Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 78

Divarda yazı

Divarda yazı

BURADA nə baş verir? Babillilər böyük bir ziyafət təşkil ediblər. Babil padşahı min nəfər nüfuzlu adamı sarayına dəvət edib. Onlar Yehovanın Yerusəlimdəki məbədindən götürdükləri qızıl və gümüş qablardan şərab içirlər. Birdən havada bir insan əli peyda olur və divarda yazmağa başlayır. Hamı qorxuya düşür.

Hazırda Navuxodonosorun nəvəsi Belşassar padşahlıq edir. O, bütün müdrik adamlarını hüzuruna çağırtdırıb deyir: ‘Bu yazını oxuyub, mənasını mənə başa salan adama çoxlu hədiyyə verib onu padşahlığın üçüncü adamı edəcəyəm’. Amma padşahın müdrik adamlarından heç biri bu yazını nə oxuya, nə də mənasını izah edə bilir.

Padşahın anası səs-küyü eşidib yemək otağına gəlir və padşaha deyir: ‘Xahiş edirəm, qorxma. Padşahlığında müqəddəs allahları tanıyan bir adam var. Hələ baban Navuxodonosor padşah olanda onu bütün müdriklərinin başçısı etmişdi. Onun adı Danieldir. Dalınca adam göndər, gəlib sənə bunların mənasını açsın’.

Danielin dalınca o saat adam göndərilir. Daniel gələndə ona təklif edilən bütün hədiyyələrdən imtina edir. O, Yehovanın Navuxodonosoru padşahlıqdan nə üçün rədd etdiyini Belşassara söyləyir: ‘Baban çox qürurlu olduğundan Yehova onu cəzalandırdı’.

Daniel sözünə davam edir: ‘Amma sən babanla baş verən hər şeyi bilə-bilə, yenə də onun kimi qürurlusan. Sən Yehovanın məbədindən qabları buraya gətirib onlardan şərab içirsən. Sən daşdan və ağacdan düzəldilmiş allahlara səcdə qılırsan, amma Böyük Yaradanımıza izzət vermirsən. Buna görə də Allah bu sözləri yazmaq üçün bir əl göndərdi’.

‘Divarda bu sözlər yazılıb: MENE, MENE, TEQEL və PARSİN’.

‘Onların mənası budur: MENE — Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu. TEQEL — sən tərəzidə çəkilmisən və çəkin çox yüngül gəlib. PARSİN də o deməkdir ki, padşahlığın midiyalılara və farslara verildi’.

Daniel hələ danışmaqda ikən midiyalılarla farslar Babilə hücuma keçirlər. Onlar şəhəri ələ keçirib Belşassarı öldürürlər. Divardakı yazı elə həmin gecə yerinə yetir! Bundan sonra israillilərlə nə olacaq? Bunu bir azdan öyrənəcəyik, indi isə gəl görək Danielin başına nə gəlir.