Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 12

Allahla dost olun

Allahla dost olun

1, 2. Allahın dostlarından bir neçəsinin adını çəkin.

NECƏ insanla dost olmaq istəyərdiniz? Yəqin, ürəyinizcə olan, sizi başa düşən, xeyirxah, xoşxasiyyət bir insanla.

2 Qədimdə Yehova Allah bəzi insanları Özünə dost seçmişdi. Məsələn, Allah-Taalanın dostlarından biri İbrahim peyğəmbər olmuşdu (Əşiya 41:8; Yaqub 2:23). Allah Davud peyğəmbəri də çox sevirdi. Yehova onun haqqında demişdi: «O, Mənim ürəyimcədir» (Həvarilərin işləri 13:22). Dənyal peyğəmbər haqqında isə deyilir ki, o, Yehovanın çox istəkli bəndəsi idi (Dənyal 9:23).

3. İbrahim, Davud və Dənyal peyğəmbər nəyin sayəsində Allahın dostu olmuşdular?

3 İbrahim, Davud və Dənyal peyğəmbər nəyin sayəsində Allahın dostluğunu qazanmışdılar? Yehova Allah İbrahim peyğəmbərə demişdi: «Sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18). Bu sözlərdən göründüyü kimi, Allah Ona itaət edən insanlarla dostluq edir; O, hətta bütöv bir xalqı Özünə dost seçə bilər. Yehova İsrail xalqına demişdi: «Mənə itaət edin, onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım» (Ərəmya 7:23). Odur ki Allahın dostu olmaq istəyən insan Ona itaət etməlidir.

YEHOVA ALLAH ÖZ DOSTLARINI HİFZ EDİR

4, 5. Yehova Allah Öz dostlarını necə hifz edir?

4 Müqəddəs Kitabda deyildiyi kimi, Yehova Allah «bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Salnamələr 16:9). Zəbur 32:8 ayəsində Yehova Öz dostlarına söz verir:  «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm, sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq».

5 Allaha düşmən kəsilən Şeytan bizim Allahla dost olmağımızı istəmir, buna əngəl olmağa çalışır. Amma Yehova Allah bizi tək qoymayıb. (Zəbur 55:22 ayəsini oxuyun.) Bir dost kimi, biz Yehova Allaha sidqi-ürəkdən ibadət edirik. Hətta ən çətin anlarımızda belə, Ona sədaqətimizi qoruyub saxlayırıq. Biz bir məzmurçunun Yehova haqqında dediyi sözlərə şərikik, biz də onun kimi əminik: «Yehova... sağımda durub, əsla sarsılmaram!» (Zəbur 16:8; 63:8). Bəs Şeytan bizim Allahla dostluğumuza necə mane olmağa çalışır?

ŞEYTANIN BÖHTANI

6. Şeytan insanlarla bağlı nəyi iddia etmişdi?

6 On birinci fəsildən öyrəndiyimiz kimi, Şeytan Yehova Allaha meydan oxudu. Onu yalançılıqda ittiham etdi və iddia etdi ki, Adəmlə Həvvaya nəyin yaxşı, nəyin pis olduğuna dair qərar çıxarmaq ixtiyarını verməməklə Allah ədalətsizlik edib. Müqəddəs Yazıların «Əyyub» kitabına əsasən, Şeytan Allahla dost olmaq istəyən insanlara da şər atır. Şeytanın dediyinə görə, insanlar Allahı sevdikləri üçün yox, nə isə umduqları üçün Ona ibadət edirlər. O hətta iddia edir ki, istəsə hər kəsi Allahdan uzaqlaşdıra bilər. Gəlin görək Əyyub peyğəmbərin hadisəsindən nə öyrənmək olar və Yehova Allah bizi necə müdafiə edir.

7, 8. a) Yehova Allah Əyyub peyğəmbər barədə nə fikirdə idi? b) Şeytan Əyyub peyğəmbərlə bağlı nəyi iddia edirdi?

7 Təxminən 3600 il bundan əvvəl yaşamış Əyyub peyğəmbər əməlisaleh insan olub. Yehova Allah demişdi ki, həmin dövrdə yer üzündə onun kimi insan yox idi. Əyyub peyğəmbər Allaha dərin ehtiram bəsləyirdi və  Allahın nifrət etdiyi şeylərə nifrət edirdi (Əyyub 1:8). Bəli, Əyyub, sözün əsil mənasında, Allahın dostu idi.

8 Şeytan deyirdi ki, guya Əyyub Allaha xudbin məqsədlə ibadət edir. O, Yehova Allaha demişdi: «Canını, evini, mal-mülkünü qoruyan Sən deyilsən? Əlinin zəhmətinə bərəkət vermisən, sürüləri hər yana yayılıb. Amma əlini uzadıb onun varına, yoxuna toxun, o, düz Sənin üzünə lənət edəcək» (Əyyub 1:10, 11).

9. Yehova Allah Şeytana nə etməyə izin verdi?

9 Şeytan Əyyub peyğəmbərə şər atdı, guya o, Allahdan nə isə umduğu üçün Ona qulluq edir. Şeytan həmçinin iddia edirdi ki, istəsə, Əyyub peyğəmbəri Allahdan uzaqlaşdıra bilər. Düzdür, Yehova Allah Şeytanın ittihamlarının yalan olduğuna əmin idi. Bununla belə, izin verdi ki, Şeytan Əyyub peyğəmbərin dostluğunu sınağa çəksin, görsün o, Allahı sevdiyi üçün Onunla dostdur, yoxsa başqa səbəbə görə.

ƏYYUB PEYĞƏMBƏRİN SINAĞI

10. Şeytan Əyyub peyğəmbəri necə sınağa çəkdi və o, sınaqdan necə çıxdı?

10 Şeytan Əyyub peyğəmbərin mal-qarasının yarısını talan etdi, yarısını məhv etdi, nökərlərini öldürdü. Beləcə, Əyyub varından, yoxundan oldu. Sonda isə Şeytan Əyyubun on övladını qətlə yetirdi. «Bütün bunların müqabilində Əyyubun dilindən ona günah qazandıran bir kəlmə söz çıxmadı». Bəli, o, Allahdan üz döndərmədi, Ona sadiq qaldı (Əyyub 1:12—19, 22).

Əyyub peyğəmbər vəfalı dost olduğu üçün Allah onun başından nemətlər tökdü

11. a) Şeytan Əyyub peyğəmbəri daha necə sınağa çəkdi? b) Əyyub bu sınaqdan necə çıxdı?

11 Amma Şeytan Əyyub peyğəmbərdən əl çəkmədi. O, Allaha meydan oxuyub dedi: «Əlini uzadıb onun ətinə, sümüyünə toxun, o, düz Sənin üzünə lənət edəcək». Bundan sonra Şeytan Əyyubun canına ağır xəstəlik saldı (Əyyub  2:5, 7). Amma Əyyub yenə də Allahdan üz döndərmədi. O belə dedi: «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyyub 27:5).

12. Əyyub peyğəmbər Şeytanın iddialarının yalan olduğunu necə sübut etdi?

12 Əyyub peyğəmbərin Şeytanın ittihamlarından və nəyə görə bu qədər əzab çəkdiyindən xəbəri yox idi. O elə zənn edirdi ki, başına gələn bəlalar Allahdandır (Əyyub 6:4; 16:11—14). Bununla belə, Əyyub Allaha sədaqətindən dönmədi. Artıq şübhə yeri qalmamışdı, Əyyub xudbin, mənfəət güdən insan deyildi. O, Allahı sevdiyi üçün Onunla dost idi. Şeytanın bütün iddiaları yalan idi!

13. Əyyub peyğəmbər Allaha sadiq qalmaqla nəyi sübut etdi?

13 Əyyub peyğəmbərin göydə baş verənlərdən, Şeytanın qaldırdığı məsələdən xəbəri olmasa da, o, Allaha sədaqətini qorudu və Şeytanın şər varlıq olduğunu sübut etdi. Yehova Allah Əyyub peyğəmbərin sədaqətini mükafatsız qoymadı (Əyyub 42:12—17).

ŞEYTAN BİZƏ DƏ BÖHTAN ATIR

14, 15. Şeytan bütün insanları nədə ittiham edir?

14 Əyyub peyğəmbərin başına gələnlərdən özümüzə nəticə çıxara bilərik. Bu gün Şeytan bizə də şər atır, guya biz də mənfəət güddüyümüz üçün Yehova Allaha ibadət edirik. Əyyub 2:4 ayəsinə əsasən, Şeytan bu iddianı irəli sürmüşdü: «İnsan canından ötrü hər şeyini verər». Bununla Şeytan təkcə Əyyubu yox, bütün insanları xudbinlikdə ittiham etmişdi. Əyyub peyğəmbərdən yüz illər sonra da Şeytan Yehova Allaha meydan oxuyur və Onun xidmətçilərini ittiham edirdi. Misal üçün, Məsəllər 27:11 ayəsində yazılıb: «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim».

15 Siz də Yehova Allaha itaət edib Ona vəfalı dost olsanız, Şeytanın yalançı olduğunu sübut etmiş olarsınız.  Allahın dostu olmaq üçün həyatınızda köklü dəyişiklik etmək lazım gəlsə belə, geri çəkilməyin, çünki bu, həyatda verəcəyiniz ən düzgün qərar olar! Bu, çox ciddi qərardır. Şeytan iddia edir ki, dara düşəndə siz də Allahdan üz döndərəcəksiniz. O əlindən gələni edir ki, insanın Allaha sədaqətini sındırsın. Gəlin görək o, bunu necə edir.

16. a) İnsanları Allaha ibadətdən uzaqlaşdırmaq üçün Şeytan hansı fəndlərə əl atır? b) İblis sizi Allahın yolundan necə uzaqlaşdıra bilər?

16 Allahla dost olmağımıza mane olmaq üçün Şeytan hər cür fəndə əl atır. O, «udmağa adam axtarır», «nərildəyən şir kimi» insanlara hücum edir (1 Butrus 5:8). Buna görə də dostlarınız, ailə üzvləriniz, tanışlarınız Müqəddəs Kitabı öyrənməyinizə qarşı çıxarsa, öyrəndiklərinizə əməl etməyə mane olmaq istəyərsə, təəccüblənməyin. Hətta bu zaman sizə elə gələ bilər ki, hamı sizə qarşıdır (Yəhya 15:19, 20) *. Şeytan həmçinin «nur mələyi cildinə girir». O, bizi tovlayaraq Yehova Allahın itaətindən çıxmağa təhrik edə bilər (2 Korinflilərə 11:14). Şeytan insanları Allaha ibadətdən uzaqlaşdırmaq üçün daha bir fəndə əl atır: onları inandırmağa çalışır ki, onlar Allaha ibadət etməyə layiq deyillər (Məsəllər 24:10).

ALLAHIN ƏMRLƏRİNƏ RİAYƏT EDƏK

17. Bizi Yehova Allaha itaət etməyə təşviq edən nədir?

17 Biz Yehovaya itaət edəndə Şeytanın yalançı olduğunu sübut etmiş oluruq. Bəs itaətkar olmağa bizə nə kömək edə bilər? Müqəddəs Kitabda deyilir: «Allahın Yehovanı  bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən» (Qanunun təkrarı 6:5). Bəli, bizi Yehova Allaha itaət etməyə təşviq edən məhz məhəbbətdir. Yehovaya məhəbbətimiz artdıqca, Onun bütün əmrlərinə əməl etmək istəyimiz də artacaq. Həvari Yəhya yazmışdı: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3).

18, 19. a) Yehova Allah hansı əməllərdən uzaq durmağı əmr edir? b) Haradan bilirik ki, Allah insandan gücü çatmayan şeyi tələb etmir?

18 Bəs Yehova Allah hansı əməllərdən uzaq durmağı əmr edir? Bu əməllərdən bir neçəsi « Allahın nifrət etdiyi əməllərə nifrət edək» adlı çərçivədə sadalanır. Sizə elə gələ bilər ki, bu əməllərdən bəziləri elə də zərərli deyil. Amma Müqəddəs Kitabdakı ayələri diqqətlə oxuyanda və üzərində dərindən düşünəndə Yehova Allahın qanunlarına tabe olmağın nəyə görə ağıllı hərəkət olduğunu görəcəksiniz. Ola bilsin, həyatınızda müəyyən dəyişikliklər etməli olduğunuzu  başa düşəcəksiniz. Amma hərdən bunu etmək elə də asan olmayacaq. Bu çətinliyi aşsanız, Yehova Allahla dost olmağın gətirdiyi xoşbəxtliyi və məmnunluğu duyacaqsınız (Əşiya 48:17, 18). Bəs necə əmin ola bilərik ki, bu dəyişiklikləri etmək mümkündür?

19 Yehova Allah heç vaxt insandan gücü çatmayan şeyi tələb etmir (Qanunun təkrarı 30:11—14). O, yaxın dost kimi bizi bizdən yaxşı tanıyır, bizim bütün zəif və güclü cəhətlərimizi bilir (Zəbur 103:14). Müqəddəs Kitabın bir ayəsi bizə ürək-dirək verir: «Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Korinflilərə 10:13). Əmin ola bilərik ki, doğru-düzgün davranmaq üçün Yehova Allah bizə həmişə kömək edəcək. Çətinliyə dözmək üçün bizə «insan gücündən üstün olan» gücü verəcək (2 Korinflilərə 4:7). Çətin anlarında Yehova Allahın köməyini, gücünü hiss edən həvari  Bulus demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

ALLAHIN SEVDİYİ ƏMƏLLƏRİ SEVƏK

20. Biz hansı xüsusiyyətləri əks etdirməliyik və nəyə görə?

20 Yehova Allahın dostu olmaq istəyiriksə, Onun bəyənmədiyi əməllərdən əl çəkmək azdır — Yaradan bizdən başqa şey də tələb edir (Romalılara 12:9). Allahın dostları həm də Onun sevdiyi şeyləri sevməlidir. Məsələn, Zəbur 15:1—5 ayələrində yazılanları. (Ayələri oxuyun.) Allahın dostları özlərində Ona xas xüsusiyyətlər yetişdirməlidirlər və «məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq» kimi xüsusiyyətlər əks etdirməlidirlər (Qalatiyalılara 5:22, 23).

21. Allaha xoş gedən xüsusiyyətləri əks etdirməkdə bizə nə kömək edə bilər?

21 Bu gözəl keyfiyyətləri əks etdirməkdə bizə nə kömək edər? Müqəddəs Kitabı müntəzəm oxumaqla və araşdırmaqla Yehova Allahın nələri sevdiyini öyrənə bilərik (Əşiya 30:20, 21). Bunun sayəsində Yehovaya məhəbbətimiz artacaq və bu məhəbbət Ona itaət etmək arzumuzu alovlandıracaq.

22. Yehova Allaha tabe olmaq hansı gözəl nəticəni gətirəcək?

22 İnsanın həyatında dəyişiklik etməsi Müqəddəs Kitabda köhnə paltarı çıxarıb təzə paltarı geyinməyə bənzədilir. Orada deyilir ki, «köhnə şəxsiyyəti... əyninizdən çıxarıb, yeni şəxsiyyəti geyinin» (Koloslulara 3:9, 10). Bunu etmək asan olmasa da, Yehova Allah söz verir ki, Ona tabe olub pis vərdişlərimizi tərgitsək, həyatımızda dəyişiklik etsək, bizi böyük mükafat gözləyir (Zəbur 19:11). Buna görə də gəlin Yehova Allaha tabe olaq, gəlin Şeytanın yalançı olduğunu sübut edək. Yehovaya mükafata görə yox, Onu ürəkdən, səmimi-qəlbdən sevdiyimizə görə xidmət edək. Bax onda Yehova ilə, sözün əsil mənasında, dost olacağıq!

^ abz. 16 Bu o demək deyil ki, sizin Müqəddəs Kitabı öyrənməyinizə qarşı çıxan bütün insanları Şeytan idarə edir. Amma Müqəddəs Kitabda yazılıb ki, Şeytan «bu dövrün allahı»dır və «bütün dünya... Şəririn əlindədir». Buna görə də insanlar bizi Yehova Allaha ibadətdən uzaqlaşdırmaq istəyəndə təəccüblənməməliyik (2 Korinflilərə 4:4; 1 Yəhya 5:19).