Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 136

Сəlilə dənizinin sahilində

Сəlilə dənizinin sahilində

YƏHYA 21:1—25

  • İSA PEYĞƏMBƏR CƏLİLƏ DƏNİZİ SAHLİNDƏ PEYDA OLUR

  • BUTRUSA VƏ BAŞQALARINA QUZULARI OTARMAQ TAPŞIRILIR

Həvariləri ilə keçirdiyi sonuncu gecə İsa Məsih demişdi: «Diriləndən sonra mən sizin qabağınızca Cəliləyə gedəcəyəm» (Mətta 26:32; 28:7, 10). İndi davamçılarının çoxu ora yollanır. Bəs Cəlilədə onlar nə etməlidirlər?

Butrus həvarilərin altısına deyir: «Gedirəm balıq tutmağa». Onlar da deyirlər: «Biz də səninlə gedirik» (Yəhya 21:3). Həvarilər bütün gecəni heç nə tuta bilmirlər. Hava işıqlaşanda İsa peyğəmbər sahildə görünür, amma onlar onu tanımırlar. Məsih onları çağırır: «Balalar, yeməyə bir şeyiniz var?» Onlar: «Yoxdur», — deyə cavab verirlər. Onda Məsih onlara deyir: «Toru qayığın sağ tərəfindən atın, tutacaqsınız» (Yəhya 21:5, 6). Tora o qədər balıq düşür ki, dartıb çıxara bilmirlər.

Yəhya Butrusa deyir: «Bu, Ağadır!» (Yəhya 21:7). Butrus bunu eşidən kimi paltarını tez əyninə keçirib suya tullanır. O, təxminən 90 metr üzüb sahilə çıxır. Qalanları isə balıqla dolu toru çəkə-çəkə yavaş-yavaş qayıqla gəlirlər.

Sahilə çatanda onlar görürlər ki, «tonqalın üstündə balıq, yanında da çörək var». İsa Məsih deyir: «Tutduğunuz balıqdan bir neçəsini gətirin». Butrus toru dartıb sahilə çıxarır. Tora 153 balıq düşüb. Məsih onları dəvət edir: «Gəlin səhər yeməyinizi yeyin». Şagirdlərdən heç biri cəsarət edib: «Sən kimsən?» — deyə soruşmurlar, çünki hamısı onun Məsih olduğunu başa düşüb (Yəhya 21:10—12). Bu, üçüncü dəfədir ki, İsa Məsih bir qrup şagirdinə görünür.

İsa peyğəmbər onların hər birinə çörək və balıq verir. Sonra, ehtimal ki, balıqlara baxıb soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən, bunları?» Ola bilərmi ki, Butrus İsa Məsihin buyurduğu işdən çox, balıqçılıq işinə bağlanıb? Butrus cavab verir: «Ağa, yaxşı bilirsən ki, səni çox istəyirəm». Məsih ona deyir: «Quzularımı bəslə» (Yəhya 21:15).

İsa peyğəmbər birdə soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» Çox güman ki, çaş-baş qalan Butrus əminliklə cavab verir: «Bəli, Ağa, sən bilirsən ki, səni çox istəyirəm». Peyğəmbər eyni sözləri deyir: «Quzularımı otar» (Yəhya 21:16).

Peyğəmbər üçüncü dəfə soruşur: «Yəhya oğlu Şimon, məni çox istəyirsən?» Ola bilsin, Butrus fikirləşir ki, İsa peyğəmbər onun sadiqliyinə şübhə edir. Butrus qətiyyətlə cavab verir: «Ağa, sən hər şeyi bilirsən. Sən yaxşı bilirsən ki, səni çox istəyirəm». Peyğəmbər yenidən Butrusun nə etməli olduğunu vurğulayır: «Quzularımı bəslə» (Yəhya 21:17). Bəli, məsul şəxslər Allahını sürüsünü bəsləməlidir.

Allahın tapşırdığı işi yerinə yetirdiyi üçün İsa peyğəmbər həbs edilib edam olunmuşdu. İndi o, Butrusa deyir ki, onun da axırı belə olacaq. Məsih deyir: «Cavanlığında özün geyinib istədiyin yerə gedirdin, amma qocalanda əllərini uzadacaqsan, başqası səni geyindirib istəmədiyin yerə aparacaq». Ancaq, bununla belə, Məsih onu təşviq edir: «Bundan sonra da ardımca gəl» (Yəhya 21:18, 19).

Butrus həvari Yəhyaya işarə edib soruşur: «Ağa, bəs bu necə olacaq?» Doğrudan da, İsa Məsihin sevimli şagirdinin gələcəyi necə olacaq? Məsih cavab verir: «Əgər mən gələnəcən onun qalmasını istəyirəmsə, bundan sənə nə?» (Yəhya 21:21—23). Başqalarının nə edib-etməməsi Butrusu maraqlandırmamalıdır. O, başını aşağı salıb ona həvalə olunan işi yerinə yetirməlidir. Amma eyni zamanda İsa Məsih vurğulayır ki, Yəhya digər həvarilərdən daha çox yaşayacaq və o, İsa Məsihin Padşahlıq calalında gəldiyini vəhy vasitəsilə görəcək.

İsa peyğəmbərin gördüyü başqa işlər də var, lakin onların hamısı bir-bir yazılsaydı, yazılan tumarlar dünyaya sığmazdı.