Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 55

Allaha xidmət edən balaca oğlan

Allaha xidmət edən balaca oğlan

GÖR nə qəşəng uşaqdır! Onun adı Şamueldir. Uşağın başına sığal çəkən kişi isə İsrailin baş kahini Elidir. Şamueli Elinin yanına atası Elqana və anası Xanna gətirib.

Şamuelin təxminən dörd-beş yaşı olar. Amma o, Eli və başqa kahinlərlə bərabər Yehovanın ibadət çadırında yaşayacaq. Sən soruşa bilərsən: axı nəyə görə Elqana ilə Xanna belə balaca uşağı Yehovaya xidmət etmək üçün ibadət çadırına gətiriblər? Gəl baxaq.

Bu hadisədən bir neçə il əvvəl Xanna çox qəmgin idi. O çox istəyirdi ki, uşağı olsun, amma olmurdu. Bir gün Xanna Yehovanın ibadət çadırında olarkən dua edir: ‘Ah, Yehova, məni unutma! Mənə bir oğul versən, söz verirəm ki, ömrü boyu xidmət etmək üçün onu Sənə verəcəyəm’.

Yehova Xannanın duasına cavab verir. Bir neçə aydan sonra onun bir oğlu olur və adını Şamuel qoyurlar. Xanna oğlunu çox sevir və körpəlikdən ona Yehova Allah haqqında danışır. Bir gün Xanna ərinə deyir: ‘Şamuel bir az böyüyüb süddən kəsiləndə onu Yehovaya xidmət etmək üçün ibadət çadırına aparacağam’.

Şəkildə gördüyün kimi, Elqana ilə Xanna belə də edirlər. Şamuel də çox şaddır ki, Yehovaya ibadət çadırında xidmət edəcək. Axı o, Yehova Allahı lap körpəlikdən tanıyır. Xanna ilə Elqana həm ibadət etmək, həm də balaca oğullarına baş çəkmək üçün hər il Yehovanın çadırına gəlirlər. Xanna hər dəfə gələndə tikdiyi yeni paltarı Şamuelə gətirir.

İllər ötür, Şamuel Yehovanın ibadət çadırında xidmət etməyə davam edir. Həm Yehova, həm də xalq onu çox sevir. Ancaq baş kahin Elinin oğulları Xofni ilə Pinxas yaramaz adamlar idi. Pis əməllərlə məşğul olmaları az imiş kimi, başqalarını da Yehova Allaha itaətsiz olmağa təhrik edirlər. Eli onları kahinlikdən çıxarmalıdır, amma bunu etmir.

Gənc Şamuel yol vermir ki, ibadət çadırında edilən pis əməllər onun Yehovaya xidmətinə son qoysun. O vaxtlar çox az adam Allahı sevirdi, buna görə də çoxdan idi ki, O heç kimlə danışmırdı. Şamuel bir qədər böyüdükdən sonra görək nə baş verir.

Şamuel gecə yatarkən, bir səs onu yuxudan oyadır. O ayağa qalxıb Elinin yanına qaçır və deyir: ‘Məni çağırdın?’

Amma Eli cavab verir: ‘Mən səni çağırmadım. Get yat’. Şamuel də gedib yatır.

Səs ikinci dəfə ‘Şamuel!’ deyə çağırır. Şamuel qalxıb yenidən Elinin yanına qaçıb deyir: ‘Məni çağırdın? Bəli, eşidirəm’. Eli isə deyir: ‘Mən səni çağırmadım, oğlum, get yat’. Şamuel yatağına qayıdır.

Şamueli çağıran səs üçüncü dəfə eşidilir. Şamuel yenə Elinin yanına qaçıb deyir: ‘Bəli, bu dəfə ki, məni sən çağırdın’. Eli indi başa düşür ki, Şamueli çağıran Yehova Allahdır. Buna görə də deyir: ‘Get yerində uzan və bir də səs eşitsən belə de: “Bəli, Yehova Allah, qulun Səni dinləyir”’.

Yehova bir də çağıranda Şamuel Elinin dediyi kimi edir. Yehova ona deyir ki, Elini və oğullarını cəzalandıracaq. Doğrudan da, Xofni və Pinxas filiştlilərlə döyüşdə ölürlər. Eli bunu eşidəndə yıxılır, boynu sınır və ölür. Gördüyün kimi, Yehova Allahın sözləri yerinə yetir.

Şamuel boya-başa çatır və İsraildə sonuncu hakim olur. O qocalanda xalq ondan xahiş edir: ‘Bizə padşah seç, qoy üzərimizdə rəhbərlik etsin’. Şamuel bunu etmək istəmir, çünki xalqın padşahı əslində Yehovadır. Amma Yehova Allah ona deyir ki, xalqın sözünə əməl etsin.

Əlavə məlumat

Şamuel məbəddə

Yehova Şamueli necə xeyir-dualandırdı? Bu şəkli çap et, şəkli tamamla və Müqəddəs Kitabından bu hadisəni oxu.

İşmuil həmişə özünü yaxşı aparırdı

İşmuil necə təqlid edə bilərsən? Başqaları səhv iş görsələr də, necə davranmalısan?

İşmuil «Yehovanın önündə böyüyürdü»

İşmuilin uşaqlıq dövründə qeyri-adi olan idi? Onun məbədddə böyüməyi güclü imana sahib olmasına necə təsir etmişdi?