Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 60

Aviqail və Davud

Aviqail və Davud

BİLİRSƏN Davudu qarşılamağa çıxan bu qəşəng qadın kimdir? Onun adı Aviqaildir. O çox ağıllı qadındır və Davudu bir pis işdən saxlayır. Amma gəl görək bundan əvvəl Davudun başına hansı işlər gəlmişdi.

Davud Şauldan qaçıb mağarada gizlənir. Qardaşları və digər qohumları onun yanına gəlirlər. Təxminən 400 adam ona qoşulur və Davud onların başçısı olur. Sonra o, Moav padşahının yanına gedib deyir: ‘Xahiş edirəm, başıma nə gələcəyini bilənə qədər qoy atamla anam sənin yanında qalsın’. Davud öz adamları ilə təpələrdə gizlənməyə davam edir.

Bu ərəfədə Davud Aviqail ilə rastlaşır. Aviqailin əri Naval çox varlı adamdır. Onun 3 000 qoyunu və 1 000 keçisi var. Bununla belə, Naval çox xəsis adamdır. Arvadı Aviqail isə ağıllı və gözəl qadındır. O hətta bir dəfə ailəsini də ölümdən xilas edir. Gəl görək bu hadisə necə olmuşdu.

Davud və onun adamları Navala xeyirxahlıq edirlər. Onun çobanlarına qoyunlarını qorumaqda kömək edirlər. Bir gün Davudun Navala işi düşür və adamlarını onun yanına göndərir. Onlar gələndə Naval adamları ilə qoyun qırxırdı. Bayram vaxtı idi. Navalın evində müxtəlif cür dadlı yeməklər hazırlanmışdı. Davudun adamları deyir: ‘Sənə xeyirxahlıq etmişik. Bir qoyununa da əl dəyməmişik, əksinə, onları qorumuşuq. Xahiş edirik, bizə bir az yemək ver’.

Naval deyir: ‘Çörəyimi sizin kimi adamlara vermərəm’. O çox kobud danışır və Davudu pisləyir. Davud bundan xəbər tutanda bərk hirslənib adamlarına deyir: ‘Qılınclarınızı götürün!’ Onlar Navalı və adamlarını öldürmək üçün yola düşürlər.

Navalın kobudluğunu görən qulluqçularından biri gəlib bunu Aviqailə xəbər verir. Aviqail dərhal bir qədər ərzaq götürür, onları eşşəklərə yükləyib yola çıxır. Davudu görəndə eşşəkdən düşür və ona baş əyib deyir: ‘Nə olar, ağam, ərim Navalın sözlərinə fikir vermə. Özü axmaq olduğu kimi, hərəkətləri də axmaqdır. Budur, sənə pay gətirmişəm. Xahiş edirəm, bunları götür və baş verənlərə görə bizi bağışla’.

Davud cavab verir: ‘Sən nə ağıllı qadınsan! Sən olmasaydın, Navalı xəsisliyinə görə öldürəcəkdim. Evinə sağ-salamat qayıt’. Bir müddətdən sonra Naval ölür. Aviqail da Davudun arvadı olur.

Əlavə məlumat

Abiqayil ağılla hərəkət etdi

Abiqayil ailədəki çətinlikləri necə həll edirdi və biz ondan nə öyrənirik?