Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 78

Ey sadiq nökərbaşı, həmişə hazır ol!

Ey sadiq nökərbaşı, həmişə hazır ol!

LUKA 12:35—59

  • SADİQ NÖKƏRBAŞI HƏMİŞƏ HAZIR OLMALIDIR

  • İSA PEYĞƏMBƏR İXTİLAF SALMAQ ÜÇÜN GƏLİB

İsa peyğəmbər deyir ki, yalnız kiçik qrup insan səmavi Padşahlıqda yer alacaq (Luka 12:32). Amma bu möhtəşəm mükafata başdansovdu yanaşmaq olmaz. Peyğəmbər bildirir ki, Padşahlıqda yer almaq istəyən adam mütləq düzgün əhval-ruhiyyədə olmalıdır.

Buna görə də İsa peyğəmbər öz şagirdlərini onun zühuruna hazır olmağa səsləyir. O deyir: «Hazır olun, qoy çırağınız həmişə yansın. Siz ağasının toy ziyafətindən qayıtmasını gözləyən, ağa gəlib qapını döyəndə qapını dərhal açan adamlar kimi olun. Ağa gələndə oyaq tapdığı nökərlər necə də xoşbəxtdirlər!» (Luka 12:35—37).

Şagirdlər İsa peyğəmbərin çəkdiyi məsəli asanlıqla başa düşürlər. Məsəldəki nökərlər hazır vəziyyətdə durub ağanın gəlişini gözləməlidirlər. Peyğəmbər bunu belə izah edir: «Əgər ağa gec, hətta gecə yarısından sonra da gəlib onları oyaq taparsa, o nökərlər necə də xoşbəxtdirlər!» (Luka 12:38).

Bu sözlərlə İsa peyğəmbər sadəcə nökərlərə və ya işçilərə çalışqan olmaları haqda məsləhət vermək fikrində deyil, İsa Məsih özünü də bu məsələ daxil edəndə hər şey aydın olur. O, şagirdlərinə belə deyir: «Siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Luka 12:40). Bəli, İsa peyğəmbər gələcəkdə zühur edəcək və istəyir ki, onun davamçıları və xüsusilə də, həmin kiçik qrup buna hazır olsun.

Butrus İsa peyğəmbərin sözlərini tam başa düşmək istədiyi üçün soruşur: «Ağa, sən bu məsəli təkcə bizim üçün çəkirsən, yoxsa hamı üçün?» Peyğəmbər Butrusa konkret cavab verməyib bununla bağlı məsəl çəkir: «Öz qulluqçularına vaxtlı-vaxtında yemək paylarını vermək üçün onların üzərində ağanın qoyacağı sadiq və ağıllı nökərbaşı kimdir? Ağası gələndə iş başında olan nökər necə də xoşbəxtdir! İnanın, ağası bütün əmlakının idarəsini ona tapşıracaq» (Luka 12:41—44).

Əvvəlki məsəldə «ağa», ehtimal ki, İsa Məsihin özüdür. Deməli, belə qənaətə gəlmək olar ki, «sadiq nökərbaşı» Padşahlıq taxtında əyləşəcək «kiçik sürü»nün bir hissəsini təmsil edir (Luka 12:32). Burada Məsih bildirir ki, bu qrupun bəzi üzvləri Ağanın qulluqçularına vaxtlı-vaxtında ruhani yemək paylarını verəcək. Beləcə, İsa peyğəmbərin təlim verdiyi və ruhani qida ilə təmin etdiyi Butrus, həm də digər şagirdlər qənaətə gələ bilərlər ki, bir dövr gələcək və o dövrdə insan Oğlu zühur edəcək. Həmin dövrdə Ağanın qulluqçularını, yəni İsa Məsihin davamçılarını ruhani qida ilə təmin edən bir quruluş fəaliyyət göstərəcək.

İsa Məsih onların həmişə ayıq-sayıq olmalarının və əhval-ruhiyyələrinə diqqət yetirmələrinin səbəbini digər tərəfdən göstərir. Çünki insan zəifləyə və hətta o dərəcəyə çata bilər ki, həmimanlılarına qarşı çıxsın. Məsih deyir: «İşdir, əgər o nökər ürəyində: “Ağam gecikir”, — deyib nökərləri və qarabaşları döyərsə, yeyib-içib sərxoşluq edərsə, ağası onun gözləmədiyi gün və bilmədiyi saatda gəlib ona ağır cəza verəcək və onun aqibəti imansızlarla eyni olacaq» (Luka 12:45, 46).

İsa Məsih deyir ki, o, «yer üzündə alov yandırmağa» gəlib. O, bunu qızğın mübahisələrə səbəb olan, sonradan isə saxta təlimləri və adət-ənənələri məhv edən məsələləri qaldırmaqla edir. Bu alov hətta yaxın sayılan insanları da bir-birindən ayırır və beləcə, ata oğula, oğul ataya qarşı, ana qıza, qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı çıxır (Luka 12:49, 53).

Bu fikirlər əsasən onun davamçılarına aiddir. Bundan sonra İsa peyğəmbər üzünü xalqa tutur. Çünki oradakıların çoxu sübutları görə-görə inadkarcasına onun Məsih olduğunu danır. Buna görə də peyğəmbər onlara müraciət edir: «Qərbdən qalxan bir bulud görəndə deyirsiniz: “Tufan olacaq”. Belə də olur. Cənub küləyinin əsdiyini görəndə deyirsiniz: “Bərk isti olacaq”. Belə də olur. İkiüzlülər! Yerin və göyün görünüşündən havanın necə olacağını müəyyən edə bilirsiniz. Bəs necə olur ki, bu zamanda baş verənlərin mənasını dərk edə bilmirsiniz?» (Luka 12:54—56). Görünür ki, onlar buna hələ hazır deyillər.