).

13 Bəli, Allahla dostluq böyük şərəfdir, amma bu dostluğu qorumaq üçün insan var gücü ilə çalışmalıdır. Yehova Allah və İsa Məsih haqqında öyrənməyə davam edin. Öyrəndiklərinizi mənimsəyib onları həyatınızda necə tətbiq edə biləcəyiniz üzərində düşünün (Yəhya 17:3). Hər dəfə Müqəddəs Kitabı mütaliə edəndə özünüzə sual verin: «Oxuduqlarım mənə Yehova Allah haqqında nə öyrədir? Nəyə görə Onu bütün qəlbimlə, bütün varlığımla sevməliyəm?» (1 Timutiyə 4:15).

14. Allaha məhəbbətlə dua bir-biri ilə necə bağlıdır?

14 Yaxın dostlar bir-birinə vaxt ayırır, tez-tez söhbət  edirlər, bunun sayəsində onların dostluq telləri möhkəm qalır. Biz də hər gün Yehova Allaha dua edəndə Ona sevgimiz alovlanır. (1 Salonikililərə 5:17 ayəsini oxuyun.) Dua səmavi Atamızın bizə bəxş etdiyi gözəl ənamdır. Dua səmimi olmalıdır (Zəbur 62:8). Dualarımız ürəyimizin dərinliyindən gəlməlidir, əzbərlənmiş sözlərdən ibarət olmamalıdır. Bəli, əgər Müqəddəs Kitabın mütaliəsi ilə məşğul olsaq və dualarımız səmimi olsa, Allaha bəslədiyimiz məhəbbətin alovu heç vaxt sönməyəcək.

İNSANLARA YEHOVA ALLAH HAQQINDA DANIŞIN

15, 16. Sizin üçün təbliğ işi nə dərəcədə əhəmiyyətlidir?

15 Yehova Allahla yaxın münasibəti qoruyub saxlamaq istəyiriksə, başqalarına Onun haqqında danışmalıyıq. İnsanlara Yehova Allahı tanıtmaq böyük şərəfdir (Luka 1:74). Bundan əlavə, bu, İsa Məsihin bütün davamçılarının üzərinə qoyduğu məsuliyyətdir. Hər birimiz Allahın Padşahlığı barədə müjdəni təbliğ etməliyik. Bəs siz bu işdə iştirak edirsiniz? (Mətta 24:14; 28:19, 20).

16 Həvari Bulus təbliğ işinə böyük dəyər verirdi, onu «xəzinə» adlandırırdı (2 Korinflilərə 4:7). Bu gün insanlara Yehova Allah və Onun niyyəti haqqında danışmaq qədər vacib iş yoxdur. Bu, ibadətimizin ayrılmaz hissəsidir. Sizin bu işdə çəkdiyiniz zəhmət Allah üçün çox dəyərlidir (İbranilərə 6:10). Xoş xəbəri müjdələmək böyük savabdır: bununla siz həm özünüzə, həm də insanlara Allaha yaxınlaşmağa və əbədi həyatı almağa kömək etmiş olursunuz. (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) Doğrudan da, başqa heç bir iş insana bu qədər məmnunluq gətirə bilməz!

17. Nəyə görə təbliğ təxirəsalınmaz işdir?

 17 Təbliğ işi təxirəsalınmaz işdir. Müqəddəs Kitab bizi Allahın sözünü təbliğ etməyə və bu işi yubanmadan görməyə təşviq edir (2 Timutiyə 4:2). Allahın Padşahlığı haqda müjdəni insanlara çatdırmaq çox vacibdir, çünki «Yehovanın möhtəşəm günü yaxındır. O gün yaxındır və böyük sürətlə gəlir», o «gecikməyəcək»! (Səfənya 1:14; Həbquq 2:3). Çox tezliklə Yehova Allah Şeytanın şər, zalım dünyasını məhv edəcək. Hələ ki vaxt var, biz bu xəbəri insanlara çatdırmalıyıq ki, onlar da Yehova Allahın tərəfini tutub o günə hazır ola bilsinlər.

18. Nəyə görə Yehova Allaha Onun xidmətçiləri ilə birgə ibadət etməliyik?

18 Yehova Allahın iradəsi budur ki, biz Onun xidmətçiləri ilə birgə Ona ibadət edək. Müqəddəs Kitabda deyilir: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İbranilərə 10:24, 25). Hər birimiz əlimizdən gələni etməliyik ki, ibadət görüşlərini buraxmayaq. İbadət görüşləri bir-birimizi ruhlandırmaq üçün imkan yaradır.

19. Məsihi bacı-qardaşlarımızı sevməyə bizə nə kömək edə bilər?

19 İbadət görüşlərində sizi Yehova Allaha xidmət etməyə kömək edən gözəl dostlar tapacaqsınız. Sizin kimi Yehova Allaha ürəkdən ibadət edən müxtəlif bacı-qardaşlarla tanış olacaqsınız. Nəzərə alın ki, onlar da qeyri-kamil insanlardır, səhvlərə yol verirlər. Odur ki, onların səhvini görəndə bağışlamağa hazır olun. (Koloslulara 3:13 ayəsini oxuyun.) Çalışın, həmişə bu bacı-qardaşların müsbət cəhətlərinə fikir verəsiniz. Bu,  sizə onları sevməyə və Yehovaya daha da yaxın olmağa kömək edəcək.

ƏSİL HƏYAT

20, 21. «Əsil həyat» nədir?

20 Yehova Allah bütün dostlarının xoşbəxt olmasını, gözəl yaşamasını istəyir. Müqəddəs Kitabda yazılıb ki, gələcəkdə həyatımız tamamilə fərqli olacaq.

Allah sizin əsil həyatı yaşamağınızı istəyir. Bu neməti əldən verməyin!

21 Biz 70—80 il yox, əbədi yaşayacağıq. Allahın quracağı gözəl cənnətdə tam sağlam, qorxusuz-ürküsüz yaşayacaq, səadət içində ömür sürəcəyik. Müqəddəs Kitabda bu cür həyat «əsil həyat» adlanır. Yehova bizə bu həyatı vəd edir, amma biz də öz tərəfimizdən nə isə etməliyik — bu həyatdan bərk-bərk yapışmalıyıq (1 Timutiyə 6:12, 19).

22. a) «Əsil həyatdan bərk-bərk yapışmaq» nə deməkdir? b) Əbədi həyatı qazanmaq mümkündür?

22 «Əsil həyatdan bərk-bərk yapışmaq» nə deməkdir? Biz yaxşılıq etməli və xeyirli işlərlə zəngin olmalıyıq (1 Timutiyə 6:18). Başqa sözlə, Müqəddəs Kitabdan öyrəndiklərimizə əməl etməliyik. Lakin nəzərə almalıyıq ki, əbədi həyat Allahın hədiyyəsidir, Onun bizə lütfüdür. Biz nə etsək də, bu həyatı qazana bilmərik (Romalılara 5:15). Əmin olun, səmavi Atamız sadiq xidmətçilərinə bu hədiyyəni verməyi çox arzulayır.

23. Nəyə görə bu gün doğru seçim etmək vacibdir?

23 Özünüzdən soruşun: «Mən Allaha necə ibadət edirəm? O, mənim ibadətimdən razıdır?» Görsəniz ki, həyatınızda nəyi isə dəyişməlisiniz, bunu yubanmadan edin. Yehova Allahın sizin sığınacaq yeriniz olmasını istəyirsinizsə, Ona etibar edin və tabe olun. İndi Şeytan dünyası son günlərini yaşayır. Yehova Allah bu müddət ərzində Öz vəfalı xalqını qoruyacaq və söz  verdiyi kimi, onlara əbədi cənnət həyatı bəxş edəcək. Bu gün doğru seçim etsəniz, əsil həyat sizə də nəsib olacaq!