Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 126

Butrus İsa Məsihi danır

Butrus İsa Məsihi danır

MƏTTA 26:69—75 MARK 14:66—72 LUKA 22:54—62 YƏHYA 18:15—18, 25—27

  • BUTRUS QAYAFANIN EVİNDƏ İSA MƏSİHİ DANIR

İsa Məsih Getsemani bağında həbs olunanda həvarilər qorxudan onu qoyub qaçırlar. Lakin birdən onlardan ikisi dayanır. Bu, Butrus və başqa bir şagird, ehtimal ki, həvari Yəhyadır (Yəhya 18:15; 19:35; 21:24). Görünür, onlar qayıdıb İsa peyğəmbəri Hənnanın evinə aparan izdihama çatırlar. Hənna Məsihi baş kahin Qayafanın yanına göndərəndə Butrusla Yəhya bir az aralıdan onun dalınca gedirlər. Onlar həm öz canları üçün qorxurlar, həm də Ağalarına görə narahatdırlar.

Onlar Qayafanın imarətinə çatırlar. Həvari Yəhya baş kahinin tanışı olduğu üçün həyətə girə bilir. Həvari Butrus isə bayırda qalır. Yəhya bir azdan geri dönür və qapıçı qızla danışır, o da Butrusu içəri buraxır.

Bu gecə hava soyuq olduğundan oradakılar tonqal qalayıblar. Butrus İsa Məsihin məhkəməsinin nə ilə qurtaracağını gözləyir və isinmək üçün tonqala yaxınlaşır (Mətta 26:58). Onu içəri buraxan qapıçı qız tonqalın işığında onun üzünə diqqətlə baxıb ucadan deyir: «Sən onun şagirdi deyilsən, yox?» (Yəhya 18:17). Amma Butrusun İsa Məsihlə bir yerdə gəzdiyini deyən təkcə bu qadın deyil (Mətta 26:69, 71—73; Mark 14:70).

Butrus çox məyus olur. O, diqqət cəlb etməməyə çalışır, hətta darvazaya tərəf gedir. Beləcə, Butrus İsa Məsihlə olduğunu danır və hətta sonra deyir: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm» (Mark 14:67, 68). Butrus həmçinin özünə lənət yağdırıb and-aman edir, başqa sözlə, o, həqiqəti söylədiyinə görə and içməyə və əgər yalan danışırsa, lənət yiyəsi olmağa hazır olduğunu bildirir (Mətta 26:74).

Bu arada İsa Məsihin məhkəməsi gedir. Görünür, məhkəmə imarətin həyətə baxan yuxarı mərtəbəsində keçirilir. Şübhəsiz, Butrusla aşağıda duran başqa adamlar şahidlərin bir-bir girib-çıxdığını görürlər.

Butrusun Cəlilə ləhcəsi ilə danışması onun yalançı olduğunu üzə çıxarır. Bundan əlavə, oradakılardan biri Butrusun qulağını kəsdiyi Məlkin qohumudur. Buna görə də Butrusu ittiham etməyə başlayırlar: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?» Məsihin dediyi kimi, Butrus üçüncü dəfə İsa Məsihi dananda xoruz banlayır (Yəhya 13:38; 18:26, 27).

Görünür, bu an İsa Məsih eyvanda olur. O dönüb düz Butrusun gözünün içinə baxır. Onun baxışı Butrusun ürəyini xəncər kimi yarır. Məsihin bir neçə saat bundan əvvəl yuxarı mərtəbədə dediyi sözlər onun yadına düşür. Butrus nə etdiyini başa düşəndə təsəvvür etmək olar hansı hissləri keçirir! O, çölə çıxıb hönkür-hönkür ağlayır (Luka 22:61, 62).

Görəsən, necə oldu ki, Butrus öz Ağasını dandı? Axı o, ruhani cəhətdən güclü və Məsihə vəfalı olduğuna əmin idi! Həqiqət təhrif edilmiş, Məsih qatı cinayətkar kimi ittiham olunmuşdu. Butrusun bu günahsız insanı müdafiə etmək imkanı olanda o, «əbədi həyatın sözləri olan» bu adama arxa çevirir (Yəhya 6:68).

Butrusun acı təcrübəsi göstərir ki, hətta imanlı və sədaqətli insan qabaqcadan gözlənilməz sınaq və imtahanlara hazırlaşmayıbsa, ruhani müvazinətini itirə bilər. Ümidvarıq ki, Butrusun başına gələnlər Allahın bütün xidmətçiləri üçün ibrət dərsi olacaq!