Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 109

İsa peyğəmbər əleyhdarlarını mühakimə edir

İsa peyğəmbər əleyhdarlarını mühakimə edir

MƏTTA 22:41—23:24 MARK 12:35—40 LUKA 20:41—47

  • MƏSİH KİMİN OĞLUDUR?

  • MƏSİH İKİÜZLÜ ƏLEYHDARLARINI İFŞA EDİR

Nisanın 11-dir. Din xadimlərinin İsa Məsihi gözdən salmaq, sözdə tutmaq və onu Roma imperiyasına qarşı çıxarmaq cəhdləri boşa çıxdı (Luka 20:20). Hələ də məbəddə olan peyğəmbər söhbəti elə dəyişir ki, onların əsil üzü ortaya çıxır. İndi o, onlardan soruşur: «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» (Mətta 22:42). Hamı çox yaxşı bilir ki, Məsih Davud peyğəmbərin nəslindən gəlməlidir. Onlar da elə bunu deyirlər (Mətta 9:27; 12:23; Yəhya 7:42).

İsa peyğəmbər soruşur: «Necə olur ki, Davud ilham alaraq onu “Ağa” adlandırıb deyir: “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”? Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» (Mətta 22:43—45).

Fərisilər susurlar. Çünki onlar Davud peyğəmbərin nəslindən olan bir adamın gəlib onları Roma imperiyasının əsarətindən qurtaracağını düşünürlər. Amma İsa Zəbur 110:1, 2 ayələrinə istinad edərək Məsihin adi insan hökmdarından üstün olacağını vurğulayır. Məsih Davud peyğəmbərin ağası olacaq. Allahın sağında əyləşəndən sonra qüdrətini göstərəcək. İsa peyğəmbərin sözləri qarşısında onun əleyhdarları heç bir söz deyə bilmirlər.

İsa peyğəmbəri bir çox insanlar və şagirdləri dinləyir. İndi o, onlara müraciət edərək özlərini mirzələrdən və fərisilərdən qorumağa çağırır. Bu adamlar Musa peyğəmbərin yerində oturub Allahın qanunlarını öyrədirlər. İsa Məsih dinləyicilərinə göstəriş verir: «Dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər» (Mətta 23:2, 3).

Sonra İsa Məsih onların ikiüzlü olmalarına dair bir neçə nümunə çəkir: «Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir». Bəzi yəhudilər Tövratdan götürülmüş parçaları kiçik qutucuqlara qoyub alınlarına və qollarına bağlayırlar. Fərisilər camaatın gözünə kül üfürüb, guya Qanunu səylə icra etdiklərini göstərmək üçün bu qutucuqları böyüdürlər. Onlar həmçinin paltarlarının ətəyindəki saçaqları da uzadırlar. Düzdür, Allah israillilərə paltarlarının ətəyinə saçaq vurmağı buyurmuşdu (Saylar 15:38—40). Amma fərisilər özlərini insanlara göstərmək üçün bunu edirlər (Mətta 23:5).

Şan-şöhrət qazanmaq istəyi İsa Məsihin şagirdlərinə də sirayət edə bilər. Buna görə də peyğəmbər onlara nəsihət verir: «Qoymayın sizi “Rabbi” çağırsınlar, çünki sizin bir Ustadınız var, siz isə bir-birinizə qardaşsınız. Həmçinin yer üzündə heç kəsi “Ata” çağırmayın, çünki bir Atanız var, O da göydədir. Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir». Bəs şagirdlər özlərinə necə yanaşmalıdırlar? Onlar nə etməlidirlər? Peyğəmbər onlara deyir: «Aranızda ən böyük kimdirsə, qoy sizə nökər olsun. Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mətta 23:8—12).

Sonra İsa peyğəmbər ikiüzlü mirzələrə və fərisilərə dəfələrlə «vay halınıza» deyir: «Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz səmavi Padşahlığın qapılarını insanların üzünə bağlayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri qoyursunuz» (Mətta 23:13).

Fərisilər ruhani dəyərləri tapdaladıqları üçün İsa peyğəmbər onları mühakimə edir. Onlar bunu özlərinə sərf edən fikirləri irəli sürməklə göstərirlər. Məsələn, onlar deyirlər: «Əgər kimsə məbədə and içirsə, eybi yox, amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir». Onlar məbədin qızılını bu ibadət yerinin ruhani dəyərindən yuxarı tutmaqla əxlaqi cəhətdən kor bələdçi olduqlarını göstərirlər. Onlar «Tövratdakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə» fikir vermirlər (Mətta 23:16, 23; Luka 11:42).

İsa Məsih bu fərisiləri «ağcaqanadı süzgəclə ayırıb, dəvəni diri-diri udan, kor bələdçilər» adlandırır (Mətta 23:24). Onlar şərabı süzgəcdən keçirirlər ki, onun içinə ağcaqanad düşməsin. Dini ayinlərə görə, ağcaqanad murdar sayılır. Lakin fərisilər Qanunun daha vacib tələblərinə laqeyd yanaşırlar, yəni dini ayinlərə görə natəmiz heyvan olan dəvəni, sanki, diri-diri udurlar (Lavililər 11:4, 21—24).