Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 107

Padşah toy ziyafətinə qonaq dəvət edir

Padşah toy ziyafətinə qonaq dəvət edir

MƏTTA 22:1—14

  • TOY ZİYAFƏTİ HAQDA MƏSƏL

İsa Məsihin xidmətinin sonu yaxınlaşır. O, mirzələrlə böyük kahinlərə məsəllər danışaraq onları ifşa etməyə davam edir. Buna görə də onlar onu öldürmək istəyirlər (Luka 20:19). Amma İsa Məsihin onlara deməyə hələ də sözü var. O, başqa məsəl çəkir:

«Səmavi Padşahlıq oğlu üçün toy edən bir padşaha bənzəyir. Padşah dəvət etdiyi qonaqları toy ziyafətinə çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər» (Mətta 22:2, 3). İsa peyğəmbər məsəlinə «səmavi Padşahlıq» sözləri ilə başlayır. Məntiqlidir ki, padşah Yehova Allahdır. Bəs padşahın oğlu və toy ziyafətinə dəvət olunanlar kimlərdir? Bunu da bilmək çətin deyil. Padşahın oğlu bu məsəli danışan adamdır, yəni Yehova Allahın oğludur. Dəvət olunanlar isə Oğulla birgə səmavi Padşahlıqda olacaq şəxslərdir.

İlk əvvəl kimlər dəvət olunur? İsa Məsihin və həvarilərinin Padşahlıq barədə təbliğ etdiyi yəhudilər (Mətta 10:6, 7; 15:24). Bu xalq eramızdan əvvəl 1513-cü ildə Qanun əhdini qəbul etdi və beləcə, «kahinlər padşahlığı»nı təşkil etmək üçün ilk namizədlər oldu (Çıxış 19:5—8). Bəs onlar nə vaxt toy ziyafətinə dəvət olundular? Məntiqə uyğundur ki, onlar eramızın 29-cu ilində, İsa Məsih Allahın Padşahlığı barədə təbliğ etməyə başlayanda dəvət olundular.

Bəs israillilərin əksəriyyəti bu dəvətə necə hay verdi? İsa Məsihin təbirincə desək, «qonaqlar gəlmək istəmədilər». Din xadimlərinin və xalqın əksər hissəsi onu Məsih və Allahın təyin etdiyi Padşah kimi qəbul etmədi.

Ancaq İsa Məsih qeyd edir ki, yəhudilərə başqa şans verildi: «Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: “Naharı hazırlamışam, cöngələr, bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Buyurun ziyafətə gəlin”. Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi tarlasında işləməyə getdi, kimisi də başqa işinin dalınca getdi. Qalanları isə nökərləri tutub döydülər və öldürdülər» (Mətta 22:4—6). Bunlar məsihi yığıncağı yarananda baş verəcək hadisələrə şamil olunur. O vaxt yəhudilərin Allahın Padşahlığına girməyə hələ də imkanı var idi, amma onların əksəriyyəti bu dəvəti rədd etdi, hətta padşahın nökərləri ilə pis davrandılar (Həvarilərin işləri 4:13—18; 7:54, 58).

Bu, xalq üçün nə ilə nəticələndi? İsa Məsih deyir: «Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı» (Mətta 22:7). Bu, yəhudilərin başına eramızın 70-ci ilində, romalılar Yerusəlimi darmadağın edəndə gəldi.

Görəsən, onların padşahın dəvətini rədd etməsi o deməkdirmi ki, daha heç kim dəvət olunmayacaq? Xeyr, bu, o demək deyil. Bunu İsa Məsih nümunəsindən görmək olar. O deyir: «Sonra [padşah] nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar. Buna görə də şəhərdən çıxan yollara gedin, kimi tapsanız hamını ziyafətə çağırın”. Nökərlər yollara çıxdılar və tapdıqları adamların hamısını: pisləri də, yaxşıları da yığıb məclisə gətirdilər. Toyxana qonaqlarla doldu» (Mətta 22:8—10).

Həvari Butrus sonradan qeyri-yəhudilərə — anadangəlmə yəhudi olmayanlara və ya yəhudiliyi qəbul etməyənləri məsihi olmağa kömək etməyə başlayır. Eramızın 36-cı ilində Roma ordusunun zabiti Kornili və ailəsi müqəddəs ruh alır və beləcə, onların Allahın Padşahlığına girmək imkanı açılır (Həvarilərin işləri 10:1, 34—48).

İsa Məsih qeyd edir ki, ziyafətə gələn hər kəs padşaha məqbul olmayacaq: «Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş bir adam sataşdı. Padşah ona dedi: “Qardaş, əynində toy libası olmaya-olmaya içəri necə girmisən?” O dinmədi. Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”. Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır» (Mətta 22:11—14).

İsa Məsihin sözlərini eşidən din xadimləri ehtimal ki, onun sözlərinin tam mənasını və tətbiqini başa düşmürlər. Hər necə olursa olsun, onlar həmişəkindən daha çox onlara mane olan insandan canlarını qurtarmaq istəyirlər.