Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 128

Pilat və Hirod Məsihdə günah tapmır

Pilat və Hirod Məsihdə günah tapmır

MƏTTA 27:12—14, 18, 19 MARK 15:2—5 LUKA 23:4—16 YƏHYA 18:36—38

  • PİLAT VƏ HİROD MƏSİHİ SORĞU-SUALA ÇƏKİR

İsa Məsih padşah olduğunu Pilatdan gizlətmir. Bununla belə, onun Padaşhlığı Roma hökuməti üçün təhlükəli deyil. Məsih deyir: «Mənim Padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm. Xeyr, mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36). Bəli, İsa Məsihin Padşahlığı var, amma bu dünyadan deyil.

Pilat məsələni bu yerdə qoymur. O deyir: «Deməli, sən padşahsan?» İsa Məsih Pilatın düzgün qənatə gəldiyini göstərmək üçün ona deyir: «Düz deyirsən, mən padşaham. Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm. Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır» (Yəhya 18:37).

O, bir dəfə Tomasa demişdi: «Yol, həqiqət və həyat mənəm». İndi hətta Pilat da eşidir ki, yer üzünə gəlməkdə İsanın əsas məqsədi həqiqətə, xüsusilə də Padşahlıqla bağlı həqiqətə şəhadətlik etməkdir. İsa Məsih bu həqiqətə vəfalı qalmaq üçün həyatını belə verməyə hazırdır. Pilat: «Həqiqət nədir?!» — deyə soruşur, ancaq ondan izahat gözləmir. Pilat düşünür ki, eşitdiyi şeylər hökm çıxarmaq üçün kifayətdir (Yəhya 14:6; 18:38).

Bundan sonra Pilat bayırda duran camaatın qarşısına çıxır. Ehtimal ki, İsa peyğəmbər də onun yanındadır. Pilat böyük kahinlərə və onların yanında duranlara deyir: «Mən bu adamda bir günah görmürəm». Bu qərar camaatın hiddətinə səbəb olur və onlar təkid edirlər: «Bu adam bütün Yəhudiyyədə, Cəlilədən tutmuş buraya kimi hər yerdə təlimləri ilə xalqı qızışdırır» (Luka 23:4, 5).

Yəhudilərin ağılsızlığı və fanatizmi, yəqin, Pilatı təəccübləndirir. Böyük kahinlər və ağsaqqallar qışqırarkən Pilat üzünü İsaya tutub deyir: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» (Mətta 27:13). İsa peyğəmbər isə heç bir cavab vermir. Bu şiddətli ittihamlar qarşısında onun sakit qalması Pilatı heyrətləndirir.

Yəhudilər İsa Məsihin Cəlilədən başlayaraq təlim verdiyini demələrindən Pilat onun Cəlilədən olduğunu öyrənir. İsa Məsihə hökm çıxarmaq məsuliyyətindən yaxasını qurtarmaq üçün onun ağlına bir fikir gəlir. Bu vaxt Cəlilənin hakimi Hirod Antipa (Böyük Hirodun oğlu) Pasxa bayramı ilə əlaqədar Yerusəlimdədir. Bu səbəbdən Pilat İsa Məsihi onun yanına göndərir. Vəftizçi Yəhyanın boynunu vurduran məhz Hirod Antipa idi. Sonralar Hirod İsa Məsihin möcüzələri barədə eşidəndə onun dirilmiş Yəhya olduğunu sanıb bərk qorxuya düşmüşdü (Luka 9:7—9).

Hirod İsa Məsihi görəcəyi üçün çox sevinir. Amma onun məqsədi Məsihə kömək etmək deyil, heç ona qarşı sürülən ittihamların doğru olub-olmadığı da onu maraqlandırmır. Hirod sadəcə ümid edir ki, bəlkə, o, bir neçə möcüzə göstərdi (Luka 23:8). Ancaq İsa peyğəmbər Hirodun arzusunu ürəyində qoyur. O hətta Hirodun bir dənə də olsun sualına cavab vermir. Pərt olmuş Hirod və onun mühafizəçiləri İsa Məsihi alçaltmağa başlayırlar (Luka 23:11). Onun əyninə gözəl bir libas geyindirib ələ salırlar. Sonra Hirod onu Pilatın yanına göndərir. Bir-birinə düşmən kəsilən Hirodla Pilat indi yaxın dost olurlar.

İsa Məsihi Pilatın yanına gətirirlər. Pilat böyük kahinləri, yəhudi rəhbərlərini və xalqı bir yerə yığıb deyir: «Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır. Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. Buna görə də onu cəzalandırıb buraxacağam» (Luka 23:14—16).

Pilat başa düşür ki, kahinlər İsa Məsihi paxıllıqdan ələ veriblər. Bu səbəbdən onu azad etməyə çalışır. Bu dəm baş verən bir hadisə onun bu istəyini daha da gücləndirir. Pilat hakim kürsüsündə oturduğu zaman arvadı xəbər göndərib deyir: «Bu saleh adamla işin olmasın, ona görə bu gecə yuxuda [görünür, Allahdan aldığı yuxuda] yaman əziyyət çəkmişəm» (Mətta 27:19).

Pilat bilir ki, bu günahsız adamı buraxmalıdır, amma necə?