Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 111

Yuxulayan oğlan

Yuxulayan oğlan

AY AMAN! Burada nə baş verib? Yerdə uzanan oğlana nə olub? Bax! Evdən çölə yüyürən adamlardan biri Paveldir. Görürsən, Timotey də onun yanındadır. Oğlan pəncərədən yıxılıb?

Bəli. Gəl görək bu hadisə necə baş verib. Bura Troas şəhəridir. Pavel bu evdə şagirdlərlə söhbət edirdi. O bilirdi ki, uzun müddət onları görməyəcək, axı ertəsi gün gəmi ilə yola düşməlidir. Buna görə də Pavelin şagirdlərlə söhbəti düz gecə yarısına kimi uzanır.

Pəncərədə oturan Eftik adlı bu oğlanı yuxu basır və o, düz üçüncü mərtəbədən yerə yıxılır! İndi bildin bu adamlar nə üçün təşvişə düşüblər? Onlar qorxurlar ki, birdən uşaq ölər. Oğlanı yerdən qaldıranda nə görsələr yaxşıdır? O ölüb!

Pavel oğlanın öldüyünü görəndə onun üstünə yıxılıb onu qucaqlayır. Sonra yanındakılara deyir: ‘Qorxmayın, hər şey yaxşı olacaq!’ Təsəvvür edirsən! Pavel bir möcüzə edir! O, oğlanı dirildir! Hamı çox sevinir.

Onlar yenidən yuxarı çıxıb yemək yeyirlər. Pavel səhərə qədər onlarla söhbət edir. Eftik isə həmin gecə bir də yuxulamır! Sonra Pavel, Timotey və onların yol yoldaşları gəmiyə minirlər. Bilirsən onlar hara yollanırlar?

Pavel üçüncü təbliğ səyahətini yenicə bitirib. Bu səyahətin üç ilini o, Efes şəhərində yaşamışdı. Onun üçüncü səyahəti ikincidən daha uzun idi. İndi isə o, evə qayıdır.

Troasdan çıxandan sonra gəmi bir az Milet şəhərində dayanır. Efes Miletdən bir neçə kilometr aralıda yerləşir. Pavel adam göndərib oradakı yığıncağın ağsaqqallarını Miletə çağırır. Pavel onlarla axırıncı dəfə söhbət etmək istəyir. Bir qədər sonra gəmi yola düşür. Pavellə vidalaşmaları qardaşları necə də kədərləndirir!

Nəhayət, gəmi Qeysəriyəyə gəlib çatır. Pavel şagird Filipin evində qalır. Aqab adlı bir peyğəmbər Paveli xəbərdar edir ki, Yerusəlimə getməsin. Çünki orada onu həbs edəcəklər. Hər şey onun dediyi kimi olur. Qeysəriyədə iki il həbsdə saxlanılandan sonra Paveli Roma hökmdarı Qeysərin məhkəməsinə göndərirlər. Gəl görək Romaya səfəri zamanı onun başına nələr gəlir.