Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 135

Dirilən İsa Məsih çoxlarına görünür

Dirilən İsa Məsih çoxlarına görünür

LUKA 24:13—49 YƏHYA 20:19—29

  • İSA MƏSİH İMMASA GEDƏN YOLDA ŞAGİRDLƏRİNƏ GÖRÜNÜR

  • O, DƏFƏLƏRLƏ ŞAGİRDLƏRİNƏ AYƏLƏRİ AÇIQLAYIR

  • HƏVARİ TOMAS ŞÜBHƏ EDİR

Bazar günü nisanın 16-dır. Şagirdlər dilxordurlar. Onlar sərdabənin nəyə görə boş qaldığını başa düşmürlər (Mətta 28:9, 10; Luka 24:11). Axşama yaxın Kleopas və başqa bir şagird Yerusəlimdən təqribən 11 kilometr uzaqlıqda yerləşən İmmasa yola düşürlər.

Onlar gedə-gedə baş verənlər barədə aralarında söhbət edirlər. Yolda tanımadıqları bir adam onlara qoşulur və soruşur:

— Nə barədə danışırsınız?

— Sən qəribsən, Yerusəlimdə tək qalırsan ki, xəbərin yoxdur bu günlərdə şəhərdə nə baş verib? — deyə Kleopas cavab verir.

— Nə olub ki? (Luka 24:17—19).

— Nəsrani İsa ilə bağlı hadisələri deyirik, — deyə onlar cavab verirlər. — Biz isə ümid edirdik ki, o, İsraili azad edəcək (Luka 24:19—21).

Kleopas və onun yol yoldaşı günün əlamətdar hadisələrini — qadınların İsa Məsihin dəfn olunduğu sərdabəyə gedəndə onu boş gördüyünü, sonra isə mələklərin peyda olub İsanın dirilməsini xəbər verdiyini danışırlar. Onlar həmçinin deyirlər ki, başqaları da sərdabəyə gedib hər şeyin qadınların dediyi kimi olduğunu görüblər (Luka 24:24).

Baş verənlər bu iki şagirdi çaşbaş qoyub. Tanımadıqları adam ixtiyar sahibi kimi danışaraq onların düşüncələrinə düzəliş edir və onlara təsir edən sözlər deyir: «Ey ağılsızlar! Ey peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! Məgər Məsih bu əzablara qatlaşmalı və sonra şərəfə çatmalı deyildi?» (Luka 24:25, 26). Sonra Müqəddəs Yazılarda Məsihlə bağlı deyilən bir çox ayələri onlara izah edir.

Nəhayət, onlar İmmasa çatırlar. Şagirdlər ondan daha çox şey öyrənmək istədikləri üçün təkid edirlər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». O razılaşır və şam yeməyinə qalır. O dua edir və çörəyi bölüb onlara verir. Onda şagirdlər onun İsa Məsih olduğunu başa düşürlər, amma İsa qeyb olur (Luka 24:29—31). İndi onlar tam əmindirlər ki, İsa Məsih sağdır!

Bu iki şagird başlarına gələnləri şövqlə dilə gətirirlər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:32). Onlar vaxt itirmədən Yerusəlimə qayıdırlar. Orada həvariləri və onlarla birlikdə olan başqa adamları görürlər. Kleopasla yoldaşı ağızlarını açmamış onlar sevincək deyirlər: «Doğrudan da, Ağa dirilib və Şimona görünüb!» (Luka 24:34). Sonra Kleopasgil də İsa Məsihin onlara göründüyünü danışırlar. Bəli, onlar da bunun şahididir.

Hamı donub qalır: İsa Məsih otaqda peyda olur! Bu inanılmazdır, axı onlar yəhudilərin qorxusundan bütün qapıları kilidləyiblər. Buna baxmayaraq, İsa Məsih otağın ortasında durub həlim səslə deyir: «Sizə salam olsun». Amma onlar bərk qorxublar. Bundan əvvəl olduğu kimi, elə zənn edirlər ki, qabaqlarındakı ruhdur (Luka 24:36, 37; Mətta 14:25—27).

Amma İsa peyğəmbər özünün qarabasma və kabus olmadığını və ətdən qandan olduğunu göstərmək üçün əllərini və ayaqlarını göstərib deyir: «Niyə qorxursunuz? Nə üçün ürəyinizdə şübhələr var? Əllərimə, ayaqlarıma baxın. Bu, mənəm. Mənə toxunun, baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var» (Luka 24:36—39). Onlar təəccüblənirlər, sevinirlər, amma hələ də ürəklərində xal qalıb.

İsa Məsih real olduğunu onlara başa salmaq üçün soruşur: «Yeməyə bir şeyiniz var?» Qızardılmış balıqdan bir az yedikdən sonra o deyir: «Hələ sizinlə olanda [ölməzdən əvvəl] sizə məhz bu haqda danışmışdım. Sizə demişdim ki, Musanın Tövratında, Peyğəmbərlərin kitabında və Zəburda mənim haqqımda yazılanlar yerinə yetməlidir» (Luka 24:41—44).

İsa Məsih Kleopasa və onun dostuna izah etdiyi ayələri indi burada toplaşanların hamısına izah edir: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gündə diriləcək, Yerusəlimdən başlayaraq bütün xalqlara onun adı ilə günahların bağışlanması üçün tövbə təbliğ olunacaq. Siz bunların şahidi olacaqsınız» (Luka 24:46—48).

Müəyyən səbəblərə görə Tomas burada yoxdur. Bir necə gündən sonra şagirdlər sevinə-sevinə ona deyirlər: «Biz Ağanı gördük!» Tomas isə cavab verir: «Əgər onun əllərində mıx izlərini görməsəm, bu yaralara barmağımla toxunmasam, əlimi onun böyrünə qoymasam, ömrümdə inanmaram» (Yəhya 20:25).

Bu hadisədən səkkiz gün sonra şagirdlər yenidən bir yerə toplaşırlar. Tomas da onlarladır. Qapılar qıfıllı olsa da, İsa Məsih yenə də otağın ortasında peyda olub deyir: «Sizə salam olsun!» Sonra Tomasa müraciət edir: «Barmağını bura qoy və əllərimə bax. Əlini uzat, böyrümə qoy və daha şübhə etmə, inan!» Tomas nida edir: «Ağam, allahım!» (Yəhya 20:26—28). İndi o, İsa Məsihin sağ olduğuna və ilahi varlıq olduğuna iynənin ucu qədər də olsun şübhə etmir.

İsa peyğəmbər ona deyir: «Məni gördüyün üçün inandın? Görməyib iman edənlər nə xoşbəxtdirlər!» (Yəhya 20:29).