Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 75

Əsil xoşbəxtliyin mənbəyi

Əsil xoşbəxtliyin mənbəyi

LUKA 11:14—36

  • PEYĞƏMBƏR ALLAHIN GÜCÜ İLƏ CİNLƏRİ QOVUR

  • PEYĞƏMBƏR XOŞBƏXTLİYİN MƏNBƏYİNİ AÇIQLAYIR

İsa Məsih elə indicə dua ilə bağlı göstərişləri təkrarladı. Amma bu, təkrarən öyrətdiyi yeganə mövzu deyil. Cəlilədə möcüzələr göstərəndə onu ittiham edib bunları cinlərin ağasının gücü ilə etdiyini demişdilər. İndi isə o, Yəhudiyyədədir və onu bu dəfə də eyni şeydə ittiham edirlər.

İsa Məsih cinin ucbatından lal qalan adamdan cini qovanda, əleyhdarlarından savayı hamı heyrətlənir. Onlar əvvəlki ittihamları irəli sürürlər: «Bu adam cinlərin hökmdarı Beelzebubun əli ilə cinləri qovur» (Luka 11:15). Digərləri isə İsa peyğəmbərin kimliyinə dair daha çox sübut istəyərək ondan göydən bir əlamət göstərməsini tələb edirlər.

Peyğəmbər onların fikirlərini bilir və buradakı əleyhdarlarına da Cəlilədə olduğu kimi cavab verir. O qeyd edir ki, daxildən parçalanmış padşahlıq dağılacaq. O, bunu belə izah edir: «Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək?» Sonra peyğəmbər açıq-aşkar deyir: «Əgər mən cinləri Allahın gücü ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur» (Luka 11:18—20, haşiyə).

Orijinal mətnə əsasən, İsa peyğəmbər bu ayədə «Allahın barmağı» sözünü işlədir. Bu söz onun dinləyicilərinə İsrail xalqının tarixində baş verən bir hadisəni xatırladır. Fironun sarayındakılar Musa peyğəmbərin göstərdiyi möcüzəni görəndə qışqırıb: «Bu işdə Allahın əli var!» — demişdilər. Orijinal mətnində burada «Allahın barmağı» sözü işlənir (Çıxış 8:19, haşiyə). Eyni ifadəyə Çıxış 31:18 ayəsinin haşiyəsində də rast gəlmək olar. Bu ayədə deyilir ki, iki daş lövhənin üzərində on əmr Allahın barmağı ilə yazılmışdı. Eynilə, məhz Allahın barmağı, başqa sözlə, müqəddəs ruhu və ya fəal qüvvəsi sayəsində İsa Məsih cinləri qovub xəstələri sağaldır. Deməli, Allahın Padşahlığı onlar üçün həqiqətən də gəlib, çünki təyin olunmuş padşah İsa Məsih onların arasındadır və bu işləri görür.

Məsih öz evini qoruyan yaraqlı-yasaqlı bir adam haqqında danışır. Lakin daha güclü bir adam gəlir və onu məğlub edir. Eynilə, İsa Məsihin də cinləri qovması onun Şeytan üzərində hakimiyyətə malik olduğunu göstərir. O həmçinin murdar ruh barədə məsəlini təkrarən çəkir. Murdar ruh adamdan çıxır, amma adam onun yerini yaxşı şeylə doldurmadığı üçün bu ruh başqa yeddi ruhla geri qayıdır. Onda bu adamın vəziyyəti əvvəlkindən beşbetər olur (Mətta 12:22, 25—29, 43—45). Görünür, İsrail xalqı ilə məhz bu baş verib.

İsa peyğəmbəri dinləyən bir qadın ucadan deyir: «Səni bətnində daşıyan, səni əmizdirən qadın nə xoşbəxtdir!» Peyğəmbər anası olmaq hər bir yəhudiyyəli qadının arzusudur, o ki qaldı Məsihin anası olmaq! Yəqin, o düşünür ki, Məryəm belə bir Ustadın anası olduğu üçün bəxtəvərdir. Amma İsa Məsih həqiqi xoşbəxtliyin mənbəyini göstərərək qadının düşüncəsini düzgün səmtə yönəldir: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:27, 28). İsa peyğəmbər heç vaxt eyham belə vurmamışdı ki, onun anası Məryəmə xüsusi şərəf göstərilsin. Əslində əsil xoşbəxtlik qohumluq tellərindən və ya hansısa nailiyyətlərdən yox, Allaha sədaqətlə ibadət etməkdən asılıdır.

İsa peyğəmbər, Cəlilədə olduğu kimi, burada da göydən əlamət tələb edənləri danlayır və onlara Yunus peyğəmbərin əlamətindən savayı başqa bir əlamət verilməyəcəyini deyir. Üç gün balığın qarnında qalması və neynəvalıları tövbəyə gətirən cəsarətli təbliği ilə Yunus peyğəmbər bir əlamət olmuşdur. İsa peyğəmbər izah edir: «Burada Yunusdan daha böyük insan durub» (Luka 11:29—32). İsa Məsih həmçinin Səba məlikəsinin hikmətini dinləməyə gəldiyi Süleymandan da böyükdür.

Sonra peyğəmbər deyir: «Çırağı yandırıb gizli yerə və ya səbət altına qoymurlar. Əksinə, onu çıraqdana qoyurlar» (Luka 11:33). Ola bilsin, o demək istəyir ki, bu tərs adamlara təlim vermək və onların gözü qabağında möcüzələr göstərmək yanan çırağı gizlətmək kimi bir şeydir. Onların gözləri hədəfə tuşlanmayıb. Buna görə də İsa peyğəmbərin möcüzələrinin məğzi onlar üçün anlaşılmaz qalır.

İsa peyğəmbər elə indicə cini qovub lal adamın dilini açıb. Bunun şahidi olan adamlar Allahı ucaldıb onun işləri barədə başqalarına danışmalı idilər. Bu səbəbdən peyğəmbər əleyhdarlarını xəbərdar edir: «Buna görə də ayıq ol. Qoyma içindəki işıq zülmət olsun. Əgər bədənin büsbütün nur içindədirsə və onun heç bir hissəsi zülmətdə deyilsə, çıraq səni işıqlandırdığı kimi, bədənin də tamamilə nura qərq olacaq» (Luka 11:35, 36).

Əlavə məlumat

Məryəm — «Mən Yehovanın quluyam!»

Məryəmin Cəbrayıl mələyə verdiyi cavab onun imanı haqqında nə deyir? Məryəm daha hansı gözəl keyfiyyətlər əks etdirmişdi?