Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 137

Məsihi yüzlərlə adam görür

Məsihi yüzlərlə adam görür

MƏTTA 28:16—20 LUKA 24:50—52 HƏVARİLƏRİN İŞLƏRİ 1:1—12; 2:1—4

  • İSA MƏSİH ÇOXLARININ QARŞISINDA PEYDA OLUR

  • İSA PEYĞƏMBƏR GÖYƏ QALXIR

  • İSA MƏSİH 120 ŞAGİRDİN ÜZƏRİNƏ MÜQƏDDƏS RUH TÖKÜR

İsa peyğəmbər diriləndən sonra on bir həvarisi ilə Cəlilədə bir dağda görüşür. Orada təxminən 500 şagird də var. Lakin onların bəziləri əvvəl-əvvəl İsa Məsihin dirildiyinə şübhə edirlər (Mətta 28:17; 1 Korinflilərə 15:6). Amma Məsihin indi dediyi sözlər onları inandırır.

O, burada toplaşmış şagirdlərinə izah edir ki, Allah həm göydə, həm də yerdə bütün hakimiyyəti ona verib. O, şagirdlərinə buyurur: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mətta 28:18—20). Bəli, İsa Məsih diriləndən sonra da müjdəçilik işi ilə maraqlanır.

Şagird hazırlamaq tapşırığını kişilər, qadınlar, uşaqlar, bir sözlə, İsa Məsihin bütün davamçıları alır. Düzdür, əleyhdarlar təbliğ və təlim işini dayandırmağa çalışacaqlar, bununla belə, Məsih şagirdlərə toxtaqlıq verir: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib». Bəs bu, onlar üçün nə deməkdir? O deyir: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm». İsa Məsih demir ki, xoş xəbərin təbliğində iştirak edənlərin hamısına möcüzələr göstərmək qabiliyyəti verəcək. Ancaq müqəddəs ruhu hamıya verəcək.

İsa Məsih diriləndən sonra 40 gün ərzində şagirdlərinə görünür. O, müxtəlif cismani bədənlər alır və onlara sağ olduğunu bir çox danılmaz sübutlarla göstərir. Üstəlik, onlara Allahın Padşahlığı haqqında göstərişlər verir (Həvarilərin işləri 1:3; 1 Korinflilərə 15:7).

Görünür, həvarilər hələ də Cəlilədədir. İsa peyğəmbər onlara Yerusəlimə qayıtmağı tapşırır. Onlarla şəhərdə görüşəndə belə deyir: «Yerusəlimdən uzaqlaşmayın, Atamın verdiyi və məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Çünki Yəhya su ilə vəftiz edib, siz isə bir neçə gündən sonra müqəddəs ruhla vəftiz ediləcəksiniz» (Həvarilərin işləri 1:4, 5).

Sonradan İsa peyğəmbər yenə həvarilərinə görünür. O, onları Zeytun dağının şərq yamacında yerləşən Beytaniyyəyə aparır (Luka 24:50). O gedəcəyi ilə bağlı onlara çox şey danışsa da, onlar hələ də Padşahlığın yer üzündə olacağını düşünürlər (Luka 22:16, 18, 30; Yəhya 14:2, 3).

Həvarilər İsa Məsihdən soruşurlar: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?» O cavab verir: «Dövrləri və tarixləri təyin etmək yalnız Atanın ixtiyarındadır, sizin bunları bilməyinizə gərək yoxdur». Sonra onların nə etməli olduqlarını yenə vurğulayaraq deyir: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həvarilərin işləri 1:6—8).

Həvarilər Zeytun dağında olarkən dirilmiş İsa Məsih onların gözü qarşısında göyə qalxmağa başlayır və bulud onu örtüb gizlədir. İsa Məsih indiki cismani bədənini tərk edib ruhani varlıq kimi göyə qalxır (1 Korinflilərə 15:44, 50; 1 Butrus 3:18). Həvarilər hələ də gözlərini göyə dikib baxarkən yanlarında cismani bədən almış iki ağ libaslı mələk peyda olur. Onlar deyirlər: «Ey cəliləlilər! Niyə durub göyə baxırsınız? Sizdən göyə götürülən bu İsanın göyə necə getdiyini gördünüzsə, elə də geri gələcək» (Həvarilərin işləri 1:10, 11).

İsa peyğəmbər yer üzünü təmtəraqlı surətdə yox, sakitcə, yalnız sadiq davamçılarının müşayiəti ilə tərk edir. Eynilə, onun gəlişi də təmtəraqlı şəkildə olmayacaq. Onun gəlişini və Padşah kimi hüzurunu yalnız sadiq davamçıları dərk edəcək.

Həvarilər Yerusəlimə qayıdırlar. Növbəti günlər ərzində onlar, digər şagirdlər, o cümlədən İsa peyğəmbərin anası Məryəm və qardaşları bir yerə yığışırlar (Həvarilərin işləri 1:14). Onlar aramsız dua edirlər. Dualarının mövzusundan biri də yenidən on iki həvari olmaları üçün Yəhuda İskəryutun əvəzinə bir həvari seçməkdir (Mətta 19:28). Onlar istəyirlər ki, seçəcəkləri şagird İsa Məsihin fəaliyyətinin və dirilməsinin şahidi olan adam olsun. Allahın fikrini öyrənmək üçün püşk atırlar. Bu, Müqəddəs Kitabda qələmə alınan sonuncu püşkatmadır (Zəbur 109:8; Məsəllər 16:33). Püşk Məttiyaya düşür və o, on bir həvarinin sırasına daxil edilir. Məttiya İsa Məsihin təbliğ etməyə göndərdiyi 70 şagirddən biri idi (Həvarilərin işləri 1:26).

Eramızın 33-cü ilində, İsa Məsih Allahın dərgahına qalxandan on gün sonra yəhudilərin Əllinci gün bayramı başlayır. Təxminən 120 şagird Yerusəlimdə bir evin üst mərtəbəsində toplaşır. Qəflətən güclü bir külək əsirmiş kimi, göydən bir səs gəlir və oturduqları evin hər tərəfinə yayılır. Alovun dillərinə bənzəyən bir şey onlara görünür, parçalanaraq hər birinin üzərinə qonur və şagirdlər müxtəlif dillərdə danışmağa başlayırlar. Bəli, İsa Məsih vəd etdiyi kimi, müqəddəs ruhu onların üzərinə tökür (Yəhya 14:26).