Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 25

İmana, əxlaqa və məhəbbətə dair məsləhətlər

İmana, əxlaqa və məhəbbətə dair məsləhətlər

Yaqub, Butrus, Yəhya və Yəhuda həmimanlılarını ruhlandırmaq üçün məktublar yazır

YAQUBLA Yəhuda İsanın anabir qardaşları idi, Butrus və Yəhya isə İsanın həvariləri sırasına daxil idi. Yunanca Müqəddəs Yazılardakı məktublardan yeddisini bu dörd nəfər yazıb. Hər bir məktub onu yazanın adını daşıyır. Oradakı ilhamlanmış nəsihətlər məsihilərə Yehova qarşısında nöqsansızlığı qorumağa və Allahın Padşahlığına sadiq qalmağa kömək etmək məqsədilə yazılmışdır.

İman təzahür etdirin. Sadəcə imana sahib olduğunu demək azdır. Həqiqi iman insanı hərəkətə təşviq edir. Yaqub yazır: «Əməlsiz iman... ölüdür» (Yaqub 2:26). Sınaqlarla üzləşərkən imanla hərəkət etmək təhəmmül hasil edir. Sınaqlara sinə gərmək üçün məsihi Allahdan müdriklik istəməli və alacağına əmin olmalıdır. Təhəmmül etməklə insan Allahın lütfünü qazanır (Yaqub 1:2—6, 12). Allahın xidmətçisi iman təzahür etdirərək nöqsansızlığı qorusa, bu, Yehova Allah tərəfindən cavabsız qalmayacaq. Yaqub yazır: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Şirnikdirici və əxlaqsız təsirlərə müqavimət göstərə bilmək üçün məsihi kifayət qədər möhkəm imana sahib olmalıdır. O dövrdə baş alıb gedən əxlaqsızlıq Yəhudanı təhrik etdi ki, həmimanlılarını «iman uğrunda ciddi mübarizə aparmağa» təşviq etsin (Yəhuda 3).

Təmiz əxlaqı qoruyun. Yehova xidmətçilərindən müqəddəs olmağı, yəni bütün sahələrdə təmiz olmağı gözləyir. Butrus yazır: «Hər bir işinizdə müqəddəs olun, axı yazılıb: “Müqəddəs olun çünki Mən [Yehova] müqəddəsəm”» (1 Butrus 1:15, 16). Məsihilərə təqlid etmələri üçün nümunə qoyulub. Butrus deyir: «Məsih də sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz» (1 Butrus 2:21). Məsihilər Allahın normalarına uyğun yaşadıqlarına görə əzablarla üzləşə bilərlər. Buna baxmayaraq, onlar vicdanlarını təmiz saxlayırlar (1 Butrus 3:16, 17). Butrus məsihiləri Allahın hökm gününü və salehliyin məskunlaşdığı vəd olunmuş yeni dünyanı gözlədikləri müddətdə müqəddəs davranmağa və Allah yoluna bağlı olduqlarını göstərən işlər görməyə təşviq edir (2 Butrus 3:11—13).

«Allaha yaxınlaşın O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

Məhəbbət göstərin. «Allah məhəbbətdir», — deyə Yəhya yazır. Həvari açıqlayır ki, Allah Öz böyük məhəbbətini İsanı «günahlarımızı örtən kəffarə qurbanı kimi» göndərməklə göstərmişdi. Məsihilər bu məhəbbətə necə hay verməlidirlər? Yəhya izah edir: «Əzizlərim Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməyə borcluyuq» (1 Yəhya 4:8—11). Bu cür məhəbbət göstərməyin üsullarından biri həmimanlılara qarşı qonaqpərvər olmaqdır (3 Yəhya 5—8).

Bəs Yehovanın xidmətçiləri Ona olan məhəbbətlərini necə göstərirlər? Bu suala Yəhya belə cavab verir: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3; 2 Yəhya 6). Beləliklə, Allaha tabe olanlar əmindirlər ki, əbədi həyatı gözlədikləri müddətdə Allah onları həmişə sevəcək (Yəhuda 21).

«Yaqub»; «Birinci ikinci Butrus»; «Birinci ikinci üçüncü Yəhya» «Yəhuda» kitablarına əsaslanıb.