Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 80

Allahın xalqı Babili tərk edir

Allahın xalqı Babili tərk edir

BABİLİN midiyalılar və farslar tərəfindən işğal edilməsindən təxminən iki il keçib. Gör indi nə baş verir! Bəli, israillilər Babili tərk edirlər. Bəs onlar necə azad oldular? Onları kim buraxdı?

Bunu Fars padşahı Kir etdi. Hələ Kir doğulmazdan çox-çox əvvəl Yehova Allah peyğəmbəri Yeşaya vasitəsilə bu sözləri demişdi: ‘Sən Mənim istədiyimi yerinə yetirəcəksən. Darvazalar açıq qalacaq və şəhəri işğal edəcəksən’. Belə də olur. Kir Babili işğal edir. Gecə midiyalılarla farsların qoşunu Babilin taybatay açıq qalmış darvazalarından şəhərə daxil olurlar.

Yeşaya peyğəmbər həm də demişdi ki, Kir Yerusəlimi və məbədi bərpa etmək üçün fərman çıxaracaq. Doğrudanmı Kir belə bir əmr verir? Bəli, Kir israillilərə deyir: ‘Yerusəlimə gedin və Allahınız Yehovanın məbədini tikin’. Şəkildən göründüyü kimi, israillilər ölkələrinə gedirlər.

Ancaq yol uzun olduğundan Babildə yaşayan israillilərin hamısı vətənə gedə bilmir. Yolun uzunluğu 800 kilometrdir, çoxları isə artıq yaşa dolmuş və ya xəstədirlər. Bəziləri isə başqa səbəblərə görə gedə bilmirlər. Kir getməyənlərə deyir: ‘Yerusəlimi və məbədi bərpa etməyə gedən xalqa gümüş, qızıl və başqa qiymətli əşyalar verin’.

Beləliklə, Yerusəlimə gedən israillilərə çoxlu qiymətli şeylər verilir. Həmçinin Kir, padşah Navuxodonosorun vaxtilə Yerusəlimi işğal edərkən Yehovanın məbədindən götürdüyü qabları da onlara qaytarır. Xalq özü ilə İsrailə çoxlu şey aparır.

Təxminən dörd ay yol getdikdən sonra israillilər gəlib Yerusəlimə vaxtında çatırlar. Şəhərin dağılıb sakinsiz qalmasından düz 70 il keçib. Lakin növbəti fəsildən öyrənəcəyik ki, israillilər öz vətənlərinə qayıtsalar da, böyük çətinliklərlə qarşılaşırlar.