Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 76

İsa peyğəmbər bir fərisinin evində

İsa peyğəmbər bir fərisinin evində

LUKA 11:37—54

  • İSA PEYĞƏMBƏR FƏRİSİLƏRİN İKİÜZLÜ OLMALARINI MÜHAKİMƏ EDİR

Yəhudiyyədə olarkən İsa peyğəmbəri bir fərisi yeməyə dəvət edir və peyğəmbər onun dəvətini qəbul edir. Çox güman ki, onu nahara dəvət ediblər (Luka 11:37, 38; müqayisə et: Luka 14:12). Fərisilər bir ayin kimi yeməkdən qabaq əllərini dirsəyə qədər yuyurlar. İsa peyğəmbər isə bunu etmir (Mətta 15:1, 2). Düzdür, bununla Allahın qanunu pozulmur, amma belə etmək Allahın tələbi də deyil.

İsa peyğəmbər bu ayini icra etmədikdə fərisi çox təəccüblənir. Peyğəmbər bunu hiss edir və deyir: «Siz fərisilər, camı və nimçəni üstdən təmizləyirsiniz, amma daxiliniz acgözlük və pisliklə doludur. Ağılsızlar! Məgər zahiri yaradan daxili də yaratmayıb?» (Luka 11:39, 40).

Məsələ onların yeməkdən qabaq əllərini yumasında deyil, onların ikiüzlü olmasındadır. Fərisilər və əllərini ayin üzrə yuyan digər insanlar ürəklərindən şər işləri təmizləmirlər. Buna görə İsa Məsih məsləhət görür: «Siz ürəkdən sədəqə verin, onda sizin üçün hər şey təmiz olacaq» (Luka 11:41). Necə də doğru sözlərdir! Bəli, onları sədəqə verməyə məhəbbət dolu ürək təşviq etməlidir, özlərinin salehliyini nümayiş etdirmək istəyi yox.

Düzdür, demək olmaz ki, onlar sədəqə vermirlər. İsa peyğəmbər deyir: «Siz nanə, sədəfotu və digər göyərtilərin onda birini verirsiniz, amma ədalətə və Allaha qarşı məhəbbətə barmaqarası baxırsınız. Ondabiri vermək borcunuzdur, amma gərək qalan şeylərə də etinasız yanaşmayaydınız» (Luka 11:42). Allahın Qanunu məhsulun onda bir hissəsini verməyə səsləyirdi (Qanunun təkrarı 14:22). Buna həmçinin yeməyə dad qatan nanə, sədəfotu və digər göyərtilər daxil idi. Fərisilər hətta bu cür ədviyyatların ondabir vergisini ödəməyə ciddi yanaşırdılar. Bəs ədalətlə davranmaq və Allahın önündə təvazökar olmaq kimi daha önəmli tələblərə necə yanaşırdılar? (Mikə 6:8).

İsa peyğəmbər sözünə davam edir: «Vay halınıza, fərisilər! Çünki siz sinaqoqlarda qabaq cərgələrdə oturmağı, bazar meydanlarında camaatdan salam almağı sevirsiniz. Vay halınıza, çünki siz adamların bilmədən tapdalayıb keçdikləri gözə çarpmayan qəbirlər kimisiniz» (Luka 11:43, 44). Bəli, insanların ayağı belə bir qəbirlərə dəyərdisə, onlar natəmiz olurdular. İsa peyğəmbər bu faktı gətirərək vurğulayır ki, fərisilərin natəmizliyi ilk baxışdan görünmür (Mətta 23:27).

Tövrata yaxşı bələd olan bir nəfər narazılığını bildirir: «Ustad, bu sözlərlə sən bizi də təhqir edirsən». Bu insanlar başa düşməlidirlər ki, onlar insanlara kömək etmək borclarını yerinə yetirmirlər. İsa peyğəmbər deyir: «Ey qanunşünaslar, vay sizin də halınıza! Çünki siz camaatın boynuna ağır yük qoyursunuz, özünüz isə barmağınızı da o yükə vurmaq istəmirsiniz. Vay halınıza, çünki siz peyğəmbərlər üçün türbələr ucaldırsınız, halbuki onları öldürən elə sizin atalarınız olub» (Luka 11:45—47).

İsa peyğəmbər yük deyərkən şifahi ənənələri və fərisilərin Qanunu istədikləri kimi yozmalarını nəzərdə tutur. Onlar insanların həyatlarını asanlaşdırmaq üçün barmaqlarını da tərpətmirlər. Əksinə, nöqtə vergülünə kimi, hər şeyə riayət olunmasını tələb edib insanların yükünü ağırlaşdırırlar. Onların ata-babaları Habildən başlayaraq Allahın peyğəmbərlərini öldürmüşdülər. İndi də onlar peyğəmbər üçün sərdabələr düzəltməklə guya peyğəmbərə hörmət etdiklərini göstərirlər, amma fikirləri və hərəkətləri ilə ata-babalarına oxşayırlar. Onlar hətta Allahın ən görkəmli Peyğəmbərini öldürmək istəyirlər. İsa Məsih deyir ki, bu nəsil Allahın qarşısında cavab verməli olacaq. Bu, təxminən 38 il sonra, yəni eramızın 70-ci ilində baş verir.

İsa peyğəmbər sözünə davam edir: «Vay halınıza, ey qanunşünaslar! Çünki siz bilik qapısının açarını götürmüsünüz. Özünüz də içəri girmədiniz, girmək istəyənləri də qoymursunuz» (Luka 11:52). Bu adamlar Allahın Kəlamını xalqa izah etməli, mənasını açıqlamalıdırlar. Onlar isə nəinki bunu etmirlər, üstəlik, Allahın Kəlamını başa düşmək üçün xalqı hər cür imkandan məhrum edirlər.

Fərisilər və mirzələr buna necə münasibət göstərirlər? İsa peyğəmbər oradan çıxanda onlar qəzəblə onu dövrəyə alırlar və sıxışdıraraq üstünə suallar yağdırırlar. Onların suallar verməkdə məqsədi nəsə öyrənmək deyil. Onlar peyğəmbəri həbs etməyə əsas tapmaq üçün onu sözdə tutmaq istəyirlər.