Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 5

Həyat çətinləşir

Həyat çətinləşir

EDEN bağından qovulduqdan sonra Adəmlə Həvvanın çətinlikləri başlayır. İndi onlar yemək tapmaq üçün çox işləməlidirlər. Gözəl meyvə ağacları əvəzinə, onları ətrafda tikanlar və alaq otları əhatə edir. Bax, Allaha qulaq asmayanda və Onunla dostluğu itirəndə belə olur!

Ən pisi odur ki, onlar yavaş-yavaş qocalıb ölməli idilər. Yadındadır, Allah onları xəbərdar etmişdi ki, qadağan edilmiş ağacın meyvəsindən yesələr, öləcəklər. Bu meyvəni yemək onlara ölüm gətirdi. Allahın sözündən çıxmaqla onlar necə də ağılsız iş gördülər!

Eden bağından qovulandan sonra Adəmlə Həvvanın uşaqları oldu. Bu isə o demək idi ki, artıq uşaqlar da qocalıb ölməli idilər.

Əgər Adəmlə Həvva Yehovanın sözünə qulaq assaydılar, uşaqları ilə birlikdə yer üzündə əbədiyyən xoşbəxt yaşaya bilərdilər. Onda heç kim nə qocalar, nə xəstələnər, nə də ölərdi.

Allah insanların əbədi və xoşbəxt yaşamasını istəyir və söz verir ki, bu mütləq belə də olacaq. O zaman yer üzü gözəlləşəcək və insanlar sağlam yaşayacaq. Bütün insanlar bir-biri ilə və Allahla əsl dost olacaqlar.

Həvva isə Allahla dostluğunu itirdi. Buna görə də uşağını əzabla doğdu. O, çox ağrılar çəkməli oldu. Görürsən, Yehovanın sözündən çıxmaq ona nə qədər dərd gətirdi?!

Adəmlə Həvvanın çoxlu oğul və qızları oldu. Onlar birinci oğullarının adını Qabil, ikincisininkini isə Habil qoydular. Bəs onlarla nə baş verdiyini bilirsənmi?