Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 69

Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?

Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?

YƏHYA 8:37—59

  • YƏHUDİLƏR İBRAHİM PEYĞƏMBƏRİN ÖVLADLARI OLDUQLARINI DEYİRLƏR

  • İSA MƏSİH İBRAHİM PEYĞƏMBƏRDƏN DƏ ƏVVƏL VAR OLUB

İsa peyğəmbər hələ də Yerusəlimdə keçirilən Çardaqlar bayramındadır. Burada o, həyati vacib həqiqətləri öyrədir. Bayramda olan bəzi yəhudilər ona deyirlər: «Biz İbrahimin övladlarıyıq, heç vaxt heç kəsin köləsi olmamışıq». İsa peyğəmbər onlara cavab verir: «Mən bilirəm ki, siz İbrahimin övladlarısınız. Ancaq siz məni öldürmək istəyirsiniz, çünki mənim sözlərim sizə kar etmir. Mən Atamın yanında olarkən gördüklərimi sizə danışıram, siz isə öz atanızdan eşitdiklərinizi edirsiniz» (Yəhya 8:33, 37, 38).

İsa peyğəmbərin dedikləri çox aydındır: onun və onların atası ayrıdır. Yəhudi rəhbərlər onun kimi nəzərdə tutduğunu anlamayıb yenə deyirlər: «Bizim atamız İbrahimdir» (Yəhya 8:39; Əşiya 41:8). Onlar doğrudan da İbrahim peyğəmbərin nəslindəndirlər. Buna görə onlar əmindirlər ki, onlarda Allahın dostu İbrahim peyğəmbərin imanı var.

Lakin İsa Məsihin cavabı onları sarsıdır: «Siz İbrahimin övladları olsaydınız, İbrahimin gördüyü işləri görərdiniz». Həqiqətən də, əsil oğul atasına bənzər. Peyğəmbər sözünə davam edir: «Siz isə indi məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən adamı öldürmək istəyirsiniz. İbrahim belə iş görməmişdi». Sonra İsa peyğəmbər onları çaşbaş vəziyyətə qoyan fikir söyləyir: «Siz atanızın gördüyü işləri görürsünüz» (Yəhya 8:39—41).

Onlar hələ də İsa peyğəmbərin kimdən danışdığını anlamırlar və iddia edirlər ki, İbrahim peyğəmbərin qanuni övladlarıdırlar: «Biz bic doğulmamışıq. Bizim bir Atamız var, o da Allahdır». Allah həqiqətənmi onların Atasıdır? Peyğəmbər onlara deyir: «Sizin Atanız Allah olsaydı, siz məni sevərdiniz, çünki mən Allahdan gəlmişəm və indi buradayam. Mən özbaşına gəlməmişəm, məni O göndərib». İsa peyğəmbər onlara sual verir, sonra da özü cavablandırır: «Nə üçün mənim dediklərimi başa düşmürsünüz? Çünki sözlərimi dinləyə bilmirsiniz» (Yəhya 8:41—43).

Bundan əvvəl İsa peyğəmbər onu rədd etməyin nə ilə nəticələnəcəyini göstərmək istəmişdi. İndi isə onlara birbaşa deyir: «Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz». Onların ataları haqda nə demək olar? Peyğəmbər aydın şəkildə onu təsvir edir: «O, əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı, çünki onda həqiqət yoxdur». İsa Məsih sözünə davam edir: «Allah bəndəsi Allahın sözünə qulaq asır. Siz isə Allah bəndəsi olmadığınız üçün mənə qulaq asmırsınız» (Yəhya 8:44, 47).

Yəhudilər İsa peyğəmbərin onları ittiham etməsinə qəzəblənərək deyirlər: «Düz deyirik də! Sən səməriyyəlisən, özü də içində cin oturub». Onlar peyğəmbəri səməriyyəli adlandırmaqla ona nifrət etdiklərini göstərirlər. O, buna məhəl qoymayaraq deyir: «Məndə cin yoxdur. Mən Atama ehtiram bəsləyirəm. Siz isə mənə hörmət qoymursunuz». Bu, çox ciddi məsələdir, bunu da İsa Məsihin növbəti sözlərindən görmək olar: «Mənim sözümə əməl edən adama ölüm yoxdur». Bu, o demək deyil ki, Məsihin davamçıları heç vaxt ölməyəcək. O demək istəyir ki, onlar əbədi məhvə, yəni dirilməyə ümidləri olmadan «ikinci ölümə» düçar olmayacaqlar (Yəhya 8:48—51; Vəhy 21:8).

Amma yəhudilər İsa peyğəmbərin sözlərini hərfi mənada başa düşürlər. Onlar deyirlər: «Doğrudan da, səhv etməmişik. Səndə cin var. İbrahim də, peyğəmbərlər də ölüblər, sən isə deyirsən ki: “Mənim sözümə əməl edən adam heç vaxt ölməyəcək”. Məgər sən vəfat etmiş atamız İbrahimdən böyüksən?.. Sən özünü kim hesab edirsən?» (Yəhya 8:52, 53).

Aydındır ki, İsa özünün vəd edilmiş Məsih olduğunu bildirmək istəyir. Lakin onların sualına birbaşa cavab verməyib deyir: «Əgər mən özümü şərəfləndirsəydim, onda bu şərəf heç nə olardı. Məni şərəfləndirən Atamdır. Siz Onu öz Allahınız sanırsınız. Amma Onu qətiyyən tanımırsınız, mən isə Onu tanıyıram. Əgər mən desəydim ki, Onu tanımıram, sizin kimi yalançı olardım» (Yəhya 8:54, 55).

İsa Məsih yenidən sadiq İbrahim peyğəmbərin nümunəsinə qayıdır: «Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi. O, mənim günümü gördü və şadlandı». Bəli, Allahın vədinə iman edən İbrahim peyğəmbər səbirsizliklə Məsihin gəlişini gözləyirdi. Yəhudilər öz imansızlıqlarını büruzə verərək deyirlər: «Sənin heç əlli yaşın da yoxdur, sən İbrahimi görmüsən?!» İsa Məsih onlara cavab verir: «Bilin və agah olun, İbrahim doğulmazdan əvvəl mən var idim». O, özünün insan olmazdan öncə göydə qüdrətli bir ruhani varlıq olduğunu vurğulayır (Yəhya 8:56—58).

İsa Məsihin İbrahim peyğəmbərdən öncə mövcud olması bəyanatı yəhudiləri bərk qəzəbləndirir və onlar onu daşlamaq istəyirlər. Lakin Məsih heç bir xəsarət almadan oradan gedir.

Əlavə məlumat

İbrahim — «iman gətirənlərin atası»

İbrahim peyğəmbərin imanlı insan olduğu nə görünür? Hansı sahələrdə İbrahim peyğəmbərin imanını örnək götürə bilərsiniz?