Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 120

Bəhrə gətirən budaqlar və Məsihin dostları

Bəhrə gətirən budaqlar və Məsihin dostları

YƏHYA 15:1—27

  • HƏQİQİ MEYNƏ VƏ BUDAQLARI

  • MƏSİHİN MƏHƏBBƏTİNDƏ NECƏ QALMAQ OLAR?

İsa Məsih sadiq həvariləri ilə dostyana söhbətini davam etdirərək onları ruhlandırır. Artıq gecdir, ehtimal ki, gecəyarısını keçib. Məsih onlara ruhlandırıcı bir məsəl danışır.

O, məsəlinə belə başlayır: «Mən həqiqi meynəyəm, Atam isə bağbandır» (Yəhya 15:1). Onun məsəli əsrlər öncə Yehovanın meynəsi adlanan İsrail xalqı barədə deyilənlərə bənzəyir (Ərəmya 2:21; Huşə 10:1, 2). Lakin Yehova Allah həmin xalqı kəsib atdı (Mətta 23:37, 38). Buna görə İsa Məsih yeni bir fikir deyir. O, yeni meynədir. Yehova Allah eramızın 29-cu ilində onu müqəddəs ruhla məsh edən vaxtdan bəri bu simvolik meynəni yetişdirir. Ancaq Məsih göstərir ki, meynə təkcə onun özünü təmsil etmir. O deyir:

«[Atam] məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır ki, onlar daha çox bar gətirsin... Necə ki budaq meynənin üstündə olmasa, öz-özündən bar verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız, bar gətirə bilməzsiniz. Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız» (Yəhya 15:2—5).

Məsih sadiq davamçılarına vəd edib ki, o gedəndən sonra onlara köməkçi, müqəddəs ruh göndərəcək. 51 gündən sonra həvarilər və digərləri müqəddəs ruhu alanda meynənin budaqları olurlar. Bütün bu budaqlar İsa Məsihlə vəhdətdə olmalıdır. Hansı məqsədlə?

O izah edir: «Mənimlə vəhdətdə qalan və mənim də vəhdətdə olduğum adam çoxlu bar gətirir. Siz məndən ayrı heç nə edə bilməzsiniz». Bu budaqlar, yəni Məsihin sadiq davamçıları onun nümunəsini izləməklə, insanlara Allahın Padşahlığı barəsində danışmaqla və şagird hazırlamaqla çoxlu bar gətirəcəklər. Bəs əgər kimsə İsa Məsihlə vəhdətdə qalmasa və bar gətirməsə, onda necə? O izah edir: «Mənimlə vəhdətdə qalmayan kəs budaq kimi kəsilib atılır». Digər tərəfdən İsa Məsih deyir: «Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək» (Yəhya 15:5—7).

İndi İsa Məsih artıq iki dəfə danışdığı məsələyə — onun əmrlərinə əməl etmək mövzusuna qayıdır (Yəhya 14:15, 21). Onlar Məsihin əmrlərinə riayət etdiklərini necə göstərə bilərlər? Məsih bunun yolunu göstərir: «Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız». Lakin Yehova Allahı və İsa Məsihi sevməyimiz kifayət deyil. İsa Məsih deyir: «Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin. Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur. Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız» (Yəhya 15:10—14).

Bir neçə saatdan sonra İsa peyğəmbər öz həyatını ona iman edən hər bir insan uğrunda qurban verməklə misilsiz məhəbbətini təzahür etdirəcək. Onun davamçıları bu məhəbbət nümunəsini izləyərək bir-birilərini fədakarcasına sevməlidirlər. Bu məhəbbət onları başqalarından fərqləndirəcək. Axı İsa peyğəmbər demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:35).

Həvarilər İsa Məsihin onları dost adlandırmasına diqqət yetirməlidirlər. O, onları nəyə görə dost adlandırdığını belə izah edir: «Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim». İsa Məsihin yaxın dostu olmaq, Atanın ona dediklərini bilmək, həqiqətən də, böyük şərəfdir! Lakin bu dostluğu qoruyub saxlamaq üçün onun davamçıları daima bar gətirməlidirlər. İsa Məsih deyir ki, əgər onlar bar gətirsələr, Atası onun adı ilə dilədikləri hər şeyi onlara verəcək (Yəhya 15:15, 16).

Bu budaqlar, yəni şagirdlər arasındakı məhəbbət onlara gələcəkdə üzləşəcəkləri çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Məsih onları xəbərdar edir ki, dünya onlara nifrət edəcək. Bununla belə, onlara təsəlli verərək deyir: «Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib. Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi... Siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir» (Yəhya 15:18, 19).

İsa Məsih dünyanın onlara nəyə görə nifrət edəcəyinin digər səbəbini göstərir: «Mənim adıma görə bütün bunları başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar». İsa Məsih deyir ki, onun göstərdiyi möcüzələr ona nifrət edənləri mühakimə edir: «Onların arasında misli görünməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq məni gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər». Əslində, onların nifrət etməsi ilə peyğəmbərlik yerinə yetir (Yəhya 15:21, 24, 25; Zəbur 35:19; 69:4).

İsa peyğəmbər onları bir daha əmin edir ki, onlara köməkçi, müqəddəs ruh göndərəcək. Hər şeyə qadir olan bu qüvvəni onun bütün davamçıları ala bilər. Həmin ruh onlara bar gətirməyə, yəni şəhadət verməyə kömək edəcək (Yəhya 15:27).