Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 81

Xalq Allahın köməyinə güvənir

Xalq Allahın köməyinə güvənir

BABİLDƏN Yerusəlimə təxminən 50 000 adam qayıdır. Onlar vətənə çatanda Yerusəlimin viranə qaldığını görürlər. Orada heç kim yaşamır. İsraillilər hər şeyi yenidən tikməlidirlər.

Onlar ilk növbədə qurbangah tikirlər. Qurbangah heyvanları Yehovaya qurban gətirmək üçün xüsusi yerdir. Bir neçə aydan sonra israillilər məbədi tikməyə başlayırlar. Amma yaxınlıqda yaşayan düşmənlər istəmirlər ki, israillilər məbədi tiksinlər. Buna görə tikintini dayandırmaq üçün onları qorxutmaq qərarına gəlirlər. Sonda bu düşmənlər farsların yeni padşahının tikinti işlərini dayandırmaq üçün bir fərman çıxarmasına nail olurlar.

İllər ötür. Artıq israillilərin Babildən qayıtmasından 17 il keçib. Yehova Haqqay və Zəkəriyyə peyğəmbəri göndərir və onlar xalqı məbədin tikintisinə davam etməyə çağırırlar. Xalq Allahın köməyinə güvənir və peyğəmbərlərin sözünə əməl edir. Fərmanda icazə verilməsə də, onlar tikinti işlərinə yenidən başlayırlar.

Tattenay adlı bir fars məmuru gəlib israillilərdən məbədi kimin icazəsi ilə tikdiklərini soruşur. İsraillilər məmura deyirlər: ‘Biz Babildə olarkən Kir padşah bizə belə söyləmişdi: Yerusəlimə gedin və Allahınız Yehovanın məbədini tikin’.

Tattenay Babilə bir məktub yazıb, vaxtilə Kirin doğrudanmı bu sözləri dediyini soruşur. Bir qədər vaxtdan sonra farsların yeni padşahından bir məktub gəlir. Orada Kirin sözləri təsdiqlənir. Padşah məktubda yazır: ‘Qoy israillilər öz Allahının məbədini tiksinlər. Sənə də əmr edirəm ki, onlara kömək edəsən’. Təxminən dörd ildən sonra məbədin tikintisi başa çatır. İsraillilər çox sevinirlər.

Bu hadisədən xeyli vaxt ötür. Məbədin tikintisindən artıq 48 il keçib. Yerusəlimin sakinləri yoxsulluq içində yaşayırlar. Şəhər və məbəd pis vəziyyətdədir. Babildə yaşayan israilli Ezra xəbər tutur ki, Allahın məbədini təmir etmək lazımdır. Bilirsən o nə edir?

Ezra Fars padşahı Artaxşastanın yanına gedir. Bu yaxşı padşah Ezraya bir çox qiymətli hədiyyələr verir. Ezra Babildəki israillilərdən xahiş edir ki, bu hədiyyələri Yerusəlimə aparmaqda ona kömək etsinlər. Altı minə yaxın adam onunla getməyə razı olur. Onlar çoxlu qızıl, gümüş və başqa qiymətli əşyalar aparmalıdırlar.

Yolda pis adamlar olduğu üçün Ezra çox narahatdır. Bu adamlar qızılı və gümüşü əllərindən alıb onları da öldürə bilərlər. Bunun üçün, şəkildə gördüyün kimi, Ezra camaatı bir yerə yığır. Sonra onlar Yehovaya dua edirlər ki, Yerusəlimə getdikləri bu uzun yolda onları qorusun.

Yehova doğrudan da onları qoruyur. Dörd ay yol getdikdən sonra camaat sağ-salamat Yerusəlimə çatır. Görürsən, Yehova Onun köməyinə güvənənləri qorumağa necə qadirdir?!

Ezra 2-8-ci fəsillər.