Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 10

Böyük Daşqın

Böyük Daşqın

GƏMİDƏ olmayanlar əvvəlki kimi öz işləri ilə məşğul idilər. Onlar Daşqının olacağına hələ də inanmırdılar. Yəqin, indi Nuha əvvəlkindən də çox gülürdülər. Amma bir azdan gülməyi kəsdilər.

Qəflətən şiddətli yağış yağmağa başlayır. Bir leysan var idi ki, gəl görəsən! Nuh haqlı imiş! Amma kiminsə gəmiyə minməsi artıq gec idi. Yehova qapını möhkəm bağlamışdı.

Bir azdan düzənlikləri su basır. Sel ağacları kökündən qoparır, yekə daşları yuvarlayır. Səs-küydən qulaq batırdı. İnsanlar qorxudan təpələrə çıxmağa başlayırlar. Yəqin onlar «kaş ki, qapı açıq olanda Nuha qulaq asıb biz də gəmiyə minəydik» deyə düşünürdülər. Amma artıq iş işdən keçmişdi!

Su get-gedə qalxırdı. Qırx gün-qırx gecə yağış dayanmadan yağdı. Su artıq dağlara çatmışdı, bir azdan hətta ən uca dağlar suyun altında qaldı. Hər şey Allahın dediyi kimi oldu. Gəmidə olmayan bütün insanlar və heyvanlar məhv oldular. Amma gəmidə olanlar sağ-salamat qaldılar.

Nuh və oğulları gəmini çox yaxşı tikmişdilər. Ona görə də su onu asanlıqla yerdən qaldırdı və o, suların üzərində üzməyə başladı. Nəhayət, yağış kəsdi, günəş işıq saçdı. Necə də qeyri-adi mənzərə idi! Hər yer su ilə örtülmüşdü. Suyun üzərində gəmidən başqa heç nə görünmürdü.

Artıq nəhənglər də yox idi. Onlar insanlara bir daha əziyyət verə bilməzdilər, çünki hamısı anaları və yerdə qalan pis insanlarla bərabər öldülər. Bəs nəhənglərin ataları ilə nə baş verdi?

Nəhənglərin ataları bizim kimi adi insan deyildi. Onlar yerə insan kimi yaşamağa gələn mələklər idi. Buna görə də Daşqın zamanı insanlarla bərabər ölmədilər. Onlar insan bədənlərini tərk edib, yenidən mələk cildində göyə qayıtdılar. Amma Allah onları nə Özünün, nə də yaxşı mələklərinin yanına buraxmadı. Bu səbəbdən onlar Şeytanın mələkləri oldular. Müqəddəs Kitab onları cin adlandırır.

Allah yer üzünə külək göndərdi və sular azalmağa başladı. Beş aydan sonra gəmi bir dağın üzərində dayandı. Xeyli vaxt keçdi, gəmidəkilər pəncərədən boylanaraq dağların zirvələrini gördülər. Sular get-gedə azalırdı.

Sonra Nuh gəmidən bir qarğa buraxır. Qarğa bir müddət uçub qonmağa yaxşı yer tapa bilmədiyi üçün geri qayıdır. Bu bir neçə dəfə təkrar olunur və qarğa hər dəfə gəmiyə qayıdır.

Nuh, suyun yerdən çəkildiyini öyrənmək üçün bu dəfə gəmidən bir göyərçin buraxır. Göyərçin də qonmağa yer tapmır və geri qayıdır. Nuh onu ikinci dəfə göndərəndə o, dimdiyində zeytun yarpağı gətirir. Bundan Nuh bilir ki, sular artıq çəkilib. O, göyərçini üçüncü dəfə göndərir. Bu dəfə o quru yer tapır və artıq qayıtmır.

İndi Allah Nuha belə deyir: ‘Ailəni, heyvanları da götürüb gəmidən çıx’. Onlar bir ildən artıq idi ki, gəmidə idilər. Təsəvvür etmək olar onlar gəmidən sağ-salamat çıxdıqlarına nə qədər sevinirdilər.

Əlavə məlumat

Nuh Allahın yolu ilə gedirdi

Nuh peyğəmbərə və həyat yoldaşına uşaqlarını böyütmək nəyə görə çətin olub? Gəmini tikməkləri onların imanı haqqında nə deyir?