Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 114

Məsih «qoyunlara və keçilərə» hökm kəsir

Məsih «qoyunlara və keçilərə» hökm kəsir

MƏTTA 25:31—46

  • İSA MƏSİH «QOYUNLAR VƏ KEÇİLƏR» BARƏDƏ MƏSƏL ÇƏKİR

Zeytun dağında İsa Məsih elə indicə on qız və talantlar barədə məsəl çəkib. Görəsən, o, həvarilərinin onun hüzuruna və dövrün yekununa dair verdikləri suala cavabını necə yekunlaşdıracaq? O, cavabına qoyun və keçilər barədə məsəl çəkərək yekun vurur.

İsa peyğəmbər məsəlinə başlamazdan əvvəl hadisələrin hansı şəraitdə cərəyan edəcəyini təsvir edir: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək» (Mətta 25:31). İsa peyğəmbər məsəlin baş qəhrəmanının özü olduğunu aydın şəkildə bildirir. O, bundan əvvəl də bir neçə dəfə özünü «insan Oğlu» adlandırıb (Mətta 8:20; 9:6; 20:18, 28).

Bəs bu məsəl nə vaxt gerçəkləşəcək? Bu məsəl İsa Məsih bütün mələklərlə öz calalında gəlib şanlı taxtında əyləşəndə gerçəkləşəcək. O, bundan əvvəl də insan Oğlunun qüdrətlə, calal içində və mələklərilə buludların üzərində gələcəyini demişdi. Bəs bu, nə vaxt olacaq? «Müsibətdən dərhal sonra» (Mətta 24:29—31; Mark 13:26, 27; Luka 21:27). Beləcə, bu məsəlin gerçəkləşməsi İsa Məsihin calal içində gələcəyi vaxtda olacaq. Bəs onda o, nə edəcək?

Məsih izah edir: «İnsan Oğlu... şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. Qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq» (Mətta 25:31—33).

Sağ tərəfinə qoyduğu qoyunlar haqda o deyir: «Onda Padşah sağındakılara deyəcək: “Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın”» (Mətta 25:34). Onlar Padşahın rəğbətini necə qazanıb?

Padşah izah edir: «Acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz; çılpaq idim, məni geyindirdiniz; naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz». Bu qoyunlar, yəni saleh insanlar bu savab işləri nə vaxt gördüklərini ondan soruşanda o cavab verir: «Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz» (Mətta 25:35, 36, 40, 46). Onlar bu savab işləri göydə etmirlər, çünki orada nə xəstəlik, nə də aclıq var. Bu savab işlər yerdə Məsihin qardaşları üçün edilir.

Bəs sol tərəfdə olan keçilər barədə nə demək olar? İsa peyğəmbər deyir: «Sonra o [Padşah], solundakılara deyəcək: “Rədd olun buradan, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız”» (Mətta 25:41—43). Keçilər bu hökmə layiqdirlər, çünki onlar Məsihin qardaşları ilə mərhəmətlə davranmalı olduqları halda, bunu etmədilər.

Həvarilər başa düşürlər ki, gələcəkdə baş verəcək bu hökm əbədi nəticələr verəcək. İsa peyğəmbər onlara deyir: «Onda padşah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”. Bunlar əbədilik məhv ediləcəklər, salehlər isə əbədi həyata qovuşacaqlar» (Mətta 25:45, 46).

İsa Məsihin həvarilərinin sualına verdiyi cavab davamçılarını çox şey barədə düşündürməlidir. Bu cavab sayəsində onlar düşüncə tərzlərini və davranışlarını yoxlaya bilərlər.

Əlavə məlumat

İsa gələcək hadisələr haqda peyğəmbərlik edir

İsanın həvarilərinə dediyi əlamətlərin mənası nədir?

Məsihin qardaşlarına sədaqətlə kömək edənlər

Məsihin qoyun hökmü çıxardığı adamlar onun qardaşlarına necə kömək edirlər?