Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 42

Danışan eşşək

Danışan eşşək

HEÇ EŞİTMİSƏN ki, eşşək danışsın? Yəqin deyəcəksən: «Yox, axı heyvanlar danışa bilmir». Amma Müqəddəs Kitabda danışan bir eşşək haqqında yazılıb. Gəl görək bu hadisə necə baş vermişdi.

İsraillilər artıq Kənan torpağına girməyə hazırdırlar. Bu xəbər Moav diyarının padşahı Balaqa çatanda o, qorxuya düşür. Buna görə də İsraili lənətləmək üçün Bilam adlı hiyləgər bir kişinin dalınca adam göndərir. Balaq Bilama çoxlu pul söz verir. Bilam da eşşəyinə minib Balaqın yanına yola düşür.

Yehova Allah istəmir ki, Bilam israilliləri lənətləsin. Buna görə də, Bilamın yolunu kəsmək üçün əlində uzun qılıncı olan bir mələk göndərir. Bilam mələyi görmür, eşşək isə görür. Eşşək geri dönmək üçün ora-bura vurnuxur, axırda isə əldən düşüb yerə uzanır. Bilam bərk qəzəbləndiyindən eşşəyi çubuqla döyməyə başlayır.

Bu zaman Yehova elə edir ki, Bilamın eşşəyi dilə gəlib ondan soruşur: ‘Sənə nə etdim ki, məni döyürsən?’

Bilam deyir: ‘Məni ələ salırsan? Qılıncım olsaydı səni öldürərdim!’

Eşşək deyir: ‘İndiyədək belə bir şey etmişəm?’

Bilam cavab verir: ‘Yox’.

Bax elə bu vaxt Yehova Bilamın gözlərini açır və o, yolunu kəsən qılınclı mələyi görür. Mələk deyir: ‘Eşşəyini niyə döyürsən? Yolunu kəsmişəm ki, gedib İsraili lənətləməyəsən. Eşşəyin yoldan dönməsəydi, səni öldürərdim, eşşəyinə isə toxunmazdım’.

Bilam deyir: ‘Günah etdim. Bilmirdim ki, sən yolum üstə dayanmısan’. Mələk Bilamı buraxır, Bilam da Balaqın yanına gedir. O, İsraili lənətləməyə çalışsa da, Yehova elə edir ki, o, düz üç dəfə xalqa xeyir-dua verməli olur.