Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 71

Fərisilər kor olmuş adamla mübahisə edirlər

Fərisilər kor olmuş adamla mübahisə edirlər

YƏHYA 9:19—41

  • FƏRİSİLƏR GÖZLƏRİ AÇILAN ADAMA QARŞI ÇIXIRLAR

  • DİN XADİMLƏRİ «KORDURLAR»

Fərisilər İsa peyğəmbərin anadangəlmə kor adamın gözünü açdığını qəbul etmək istəmədiklərinə görə onun valideynlərini çağırtdırırlar. Onun ata-anası bilir ki, onların sinaqoqdan qovulmaq ehtimalı var (Yəhya 9:22). Belə olsa, onlar yəhudi cəmiyyətindən uzaq düşəcəklər və bu da ailələrinin cəmiyyətdəki mövqelərinə və maddi durumlarına ciddi zərər vuracaq.

Fərisilər onlara bəzi suallar verirlər: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs necə oldu ki, indi görür?» Kişinin ata-anası cavab verir: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. Amma gözləri necə açılıb, bunu kim edib, xəbərimiz yoxdur». Hətta həmin kor adam valideynlərinə başına gələnləri danışmış olsaydı belə, onlar ehtiyat edib cavab verirlər: «Özündən soruşun, yekə kişidir. Qoy özü desin» (Yəhya 9:19—21).

Fərisilər təzədən həmin adamı çağırırlar. Bu səfər onlar İsa peyğəmbəri təqsirli edən dəlillər topladıqlarını bildirərək onu qorxutmaq istəyirlər. Fərisilər tələb edirlər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir». Həmin kişi bu ittihamla razılaşmayaraq cavab verir: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm» (Yəhya 9:24, 25).

Məsələnin bu yerdə qurtarmasını istəməyən fərisilər deyirlər: «O, sənə nə etdi? Gözlərini necə açdı?» Gözləri açılan kişi cəsarətlə cavab verir: «Mən sizə dedim, sizsə heç qulaq asmadınız. Niyə yenə soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?» Fərisilər qəzəblə ittiham edirlər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdiyik. Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik» (Yəhya 9:26—29).

Dilənçi kişi heyrətini gizlədə bilməyib deyir: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb». Sonra kişi məntiqli dəlil gətirərək Allahın kimi eşitdiyini və kimdən razı qaldığını deyir: «Biz bilirik ki, Allah günahlı adamları dinləmir, lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir. Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın». Deməli, «əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi» (Yəhya 9:30—33).

Dilənçinin sözlərinin qabağında deməyə söz tapmayıb fərisilər onu təhqir edirlər: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» Onlar onu bayıra atırlar (Yəhya 9:34).

İsa peyğəmbər hadisədən xəbər tutur və həmin kişini tapıb deyir: «İnsan Oğluna iman edirsən?» Gözləri açılan adam cavab verir: «O kimdir, ağa? Söylə, ona iman edim». Heç bir şübhə yeri qoymadan İsa peyğəmbər deyir: «Sən onu görmüsən və o, indi səninlə danışır» (Yəhya 9:35—37).

Kişi cavab verir: «Ağa, inanıram». O, iman və hörmət göstərərək İsa peyğəmbərə təzim edir. Sonra peyğəmbər dərin mənalı sözlər deyir: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər, görənlər isə kor olsunlar» (Yəhya 9:38, 39).

Orada olan fərisilər kor olmadıqlarını bilirlər. Bəs onların ruhani rəhbərlik etmələri barədə nə demək olar? Onlar özlərini müdafiə edib deyirlər: «Yəni biz koruq?» İsa peyğəmbər deyir: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır» (Yəhya 9:40, 41). Əgər onlar israilli müəllimlər olmasaydılar, onların İsanı Məsih kimi qəbul etməmələrini başa düşmək olardı. Ancaq nəzərə alsaq ki, onlar Qanunu bilirlər, onu rədd etmələri ciddi günahdır.