Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 80

Yaxşı çoban və qoyun ağılları

Yaxşı çoban və qoyun ağılları

YƏHYA 10:1—21

  • İSA PEYĞƏMBƏR YAXŞI ÇOBANDAN VƏ QOYUN AĞILLARINDAN DANIŞIR

İsa peyğəmbər Yəhudiyyədə təlim verməkdədir. İndi o dinləyicilərin asanlıqla ağlında təsəvvür edə biləcəkləri bir şey haqda danışır. Onun məsəli qoyun və qoyun ağılları haqdadır, amma onun sözləri məcazi məna daşıyır. Ola bilsin, yəhudilərin yadına Davud peyğəmbərin sözləri düşür: «Yehova mənim Çobanımdır, möhtac olmaram. Yaşıl otlaqlarda dincəldir məni» (Zəbur 23:1, 2). Başqa məzmurunda Davud peyğəmbər xalqı səsləyirdi: «Xaliqimiz Yehovanın önündə diz çökək. Axı O, Allahımızdır, O, bizi sürütək bəsləyib-əzizləyir» (Zəbur 95:6, 7). Gördüyümüz kimi, Musa peyğəmbərin qanunu altında olan israillilər tez-tez qoyun sürüsünə bənzədilirdi.

Qoyunların ağıllarda olması israillilərin Musanın Qanun əhdi altında doğulduqlarına işarə edir. Qanun bir çəpər kimi onları bu əhdə daxil olmayan xalqların məhvedici adətlərindən qoruyurdu. Bəzi israillilər isə Allahın sürüsü ilə pis davranırdılar. Buna görə də İsa peyğəmbər deyir: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və soyğunçudur. Qapıdan girən isə qoyunların çobanıdır» (Yəhya 10:1, 2).

Ola bilsin, xalq özlərini Məsih kimi qələmə verən insanlar barədə düşünür. Amma bu şəxslər oğru və soyğunçu kimidir. Xalq bu cür fırıldaqçıların ardınca getməməlidir. Əksinə, onlar İsa peyğəmbərin dediyi çobanı addımbaaddım izləməlidir:

«Qapıçı onun üçün qapını açır və qoyunlar onun səsinə qulaq asır. Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır. O, qoyunlarının hamısını çıxardandan sonra onların qabağınca gedir, qoyunlar da onun dalınca. Çünki onlar çobanın səsini tanıyırlar. Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar» (Yəhya 10:3—5).

Qapıçı rolunu oynayan Vəftizçi Yəhya Qanun altında olan rəmzi qoyunların məhz İsa peyğəmbərin ardınca getməli olduğunu bildirmişdi. Cəlilədə və burada, Yəhudiyyədə olan bəziləri də İsa peyğəmbərin səsini tanımışdılar. Peyğəmbər onları hansı mənada çölə çıxarır? Onun ardınca gedənlərin axırı necə olacaq? Bu suallar bəzilərini maraqlandırır, çünki onlar bu sözlərin mənasını başa düşmürlər (Yəhya 10:6).

İsa Məsih izah edir: «Bunu bilin, mən qoyunlar üçün qapıyam. Əsil çoban adı ilə gələnlər oğru və soyğunçudurlar. Qoyunlar onlara qulaq asmırlar. Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq» (Yəhya 10:7—9).

Aydındır ki, İsa peyğəmbər yeni bir şey təsis edir. Ona qulaq asanlar bilir ki, o, əsrlər öncə mövcud olan Qanun əhdinin qapısı deyil. Deməli, o, qoyunlarını başqa ağıla salır. Bunun nəticəsi nə olur?

İsa Məsih icra etdiyi vəzifəsi barədə belə deyir: «Gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. Mən yaxşı çobanam. Yaxşı çoban qoyunları uğrunda həyatını verir» (Yəhya 10:10, 11). İsa peyğəmbər bir müddət əvvəl öz davamçılarına toxtaqlıq vermişdi: «Qorxma, kiçik sürü, çünki Atanız Padşahlığı sizə verməyi məsləhət bildi» (Luka 12:32). Kiçik sürüyə daxil olanları İsa Məsih yeni ağıla gətirəcək ki, onlar əbədi həyata qovuşsunlar. Bu sürüdə olmaq necə də böyük şərəfdir!

İsa peyğəmbərin sözü bununla bitmir. O deyir: «Bu ağıldan olmayan başqa qoyunlarım da var. Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq» (Yəhya 10:16). Başqa qoyunlar bu sürüdən deyil. Deməli, onlar Allahın Padşahlığı miras alacaq kiçik sürünün ağılından yox, başqa ağıldandırlar. Bu iki ağılda olan qoyunların fərqli gələcəyi var. Amma İsa Məsihin rolu hər iki sürüyə xeyir gətirəcək. O deyir: «Atam məni sevir, çünki mən həyatımı fəda edirəm» (Yəhya 10:17).

İsa peyğəmbərin izahatına çoxları belə yanaşır: «Onda cin var, onun başına hava gəlib!» Digərlərinin cavabından görmək olar ki, onlar diqqətlə dinləyir və Yaxşı Çobanın ardınca getmək istəyirlər. Onlar deyir: «İçinə cin girmiş adam bu cür danışa bilməz. Heç cin də korun gözünü aça bilər?» (Yəhya 10:20, 21). Görünür, onlar bu yaxınlarda İsa peyğəmbərin anadangəlmə kor adamı sağaltmasından danışırlar.