Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 18

İsa möcüzələr göstərir

İsa möcüzələr göstərir

İsa möcüzələri vasitəsilə Padşah kimi öz səlahiyyətindən necə istifadə edəcəyini nümayiş etdirir

ALLAH İsaya heç kəsin bacarmadığı işləri görmək səlahiyyəti vermişdi. İsa çoxlu möcüzələr göstərmişdi. Çox vaxt o, bu möcüzələri izdihamın gözü qarşısında etmişdi. Həmin möcüzələr göstərirdi ki, İsa öz düşmənləri üzərində səlahiyyətə malikdir və insanların heç vaxt öhdəsindən gələ bilmədiyi maneələri aradan qaldırmağa qadirdir. Bəzi nümunələrə nəzər salaq.

İnsanları qida ilə təmin edirdi. İsanın ilk möcüzəsi suyu şəraba çevirmək oldu. Digər iki halda isə o, cəmi bir neçə çörək və balıqla minlərlə adamdan ibarət izdihamı doyurdu. Hər iki halda hamıya artıqlaması ilə yemək çatdı.

Xəstələrə şəfa verirdi. İsa «hər cür xəstəni və naxoşu sağaldırdı» (Mətta 4:23). O, karları, korları, cüzamlıları və epileptikləri sağaldırdı. Həmçinin topallara, ağsaqlara, şikəstlərə də şəfa verirdi. Elə bir xəstəlik yox idi ki, İsa onu sağalda bilməsin.

Təhlükəli hava şəraitini sakitləşdirirdi. İsa şagirdləri ilə birlikdə Cəlilə dənizində olanda qəflətən şiddətli fırtına qopdu. Şagirdləri vahimə bürüdü. İsa üzünü fırtınaya tutub sadəcə dedi: «Dayan! Sakit ol!» Həmin andaca dərin sükut çökdü (Mark 4:37—39). Digər halda o, dəhşətli fırtına zamanı suyun üzü ilə yerimişdi (Mətta 14:24—33).

İnsanları pis ruhlardan azad edirdi. Pis ruhlar adamlardan qat-qat güclüdür. Bir çoxları Allahın bu qatı düşmənlərinin buxovundan azad ola bilmirdilər. Ancaq İsa dəfələrlə belə ruhlara əmr etmişdi ki, əziyyət verdikləri insanları rahat buraxsınlar və bundan sonra onlar artıq öz qurbanlarına təsir edə bilmirdilər. İsa onlardan qorxmurdu. Əksinə, onlar İsanın hansı səlahiyyətə malik olduğunu bilərək ondan qorxurdular.

Ölüləri dirildirdi. Haqlı olaraq «axırıncı düşmən» adlandırılan ölümün üzərində heç bir insan zəfər çala bilmir (1 Korinflilərə 15:26). Buna rəğmən İsa gənc oğlanı dirildib dul anasına balaca qızı isə kədərli valideynlərinə qaytardı. İsanın yaslı izdihamın gözü qarşısında əziz dostu İlazəri təxminən dörd gün ölü olmasına baxmayaraq, diriltməsi qeyri-adi bir hadisə idi! Hətta qatı düşmənləri belə, onun bu möcüzəni etdiyini etiraf etdilər (Yəhya 11:38—48; 12:9—11).

İsa bu möcüzələri nə üçün edirdi? Məgər onun kömək etdiyi insanlar əvvəl-axır ölmədilər? Düzdür öldülər, ancaq İsanın möcüzələri uzunmüddətli fayda gətirdi. Onlar sübut etdi ki, səmavi Padşahlığın necə idarə edəcəyi haqda deyilən peyğəmbərliklər əsassız deyil. Allahın təyin olunmuş Padşahının aclığı, xəstəliyi, ölümü, təhlükəli hava şəraitini aradan qaldıra və pis ruhları yox edə biləcəyinə şübhə etməyə heç bir əsas yoxdur. İsa Allahın ona bütün bunları etmək səlahiyyətini verdiyini artıq sübut edib.

«Mətta»; «Mark»; «Luka» «Yəhya» kitablarına əsaslanıb.