Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 14

Ailə səadəti

Ailə səadəti

1, 2. Yehova Allah ailəni necə görmək istəyir?

İLK ailənin təməlini Yehova Allah qoyub. Müqəddəs Kitabda yazılıb ki, Allah ilk qadını yaradıb Adəmin yanına gətirdi. Adəm o qədər xoşbəxt idi ki, hisslərini bu sözlərlə ifadə etdi: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri» (Yaradılış 2:22, 23). Buradan görürük ki, Yehova Allah ailələri xoşbəxt görmək istəyir.

2 Təəssüf ki, çoxumuz heç də xoşbəxt ailədə böyüməmişik. Amma Müqəddəs Kitabdakı prinsiplər ailənin hər bir üzvünə xoşbəxtliyə nail olmağa və ailədə mehriban ab-hava yaratmağa kömək edə bilər (Luka 11:28).

ALLAH ƏRLƏRƏ BUYURUR...

3, 4. a) Ər arvadı ilə necə rəftar etməlidir? b) Ailədə bir-birini bağışlamaq nəyə görə vacibdir?

3 Müqəddəs Kitabda deyilir ki, ərlər arvadlarını sevməli və onlara hörmət etməlidirlər. Zəhmət olmasa, Efeslilərə 5:25—29 ayələrini oxuyun. Ər həmişə arvadı ilə məhəbbətlə davranmalıdır. O, arvadını qorumalı, qeydinə qalmalı və ona yara vuran heç nə etməməlidir.

4 Bəs arvadı səhv edəndə ər necə davranmalıdır? Allah ərlərə buyurur: «Arvadlarınızı həmişə sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19). Ərlər, unutmayın ki, siz də çox səhvlərə yol verirsiniz. Amma  Allahın sizin səhvlərinizi bağışlamasını istəyirsinizsə, siz də arvadlarınızı bağışlamalısınız (Mətta 6:12, 14, 15). Ailəsinin xoşbəxt olmağını istəyən ər və arvad bir-birini bağışlamalıdır.

5. Nəyə görə ər arvadının ləyaqətinə hörmətlə yanaşmalıdır?

5 Yehova Allah ərlərə arvadlarının ləyaqətinə hörmətlə yanaşmağı buyurur. Ər arvadının tələbatlarını nəzərə almalıdır. Bu çox ciddi məsələdir. Allah arvadı ilə pis rəftar edən kişinin dualarını eşitmir (1 Butrus 3:7). İnsanı Allahın gözündə ucaldan onun kişi və ya qadın olması deyil, Yaradanına olan məhəbbətidir.

6. Ərlə arvadın «bir bədən» olması nə deməkdir?

6 İsa Məsih demişdir ki, ərlə arvad «iki yox, bir bədəndir» (Mətta 19:6). Onlar bir-birilərinə sədaqətli olmalı və heç vaxt xəyanətə yol verməməlidirlər (Məsəllər 5:15—21; İbranilərə 13:4). Ərlə arvad cinsi münasibətlərdə bir-birini nəzərə almalıdır, ancaq özlərini düşünməməlidirlər (1 Korinflilərə 7:3—5). Ər Müqəddəs Kitabda yazılan növbəti prinsipi heç vaxt yaddan çıxartmamalıdır: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir». Bu o deməkdir ki, ər arvadını sevməli və onu əziz tutmalıdır. Hər bir qadının ən ümdə arzusu odur ki, əri onu sevsin və onunla mehriban davransın (Efeslilərə 5:29).

ALLAH ARVADLARA BUYURUR...

7. Nəyə görə ailədə başçı olmalıdır?

7 Hər bir ailəni idarə edən bir başçı olmalıdır ki, ailə mehriban olsun. 1 Korinflilərə 11:3 ayəsində yazılıb: «Hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı isə Allahdır».

8. Qadının ərinə dərin hörmət bəslədiyi nədən görünməlidir?

 8 Elə ər yoxdur ki, səhv etməsin. Amma qadın ərinin qərarları ilə razılaşanda və ona dəstək olanda bu, bütün ailəyə fayda gətirir (1 Butrus 3:1—6). Müqəddəs Kitabda yazılıb: «Arvad... ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33). Bəs əgər ər arvadının dininə şərik deyilsə, onda necə? Qadın yenə də ərinə dərin hörmətlə yanaşmalıdır. Müqəddəs Kitabda deyilir: «Ey qadınlar, ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb, davranışınızla sözsüz fəth edilsinlər» (1 Butrus 3:1, 2). Qadının nümunəvi davranışı ərinin onun dininə münasibətini dəyişdirə, hörmət qazandıra bilər.

9. a) Qadın ərinin qərarı ilə razı olmayanda necə davranmalıdır? b) Titusa 2:4, 5 ayələrində qadınlar üçün hansı məsləhət var?

9 Bəs qadın ərinin qərarı ilə razı olmayanda necə davranmalıdır? O, öz fikrini hörmətcil şəkildə çatdırmalıdır. Məsələn, bir dəfə İbrahim peyğəmbərin arvadı Sara bir məsələ ilə bağlı ərinə fikrini söyləmişdi.  Amma arvadının fikri onun xoşuna gəlməmişdi. Onda Allah peyğəmbərə demişdi: «Ona qulaq as» (Yaradılış 21:9—12). Çətin ki, məsihi ərin qərarı Müqəddəs Kitaba zidd getsin, odur ki qadın ərinin qərarını dəstəkləməlidir (Həvarilərin işləri 5:29; Efeslilərə 5:24). Qadın ailə üzvlərinin qeydinə qalmalıdır. (Titusa 2:4, 5 ayələrini oxuyun.) Əri və uşaqları qadının onların yolunda nə qədər əziyyət çəkdiyini görəndə onların ona sevgisi və hörməti birə-beş artacaq (Məsəllər 31:10, 28).

Sara qadınlar üçün hansı nümunəni qoyub?

10. Müqəddəs Kitabda ayrı yaşamaq və boşanmaq barədə nə deyilir?

10 Hərdən ərlə arvad ayrı yaşamaq, ya da boşanmaq qərarına gəlir. Amma Müqəddəs Kitabda deyilir ki, «arvad ərindən ayrılmasın», «ər də arvadını atmasın» (1 Korinflilərə 7:10, 11). Xüsusi hallarda ərlə arvad ayrı yaşaya bilər, amma yenə də bu çox ciddi qərardır. Bəs boşanmağa dair Allahın Kəlamında nə deyilir? Müqəddəs Kitabda boşanmağa yalnız bir şərtlə icazə verilir, əgər ər, yaxud arvad xəyanətə yol veribsə (Mətta 19:9).

ALLAH VALİDEYNLƏRƏ BUYURUR...

İsa Məsih ailənin hər bir üzvü üçün gözəl nümunədir

11. Uşaqların ən çox nəyə ehtiyacı var?

11 Valideynlər uşaqları ilə mümkün qədər çox vaxt keçirməlidirlər. Uşaqların valideynlərinə ehtiyacı var. Amma onların ən çox ruhani tərbiyəyə, Allah haqqında biliyə ehtiyacı var və bu məsuliyyət valideynin öhdəsinə düşür (Qanunun təkrarı 6:4—9).

12. Valideynlər uşaqlarını necə qoruya bilərlər?

12 Şeytan dünyası pozula-pozula gedir. Təəssüflər olsun ki, cəmiyyətdə uşaqlara zərər yetirmək istəyən, məsələn, onlara cinsi təcavüz edən insanların sayı az  deyil. Bəzi valideynlər uşaqları ilə bu mövzuda danışmağa çəkinirlər. Amma övladlarını qorumaq üçün onlar uşaqlarına bu insanlar barədə məlumat verməlidirlər, özlərini bu insanlardan qorumağı öyrətməlidirlər. Uşağını qorumaq hər bir valideynin borcudur * (1 Butrus 5:8).

13. Uşağı necə tərbiyə etmək lazımdır?

13 Valideyn uşağına ədəb-ərkan qaydaları aşılamalıdır. Bəs o bunu necə etməlidir? Düzdür, uşağı daima  tərbiyə etmək lazımdır, amma bunu qəddarcasına və kobud şəkildə etmək olmaz (Ərəmya 30:11). Buna görə də uşağı hirsli vaxtınızda danlamayın. Əlbəttə, siz istəməzsiniz ki, «qılınc zərbəsinə bənzər» sözlər deyib övladlarınızı yaralayasınız (Məsəllər 12:18). Onlardan nə isə tələb edəndə səbəbini başa salın (Efeslilərə 6:4; İbranilərə 12:9—11; 29-cu əlavəyə baxın).

ALLAH UŞAQLARA BUYURUR...

14, 15. Nəyə görə uşaqlar valideynlərinə tabe olmalıdırlar?

14 İsa Məsih həmişə, çətin olanda belə, Atasına tabe olurdu (Luka 22:42; Yəhya 8:28, 29). Yehova uşaqlardan valideynlərinin sözünə baxmağı tələb edir (Efeslilərə 6:1—3).

15 Uşaqlar yadda saxlamalıdırlar ki, çətin olsa belə, valideynlərinin sözünə baxsalar, Yehova Allah və valideynləri onlardan razı qalacaq * (Məsəllər 1:8; 6:20; 23:22—25).

Kimsə uşaqları pis hərəkətlərə təhrik edəndə onlara Allaha sadiq qalmağa nə kömək edə bilər?

16. a) Şeytan uşaqları necə yoldan çıxara bilər? b) Yehova Allahı sevən insanlarla dostluq etmək nəyə görə vacibdir?

16 İblis uşaqları yoldan çıxarmaq üçün onların yaşıdlarından və dostlarından istifadə edə bilər. O bilir ki, onların təsiri çox güclü olur. Məsələn, Yaqub peyğəmbərin Dinə adında qızı var idi. O, Yehovanı sevməyən insanlarla dostluq edirdi. Bu, dostluq onun və ailəsinin başına çox bəlalar gətirdi (Yaradılış 34:1, 2). Əgər dostlarınız Yehovanı sevmirsə, onlar sizi Yehovanın nifrət etdiyi əməllərə təhrik edə bilər. Bu da sizə, ailənizə və Allaha ağrı-acı yaşadacaq (Məsəllər  17:21, 25). Buna görə də Yehova Allahı sevən insanlarla dostluq etmək vacibdir (1 Korinflilərə 15:33).

AİLƏNİN XOŞBƏXTLİYİ SİZİN ƏLİNİZDƏDİR

17. Ailənin hər bir üzvü hansı məsuliyyəti daşıyır?

17 Ailənin hər bir üzvü Allahın buyruğuna əməl etsə, bir çox problemlərin qarşısını almaq olar. Ər arvadı ilə məhəbbətlə davranmalıdır. Qadın ərinə hörmət etməli, ona tabe olmalıdır və Məsəllər 31:10—31 ayələrində təsvir olunan qadından nümunə götürməlidir. Valideynlər uşaqlarına Allah sevgisi aşılamalıdır (Məsəllər 22:6). Ata «ailəsini yaxşı idarə etməli»dir (1 Timutiyə 3:4, 5; 5:8). Uşaqlar valideynlərinin sözündən çıxmamalıdır (Koloslulara 3:20). Unutmayın ki, hamı səhv edə bilər, buna görə də bir-birinizə güzəştə gedin, bir-birinizdən üzr istəyin. Beləliklə, gördüyümüz kimi, Yehova Allah Müqəddəs Kitab vasitəsilə ailənin hər bir üzvünə məsləhət verir.

^ abz. 12 Uşaqları qorumaqla bağlı məsləhətləri «Böyük Müəllimdən öyrən» kitabının 32-ci fəslindən ala bilərsiniz. Yehovanın Şahidləri tərəfindən dərc olunub.

^ abz. 15 Əgər valideyn Allahın qanununa zidd gedən bir şey tələb edirsə, uşaq valideynə yox, Allaha tabe olmalıdır (Həvarilərin işləri 5:29).

Əlavə məlumat

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

İki sadə sual nikahınızı yaxşılaşdırmağa kömək edə bilər.

Bütün ailənizlə Yehovaya ibadət edin

Ailəvi ibadətdən daha çox fayda əldə etmək üçün nə edə bilərsiniz?