Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 113

Pavel Romada

Pavel Romada

PAVELİN qollarında qandalı görürsən? Onun yanında nəzarətçi dayanıb. Pavel Roma şəhərində dustaqdır və Qeysərin onun haqqında qərar çıxarmasını gözləyir. Dustaq olmasına baxmayaraq, Pavelin yanına adam buraxırlar.

Romaya çatandan üç gün sonra Pavel adlı-sanlı yəhudiləri yanına dəvət edir. Onun yanına çoxlu romalı yəhudi gəlir. Pavel onlara İsa və Allahın Padşahlığı haqqında danışır. O adamlardan bəziləri iman gətirib məsihçi olur, digərləri isə inanmır.

Pavel həm də ona nəzarət edən əsgərlərə də Allah haqqında danışır. Romada dustaq olduğu iki il ərzində yanına gələnlərin hamısına təbliğ edir. Nəticədə, Padşahlıq haqqında xoş xəbəri hətta Qeysərin sarayındakılar da eşidir. Onlardan bəziləri məsihçi olur.

Stol arxasında oturub yazı yazan bu adam kimdir? Onu tanıdın? Hə, bu Timoteydir. O da Padşahlıq haqqında təbliğ etdiyinə görə həbs edilmişdi, amma indi azadlıqdadır. Timotey Pavelə kömək etmək üçün bura gəlib. Heç bilirsən o nə yazır? İndi görərik.

Yadındadır, 110-cu hekayədə Filipi və Efes şəhərləri haqqında oxumuşduq. Pavel o şəhərlərdə məsihçi yığıncaqlarının yaranmasına kömək etmişdi. Həbsdə olduğu vaxt Pavel oradakı məsihçilərə məktublar yazır. Bu məktubları indi Müqəddəs Kitabda oxumaq olar. Onlar «Efeslilərə məktub» və «Filipililərə məktub» adlanırlar. Pavel Filipidəki dostlarına demək istədiyi sözləri Timoteyə yazdırır.

Filipililər Pavelə vaxtilə çox kömək ediblər. Bu dəfə həbsxanaya onun üçün pay göndəriblər. Məktubda Pavel onlara minnətdarlığını bildirir. Hədiyyəni gətirən adamın adı Epafroditdir. Amma o, Romada bərk xəstələnir və az qalır ölsün. Sonra Epafrodit sağalır və evə qayıtmağa hazılaşır. O, Filipiyə gedəndə Pavellə Timoteyin yazdıqları bu məktubu özü ilə aparır.

Pavel dustaq olduğu vaxt ərzində daha iki məktub yazır. Onları da Müqəddəs Kitabda tapmaq olar. Onlardan biri Kolos şəhərindəki məsihçilərə yazılıb. Bilirsən o məktubun adı nədir? «Koloslulara məktub». Pavel o biri məktubunu isə dostu Filimona yazıb. Filimon da Kolos şəhərində yaşayır. Məktubda Pavel Filimonun qulluqçusu Onisim haqqında yazır.

Onisim Filimonun yanından Romaya qaçıb. O necəsə Pavelin də Romada olduğundan xəbər tutur. Paveli görməyə gələndə Pavel ona da təbliğ edir. Onisim tezliklə məsihçi olur. O, ağasından qaçdığı üçün indi çox peşmandır. Bilirsən Pavel Filimona məktubunda nə yazır?

Pavel Filimondan Onisimi bağışlamasını xahiş edir: ‘Onu sənə geri göndərirəm. Amma indi o yalnız sənin qulluqçun deyil, o həm də çox gözəl bir məsihçi qardaşdır’. Onisim Kolos şəhərinə qayıdanda özü ilə koloslulara və Filimona olan bu iki məktubu aparır. Təsəvvür edirsən, Filimon qulluqçusunun məsihçi olduğunu biləndə necə sevinir?

Pavelin filipililərə və Filimona xoş xəbəri var. O, filipililərə yazır: ‘Timoteyi yanınıza göndərirəm. Özüm də bir azdan yanınıza gələcəyəm’. Filimondan isə onun üçün bir otaq hazırlamasını xahiş edir.

Pavel azadlığa buraxılanda bir çox şəhərlərdə yaşayan məsihçi bacı-qardaşlarını görməyə gedir. Amma sonra o yenidən Romada dustaq olur. Pavel bilir ki, bu dəfə onu ölüm gözləyir. Ona görə də Timoteyə yazıb tezliklə yanına gəlməsini xahiş edir. O yazır: ‘Mən Allaha sadiq qaldığım üçün Allah məni mükafatlandıracaq’. Bundan sonra Paveli öldürürlər. Yerusəlim də, bir neçə il sonra romalılar tərəfindən yerlə-yeksan edilir.

Müqəddəs Yazılarda başqa şeylər haqqında da yazılıb. Yehova Allah Müqəddəs Kitabın sonuncu kitablarını həvari Yəhyaya yazdırıb. «Vəhy» kitabını da həvari Yəhya qələmə alıb. Bu kitabda gələcək haqqında danışılır. Gəl öyrənək görək gələcəkdə bizi nə gözləyir.