Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 81

İsa Məsih Allah deyil

İsa Məsih Allah deyil

YƏHYA 10:22—42

  • «ATAMLA MƏN VƏHDƏTDƏYİK»

  • İSA MƏSİH ALLAH OLMADIĞINI DEYİR

İsa Məsih Yerusəlimə Həsr etmə (Hanukka) bayramına gəlib. Bu bayram məbədin yenidən Yehova Allaha həsr edilməsi şərəfinə qeyd edilir. Təxminən bir əsr əvvəl Aram padşahı Antiox IV Epifan Allahın məbədindəki böyük qurbangahın üstündə başqa bir qurbangah tikmişdi. Sonradan isə yəhudi kahinin oğulları Yerusəlimi geri almış və məbədi yenidən Yehova Allaha həsr etmişdi. O vaxtdan bəri hər il kislev ayının 25-i bu bayram qeyd edilir. Bu ay bizim təqvimlə noyabrın ikinci yarısı ilə dekabrın birinci yarısına düşür.

Bu qış aylarında hava soyuq olur. İsa peyğəmbər məbədin Süleyman eyvanı adlanan hissəsində gəzişir. Burada yəhudilər onu dövrəyə alıb deyirlər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de» (Yəhya 10:22—24). İsa Məsih cavab verir: «Mən sizə demişəm, siz isə inanmırsınız». Düzdür, İsa peyğəmbər quyu başında söhbət etdiyi səməriyyəli qadına dediyi kimi, onlara Məsih olduğunu açıq şəkildə deməyib (Yəhya 4:25, 26). Amma: «İbrahim doğulmazdan əvvəl mən var idim», — sözlərini deyərkən kimliyini açıqlamışdı (Yəhya 8:58).

İsa Məsih istəyir ki, adamlar Müqəddəs Yazılarda Məsihin görəcəyi işlər haqqında deyilənləri onun işləri ilə müqayisə etsinlər və onun Məsih olduğunu özləri başa düşsünlər. Məhz buna görə İsa şagirdlərinə onun Məsih olduğunu heç kəsə deməməyi tapşırırdı. İndi də o, ona qarşı düşmənçilik edən yəhudilərə açıq deyir: «Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir. Siz isə inanmırsınız» (Yəhya 10:25, 26).

Axı onlar nəyə görə İsanın Məsih olduğuna inanmırlar? O deyir: «Siz isə inanmırsınız, çünki mənim qoyunlarımdan deyilsiniz. Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar. Heç kəs onları əlimdən dartıb ala bilməz. Atamın mənə verdikləri hər şeydən qiymətlidir». Sonra İsa Məsih Atası ilə münasibətlərinin nə dərəcədə sıx olduğunu açıqlayır: «Atamla mən vəhdətdəyik» (Yəhya 10:26—30). Bəli, İsa Məsih yerdə, Atası isə göydə olsa da, onların məqsədi, amalı birdir və aralarında tam həmrəylik var.

İsa peyğəmbərin sözləri yəhudiləri cin atına mindirir. Onlar bu dəfə də əllərinə daş götürüb onu öldürmək istəyirlər. Bu, İsa peyğəmbəri qorxutmur. «Mən Atamın buyruğu ilə sizə çoxlu yaxşı işlər göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?» — deyə o soruşur. Yəhudilər cavab verirlər: «Biz səni yaxşı işlərinə görə yox, küfr danışdığın üçün daşlamaq istəyirik. Çünki sən... özünü Allah yerinə qoyursan» (Yəhya 10:31—33). Axı İsa peyğəmbər heç vaxt allah olduğunu deməyib. Bəs nəyə görə onda yəhudilər ona böhtan atırlar?

İsa Məsih onda ixtiyar olduğunu deyir, yəhudilərin fikrincə isə, İxtiyar Sahibi yalnız Allahdır. Məsələn, Məsih davamçıları barədə demişdi ki, «mən onlara əbədi həyat verəcəyəm». Yəni o, heç bir insanın edə bilmədiyi şeyi edəcək (Yəhya 10:28). Amma yəhudilər bir şeyi nəzərdən buraxırlar ki, İsa Məsih açıq-aşkar bu ixtiyarı Allahdan aldığını demişdi.

Yəhudilərin yalan ittihamları qarşısında İsa peyğəmbər deyir: «Məgər sizin Qanunda [Zəbur 82:6] yazılmayıb: “Demişəm: “Siz ilahlarsınız”? Əgər Allah məhkum etdiyi adamları Öz kəlamında “ilah” adlandırırsa... nəyə görə siz “Mən Allahın Oğluyam” dediyim üçün mənə, Atanın seçib dünyaya göndərdiyi adama “sən küfr danışırsan” deyirsiniz?» (Yəhya 10:34—36).

Bəli, Müqəddəs Yazılarda hətta qeyri-saleh insanlar «ilah» və ya «allah» adlanır. Bəs nəyə görə İsa peyğəmbər «mən Allahın Oğluyam» deyəndə yəhudilər onu qınayır? Onun növbəti sözləri onları inandırmalıdır: «Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu dərk edib biləsiniz» (Yəhya 10:37, 38).

Bu sözlərin üstündə yəhudilər İsa Məsihi yaxalamaq istəyirlər, lakin o, bu dəfə də canını qurtarır. O, Yerusəlimdən çıxıb İordan çayının o tayına, Yəhyanın təxminən dörd il bundan əvvəl vəftiz etməyə başladığı yerə gedir. Bu yer Cəlilə dənizinin cənub sahilinə yaxın bir yerdir.

Burada çoxlu adam İsa peyğəmbərin başına toplaşıb deyir: «Yəhya heç bir möcüzə göstərməsə də, onun bu adam haqqında dediyi hər söz doğru çıxdı» (Yəhya 10:41). Beləcə, bir çox yəhudi İsa peyğəmbərə iman gətirir.