Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 7

Ölülər diriləcək!

Ölülər diriləcək!

1—3. Bəşəriyyət nəyin dustağıdır və Allah insanları onun əlindən necə qurtaracaq?

TƏSƏVVÜR edin ki, törətmədiyiniz bir cinayətə görə sizə ömürlük həbs cəzası kəsilib. Azadlığa çıxacağınıza heç bir ümid yoxdur. Çox pərişan və çarəsiz haldasınız. Hər yerdən əlinizi üzdüyünüz an səlahiyyətli bir şəxs söz verir ki, sizə kömək edəcək. Həmin an hansı hissləri keçirərdiniz?

2 Hamımız ölümün dustağıyıq. Nə etsək də, ondan canımızı qurtara bilmərik. Lakin Yehova Allah böyük qüdrət sahibi olduğu üçün bizi ölümün əsarətindən azad etmək iqtidarındadır. O, söz verir ki, «axırıncı düşmən olan ölümü məhv edəcək» (1 Korinflilərə 15:26).

3 Bir anlıq təsəvvür edin, bir gün ölümdən azad bir dünyada yaşayacağıq! Yehova Allah təkcə ölümü aradan qaldırmayacaq, O həmçinin ölüləri də dirildəcək. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Allah vəd edir ki, «ölümün dustaqlarını» azad edəcək (Əşiya 26:19). Bəli, Müqəddəs Kitabda yazılıb ki, ölülər diriləcək.

DOĞMA İNSANI İTİRƏNDƏ

4. a) Doğma adamını və ya dostunu itirən insanlar hansı təsəllini tapa bilərlər? b) İsanın yaxın dostlarından kimlərin adını çəkə bilərsiniz?

4 Doğma insanı və ya dostumuzu itirəndə ürəyimiz qan ağlayır. Sanki, əlimiz-qolumuz bağlanır. Çarəsizlik bizi didib parçalayır. Bu hissləri yaşayan insanlara Müqəddəs Kitab, sözün əsil mənasında, təsəlli verir.  (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.) Gəlin bir nümunəyə baxaq. Bu nümunədən Yehova Allahın və İsa Məsihin doğmalarımızı, həqiqətən də, həyata qaytarmaq istədiyini görəcəyik. İsa Məsih yer üzündə yaşayanda onun İlazər, Marta və Məryəm adında yaxın dostları var idi. Marta ilə Məryəm İlazərin bacıları idi. İsa tez-tez onlara qonaq gedərdi. Müqəddəs Kitabda yazılıb ki, «İsa Marta ilə bacısını və İlazəri çox istəyirdi». Amma bir gün İlazər xəstələnib ölür (Yəhya 11:3—5).

5, 6. a) İsa Məsih İlazərin doğmalarının və dostlarının acı çəkdiyini görəndə hansı hissləri keçirdi? b) İsa Məsihin ölümə münasibəti nədən xəbər verir?

5 İsa Məsih Marta ilə Məryəmə təskinlik verməyə gedir. Marta İsanın gəldiyini eşidəndə onu qarşılamaq üçün şəhərin kənarına çıxır. O, İsanı görəndə çox sevinir. Onun fikrincə, İsa çox gec gəlib, buna görə də deyir: «Sən burada olsaydın, qardaşım ölməzdi». Sonra İsa İlazərin o biri bacısı Məryəmin acı-acı ağladığını görür. Bacıların necə dərd çəkdiyini görəndə İsanın ürəyi parçalanır, onu ağlamaq tutur (Yəhya 11:21, 33, 35). Bəli, doğma adamımızı itirəndə keçirdiyimiz hisslər İsa Məsihə də tanışdır.

6 Bilirsiniz, İsanın bu cür hisslər keçirməsi nə deməkdir? İsa da, Yehova Allah da insanlara ölüm arzulamırlar, ölüm onlara xoş deyil (Yəhya 14:9). Yehova Allah ölümü əbədilik yox etmək qüdrətindədir və yaxın gələcəkdə bunu hökmən edəcək.

«İLAZƏR, ÇÖLƏ ÇIX!»

7, 8. Nə üçün Marta sərdabənin ağzının açılmasını istəmirdi? İsa nə etdi?

7 İsa Məsih İlazərin cənazəsinin qoyulduğu sərdabəyə  yaxınlaşanda görür ki, sərdabənin ağzına iri daş qoyulub. O, daşı götürməyi buyurur. Lakin Marta daşın götürülməsini istəmir, çünki İlazər artıq dörd gündür ki, ölüb (Yəhya 11:39). Martanın xəbəri yoxdur ki, İsa onun qardaşına kömək etmək istəyir.

İsa Məsih İlazəri dirildir. Onun doğmalarının və dostlarının sevinci yerə-göyə sığmır! (Yəhya 11:38—44)

8 İsa deyir: «İlazər, çölə çıx!» Marta və Məryəm gözlərinə inana bilmir: «Ölmüş adam sərdabədən çıxdı. O, sarğılarla kəfənlənmişdi» (Yəhya 11:43, 44). İlazər sağdır, o, yaşayır! O, doğmalarına, dostlarına qovuşur. Onlar yenə həmişəki kimi İlazərlə söhbət edir, onu qucaqlayır, bağırlarına basırlar. Bu, əsil möcüzədir! Bəli, İsa İlazəri dirildib həyata qaytarır.

«QIZCIĞAZ, SƏNİNLƏYƏM, QALX»!

9, 10. a) İsa Məsihdə ölüləri diriltmək qüvvəsi haradan idi? b) Ölülərin dirildiyini təsvir edən bu hadisələr hansı əhəmiyyəti kəsb edir?

9 İsada insanları diriltmək qüvvəsi haradan idi? İlazəri diriltməzdən qabaq, o, Yehova Allaha dua etdi ki, İlazəri diriltmək üçün ona güc versin. (Yəhya 11:41, 42 ayələrini oxuyun.) İsa yalnız İlazəri diriltməmişdi. Müqəddəs Kitabda dirilmə ilə bağlı daha bir hadisə yazılıb. Yair adında bir kişinin gözünün ağı-qarası on iki yaşlı qızı var idi. Bir gün qız ağır xəstəliyə tutulur. Yair çox çarəsiz halda idi. O, İsanın yanına gəlib yalvarır ki, qızına şəfa versin. Bu vaxt Yairin adamları bəd xəbər gətirir: «Qızın öldü. Daha Ustada əziyyət vermə». Amma İsa Yairə ürək-dirək verir: «Qorxma, sən bircə inan. Qızın xilas olacaq». Sonra İsa Yairlə birgə onlara gedir. Evə yaxınlaşanda görür ki, camaat ağlaşır. O, onlara deyir: «Bəsdir ağladınız, qız ölməyib, yatır». Qızın ata-anası məəttəl qalıb, başa  düşmürlər, İsa nə demək istəyir. İsa hamıya çölə çıxmağı buyurur, sonra qızın atasını və anasını götürüb uşaq olan otağa girir. İsa ehmalca qızın əlindən tutub deyir: «Qızcığaz, səninləyəm, qalx»! Qız ayağa durub gəzməyə başlayır. Ata-ananın yaşadığı sevinci təsəvvür edirsiniz?! İsa onların yeganə balasını dirildib həyata qaytardı (Mark 5:22—24, 35—42; Luka 8:49—56). Yəqin, onlar hər dəfə qızlarına baxanda Yehova Allahın İsa Məsih vasitəsilə onlara etdiyi bu yaxşılığı xatırlayırdılar *.

10 Təbii ki, İsanın diriltdiyi insanlar əvvəl-axır öldülər. Lakin bu hadisələr əbəs yerə baş verməmişdi, onlar bizə ümid verir, bizi əmin edir ki, Yehova Allah ölüləri diriltməyi çox istəyir və O, bunu mütləq edəcək.

DİRİLMƏNİN TƏSVİR OLUNDUĞU HADİSƏLƏR HANSI HƏQİQƏTİ AÇIR?

Həvari Butrus Məsihin davamçılarından olan Tabitəni dirildir (Həvarilərin işləri 9:36—42)

İlyas peyğəmbər dul qadının oğlunu dirildir (1 Padşahlar 17:17—24)

11. Vaiz 9:5 ayəsinə əsasən, öləndən sonra İlazər hansı vəziyyətdə idi?

11 Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, «ölülər heç nə bilmir». Eyni şeyi İlazər haqqında da demək olar (Vaiz 9:5). İsa Məsihin dediyi kimi, İlazər, sanki, yatmışdı (Yəhya 11:11). O, məzarda olanda «heç nə bilmir»di.

12. Nəyə görə əmin ola bilərik ki, İlazər, həqiqətən, dirilmişdi?

12 İsa Məsihin İlazəri diriltməsinə bir çox insan  şahid olmuşdu. Hətta Məsihin düşmənləri də, bu möcüzəni dana bilmirdilər. İlazər sağ idi və bu, onun dirildiyinə sübut idi (Yəhya 11:47). İlazəri görmək üçün onun yanına çoxlu insan gəlirdi və nəticədə, onlar İsanın Allahın elçisi olduğuna iman gətirirdilər. Lakin İsanın düşmənləri bununla barışa bilmirdilər, buna görə İsanı da, İlazəri də öldürmək istəyirdilər (Yəhya 11:53; 12:9—11).

13. Nəyə əsasən əmin ola bilərik ki, Yehova Allah ölüləri dirildəcək?

13 İsa Məsih demişdi ki, «qəbirlərdə olanların hamısı» diriləcək (Yəhya 5:28). Yəni Yehova Allahın yaddaşında olan bütün ölülər yenidən yaşayacaq. Onlarla bağlı bütün məlumatlar Allahın yadındadır. Bunu haradan bilirik? Gəlin düşünək: Kainatda milyardlarla ulduz var. Müqəddəs Kitabda deyilir ki, Yehova Allah onların hər birinin adını bilir. (Əşiya 40:26 ayəsini oxuyun.) Əgər Allah-Taala hər ulduzun adını yadında saxlayırsa, deməli, O, diriltmək istədiyi bəndələr haqqında da hər bir məlumatı yadda saxlamağa qadirdir. Ən əsası isə, unutmayaq ki, hər şeyin yaradanı Yehova Allahdır, O, hər şeyə qadirdir, hətta ölüləri diriltməyə də.

14, 15. Əyyub peyğəmbərin sözləri dirilmə haqqında nəyi açıqlayır?

14 Əyyub peyğəmbər də dirilməyə inanırdı. O, belə bir sual vermişdi: «İnsan ölsə, bir də yaşarmı?» Sonra Allaha üz tutub demişdi: «Sən çağıracaqsan, mən hay verəcəyəm, əllərinin işinin həsrətini çəkəcəksən». Bu ayələrə əsasən, Əyyub peyğəmbər əmin idi ki, Yehova Allah ölüləri dirildəcəyi günü həsrətlə gözləyir (Əyyub 14:13—15).

15 Bəli, bir gün ölülər mütləq diriləcək. Bu fikir sizdə  hansı hissləri doğurur? Ola bilsin, ağlınızdan belə bir sual keçir: «Görəsən, mənim doğmalarım, dostlarım da diriləcək?» Əmin olun ki, Yehova Allah ölüləri yenidən həyata qaytarmağın arzusundadır. İndi isə gəlin görək kimlər diriləcək və onlar harada yaşayacaqlar?

HAMISI ONUN SƏSİNİ EŞİDİB DİRİLƏCƏKLƏR

16. Ölülər diriləndə dünya necə olacaq?

16 Yuxarıda təsvir olunan hadisələrdə ölən insanlar yer üzündə dirilmiş və öz doğmalarına, dostlarına qovuşmuşdular. Bu cür hadisələr gələcəkdə də baş verəcək, amma bu dirilmə daha möhtəşəm olacaq. Çünki gələcəkdə dirilən insanlar əbədi yaşayacaq və bir də heç vaxt ölməyəcəklər. Onlar diriləndə dünya indi yaşadığımız bu ağrılı-acılı dünyanın tam əksi olacaq. Onda daha müharibə, zülm-zillət və heç bir xəstəlik olmayacaq.

17. Kimlər diriləcək?

17 Bəs kimlər diriləcək? İsa Məsih vəd etmişdi ki, «qəbirlərdə olanların hamısı onun səsini eşidəcək» və diriləcəklər (Yəhya 5:28, 29). Vəhy 20:13 ayəsində yazılıb: «Dəniz onda olan ölüləri qaytardı, ölüm və Məzar da onlarda olan ölüləri qaytardılar». Bəli, vəfat etmiş milyardlarla insan yenidən yaşayacaq. Məsihin həvarilərindən biri demişdi ki, Allah həm salehləri, həm də qeyri-salehləri dirildəcək. (Həvarilərin işləri 24:15 ayəsini oxuyun.) Gəlin bu barədə ətraflı danışaq.

Cənnətdə ölülər dirilib öz doğmalarına qovuşacaq

18. Allahın dirildəcəyi salehlərin sırasına kimlər daxildir?

18 «Salehlər» deyəndə İsa Məsih yer üzünə gəlməzdən öncə yaşamış mübarək insanlar nəzərdə tutulur.  Məsələn, Allahın saleh bəndələrindən olan Nuh, İbrahim, Musa peyğəmbər, Sara, Rut, Əstər kimi insanlar dirilib yer üzündə yaşayacaqlar. Bu mömin insanların bir neçəsi haqqında İncilin «İbranilərə» kitabının 11-ci fəslindən oxuya bilərsiniz. Bəs bizim zəmanədə vəfat etmiş Allaha sadiq insanlar da salehlərin sırasındadır?  Bəli! Onlar da saleh sayılır və Allah onları da dirildəcək.

19. Allahın dirildəcəyi qeyri-salehlər kimlərdir? Yehova Allah onlara hansı seçimi verəcək?

19 «Qeyri-salehlər» deyəndə Yehova Allahı tanımaq fürsəti olmayan milyardlarla insan nəzərdə tutulur. Həyatda olmasalar da, Yehova Allah onları unutmayıb. Allah-Taala onları dirildib həyata qaytaracaq ki, öz seçimlərini etsinlər, Allahı tanıyıb Ona ibadət etsinlər.

20. Nəyə görə bütün ölülər dirilməyəcək?

20 Onda belə çıxır ki, bütün ölülər diriləcək? Xeyr, bu, belə deyil. İsa Məsihin sözlərinə əsasən, dirilməyənlər də olacaq (Luka 12:5). Bəs kimin diriləcəyinə, kimin dirilməyəcəyinə kim qərar verəcək? Sözsüz ki, Ali hakim Yehova Allahdır, amma O, «dirilərin və ölülərin hakimi» kimi İsa Məsihi təyin edib (Həvarilərin işləri 10:42). Şər və düzəlməz olduğuna hökm verilən insanlar dirilməyəcək. (18-ci əlavəyə baxın.)

GÖYDƏ YAŞAMAQ ÜÇÜN DİRİLƏNLƏR

21, 22. a) Göydə yaşamaq üçün dirilən insan necə bədəndə dirilir? b) Göydə yaşamaq üçün dirilən ilk insan kim olub?

21 Müqəddəs Kitabda deyilir ki, göydə yaşamaq üçün dirilən insanlar olacaq. Göydə yaşamaq üçün dirilən insan cismani bədəndə dirilmir. Göydə yaşaması üçün Allah onu ruhani varlıq kimi dirildir.

22 Bu cür dirilən ilk insan İsa Məsih olub (Yəhya 3:13). İsa öləndən üç gün sonra Allah onu diriltdi (Zəbur 16:10; Həvarilərin işləri 13:34, 35). Məsih cismani bədəndə dirilmədi. Həvari Butrus yazır ki, İsa «cismən öldürüldü, ruh olaraq dirildi» (1 Butrus 3:18). Bəli,  Məsih qüdrətli ruhani varlıq kimi dirildi! (1 Korinflilərə 15:3—6). Amma İsa göydə yaşamaq üçün dirilən yeganə şəxs deyil.

23, 24. İsanın haqqında bəhs etdiyi «kiçik sürü»yə kimlər daxildir və onların sayı nə qədərdir?

23 İsa Məsih ölümündən əvvəl vəfalı şagirdlərinə demişdi: «Mən sizin üçün yer hazırlamağa gedirəm» (Yəhya 14:2). Bu o deməkdir ki, Məsihin davamçılarından bəziləri dirilib göydə onunla yaşayacaqdılar. Bəs onların sayı nə qədərdir? İsa onları «kiçik sürü» adlandırmışdı, yəni demək istəyirdi ki, onların sayı elə də çox olmayacaq (Luka 12:32). Həvari Yəhyanın gördüyü vəhydən onların dəqiq sayı məlum olur. Yəhya görmüşdü ki, İsa və «onun yanında 144 000 nəfər [səmavi] Sion dağında durublar» (Vəhy 14:1).

24 Bəs bu 144 000 nəfərin dirilməsi nə vaxt başlamalı idi? Müqəddəs Kitabda açıqlanır ki, onlar Məsih göydə padşah olandan sonra dirilməli idilər (1 Korinflilərə 15:23). Biz məhz həmin vaxtda yaşayırıq və 144 000 nəfərin əksəriyyəti artıq dirilib göydə yaşayır. Bu gün yerdə olanlar isə ölən kimi dirilib göyə qalxırlar. Amma ölənlərin əksəriyyəti yer üzündəki cənnətdə yaşamaq üçün diriləcək.

25. Növbəti fəsildə nə haqda öyrənəcəyik?

25 Çox tezliklə Yehova Allah bütün insanları ölümün əsarətindən azad edəcək və ölümü əbədilik məhv edəcək! (Əşiya 25:8 ayəsini oxuyun.) Bəs göydə yaşamaq üçün dirilənlər orada nə edəcəklər? Müqəddəs Kitabda izah olunur ki, onlar İsa Məsihlə birgə Allahın qurduğu hökumətdə hakimiyyət sürəcəklər. Bu hökumət haqda növbəti fəsildə yazılıb.

^ abz. 9 Müqəddəs Kitabda ölülərin dirildiyini təsvir edən başqa hadisələr də yazılıb. Dirilənlərin arasında uşaq da olub, böyük də, qadın da, kişi də, israilli də, qeyri-israilli də. Bu hadisələr növbəti ayələrdə yazılıb: 1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37; 13:20, 21; Mətta 28:5—7; Luka 7:11—17; 8:40—56; Həvarilərin işləri 9:36—42; 20:7—12.