Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 29

Musa Misirdən qaçır

Musa Misirdən qaçır

BAX, Musa Misirdən qaçır. Bəs onun dalınca düşən əsgərləri görürsən? Bilirsən onlar Musanı nəyə görə öldürmək istəyirlər? Gəl baxaq.

Musa Misirin hökmdarı fironun evində böyüyür və çox ağıllı, tanınmış adam olur. O, misirli olmadığını və ata-anasının israilli qul olduğunu bilir.

Musanın 40 yaşı olanda o, xalqının necə yaşadığını görmək qərarına gəlir. Misirlilərin onlarla necə davrandığını görəndə onu dəhşət bürüyür. O, bir misirlinin israillini döydüyünün şahidi olur. Ətrafda heç kimin olmadığını görən Musa misirlini vurub öldürür və onu quma basdırır.

Növbəti gün Musa yenidən xalqına baş çəkməyə gedir. O elə fikirləşir ki, xalqını köləlikdən azad edə biləcək. Ancaq onların yaşadığı yerə gələndə iki israillinin bir-biri ilə dalaşdığını görür. Musa haqsız olana yaxınlaşıb deyir: ‘Qardaşını niyə döyürsən?’

O adam deyir: ‘Səni üstümüzə başçı və hakim kim qoyub? Yoxsa misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?’

Musa qorxuya düşür. O başa düşür ki, camaat artıq misirlini öldürməsindən xəbər tutub. Firon bu hadisəni eşidəndə Musanı öldürmək üçün dalınca adamlar göndərir. Elə buna görə də Musa Misirdən qaçmalı olur.

Musa Misiri tərk edib uzaq Midyan torpağına gəlir. Orada Yetro adlı kişi və onun ailəsi ilə tanış olur. Bir müddətdən sonra Yetronun Sippora adlı qızı ilə evlənir. Musa çobanlıq edir və Yetronun sürüsünü otarır. O, Midyan torpağında 40 il yaşayır. Artıq onun 80 yaşı var. Bir gün qoyun otaran zaman Musanın həyatını büsbütün dəyişən qəribə bir hadisə baş verir. Gəl səhifəni çevirib, bu qəribə hadisə haqqında öyrənək.