Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 125

Hənnanın, sonra da Qayafanın yanına aparılır

Hənnanın, sonra da Qayafanın yanına aparılır

MƏTTA 26:57—68 MARK 14:53—65 LUKA 22:54, 63—65 YƏHYA 18:13, 14, 19—24

  • MƏSİHİ SABİQ BAŞ KAHİN HƏNNANIN YANINA APARIRLAR

  • SİNEDRİON TƏRƏFİNDƏN QEYRİ-QANUNİ MƏHKƏMƏ

İsa Məsihi bir cinayətkar kimi, əli-qolu bağlı halda sabiq baş kahin Hənnanın yanına aparırlar. İsa Məsih 12 yaşında olarkən məbəddə Qanun müəllimlərini heyrətə gətirən zaman Hənna baş kahin idi (Luka 2:42, 47). Hənnadan sonra baş kahin vəzifəsini onun bəzi oğulları, indi isə kürəkəni Qayafa tutur.

İsa peyğəmbər Hənnanın evində olan zaman Qayafanın Sinedrionun üzvlərini bir araya yığmaq imkanı olur. Bu məhkəmə 71 nəfərdən ibarətdir, buraya baş kahin və başqaları daxildir.

Hənna İsa peyğəmbərdən şagirdləri və təlimləri haqda soruşur. Məsih cavab verir: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə vəz etmişəm. Heç bir sözü xəlvətdə deməmişəm. Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş» (Yəhya 18:19—21).

İsa peyğəmbər bunu deyəndə yanında durmuş bir keşikçi onun üzünə şillə çəkib deyir: «Böyük kahinlə belə danışırlar?» Ancaq peyğəmbər səhv bir şey etmədiyini bildiyinə görə cavab verir: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» (Yəhya 18:22, 23). Bundan sonra Hənna onu kürəkəni Qayafanın yanına göndərir.

Bu arada bütün Sinedrion — baş kahin, ağsaqqallar və mirzələr Qayafanın evində toplaşır. Onlar Pasxa gecəsi məhkəmə qurmaqla açıq-aşkar Qanuna qarşı çıxırlar. Lakin bu rəhbərlər heç bir vəchlə öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər.

Bu adamların qərəzsiz davranacağını demək çox çətindir. İsa Məsih İlazəri dirildəndə Sinedrion üzvləri artıq o vaxtdan onu öldürməyə qərar vermişdilər (Yəhya 11:47—53). Cəmi bir neçə gün əvvəl isə din xadimləri İsa Məsihi tutub öldürmək üçün hiylə qurmuşdular (Mətta 26:3, 4). Bəli, məhkəmə başlamazdan əvvəl artıq qərar çıxarılıb!

Onların qeyri-qanuni məhkəmə qurmaları qalsın bir yana, hələ bir böyük kahinlər və Sinedrionun digər üzvləri İsa Məsihin əleyhinə danışmaq üçün yalançı şahidlər axtarırlar. Ancaq elə bir şahid tapa bilmirlər ki, sözləri bir-birinə düz gəlsin. Axırda iki nəfər gəlib deyir: «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”» (Mark 14:58). Amma onların da sözləri tam üst-üstə düşmür.

Qayafa İsa Məsihdən soruşur: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?» (Mark 14:60). Lakin bu qədər şahidin bir-birilə uzlaşmayan rəvayətləri qarşısında İsa Məsih susur. Buna görə də baş kahin başqa fəndə əl atır.

Qayafa bilir ki, kiminsə özünü Allahın Oğlu adlandırması yəhudilərin xoşuna gəlmir. Bundan əvvəl İsa peyğəmbər iki dəfə özünü Allahın Oğlu adlandıranda onlar onu öldürmək istəmişdilər. Onlar yanlış olaraq düşünürdülər ki, peyğəmbər özünü Allaha tay tutur (Yəhya 5:17, 18; 10:31—39). Onların bu məsələyə münasibətindən hali olan Qayafa indi hiyləgərcəsinə ondan soruşur: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?» (Mətta 26:63). Əlbəttə ki, İsa Məsih Allahın Oğlu olduğunu deyir (Yəhya 3:18; 5:25; 11:4). Əgər o, belə deməsəydi, onda Allahın Oğlu və Məsih olduğunu danmış olardı. Buna görə də Məsih deyir: «Bəli, mənəm. Siz insan Oğlunun Qüdrətlinin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz» (Mark 14:62).

Qayafa bunu eşidən kimi artistcəsinə yaxasını cırıb qışqırır: «O küfr dedi! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. Hə, nə deyirsiniz?» Sinedrion ədalətsiz hökm çıxarır: «O ölməlidir» (Mətta 26:65, 66).

Sonra onlar İsa Məsihi ələ salmağa və ona yumruq vurmağa başlayırlar. Digərləri isə üzünə şillə çəkir və tüpürürlər. Sonra onlar onun üzünü örtüb yumruqlayır və rişxəndlə deyirlər: «Hə, peyğəmbər, tap görək səni kim vurdu?» (Luka 22:64). Beləcə, onlar bu gecə məhkəməsi zamanı İsa Məsihlə qanuna zidd və kobud davranırlar.