Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 56

Şaul İsrailin birinci padşahı olur

Şaul İsrailin birinci padşahı olur

BAX, Şamuel cavan oğlanın başına yağ tökür. Keçmişdə padşah seçəndə belə edərdilər. Bu gəncin adı Şauldur. Şamuelə onun başına yağ tökməyi Yehova tapşırmışdı. Bu, adi yağ deyildi, xüsusi xoş ətirli yağ idi.

Şaul özünü padşah olmağa layiq bilmir. O deyir: ‘Mən, İsraildə ən kiçik olan Binyamin qəbiləsindənəm. Sən necə deyirsən ki, mən padşah olacağam?’ Şaul çox sadə adamdır və özü haqqında yüksək fikirdə deyil. Buna görə də o, Yehovanın çox xoşuna gəlir və Allah onu padşah seçir.

Əslində Şaul heç də kasıb və ya hörmətsiz adam deyil. O, varlı ailədəndir, özü də yaraşıqlı və ucaboy bir gəncdir. İsraildə hamıdan bir qarış hündürdür. Şaul həm də sürətlə qaçır və çox güclüdür. Xalq, Yehovanın Şaulu padşah seçdiyinə sevinir və ucadan deyir: ‘Yaşasın padşah!’

İsrailin düşmənləri həmişəki kimi güclüdür. Onlar yenə də İsrailə əziyyət verirlər. Şaul padşah olduqdan tez sonra ammonlular onlara qarşı döyüşə çıxır. Amma Şaul böyük qoşun toplayıb, ammonlulara qalib gəlir. Xalq Şaulun padşah olmasına çox şaddır.

İllər ötür və İsrail Şaulun rəhbərliyi altında bir çox qələbələr qazanır. Şaulun Yonatan adında cəsarətli oğlu var. Onun da köməkliyi ilə İsrail xalqı bir çox döyüşlərdə qələbə çalır. Filiştlilər əvvəlki kimi İsrailin qatı düşmənləridir. Bir gün on minlərlə filiştli İsrailə qarşı müharibəyə çıxır.

Şamuel Şaula tapşırır ki, gəlib Yehovaya qurban gətirənədək onu gözləsin. Amma Şamuel gecikir. Şaul filiştlilərin döyüşə başlayacağından qorxub, Allaha qurbanı özü təqdim edir. Şamuel gəldikdə Şaulun itaətsizlik etdiyini görüb deyir: ‘Yehova İsrailə başqa padşah seçəcək’.

Müəyyən vaxtdan sonra Şaul yenə itaətsizlik göstərir. Buna görə Şamuel ona deyir: ‘Yehova üçün Onun sözünə baxmaq bəslənmiş qoyunları qurban gətirməkdən daha xoşdur. Yehovanın dediyinə əməl etmədiyin üçün O səni padşahlıqdan rədd etdi’.

Bu hekayədən yaxşı ibrət dərsi almaq olar. Biz, Yehova Allaha həmişə itaət etməyin nə qədər vacib olduğunu gördük. Bu hekayə həmçinin göstərdi ki, Şaul kimi yaxşı insan da dəyişib pis ola bilər. Biz isə pis adam olmaq istəmirik, düzdür?