Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 138

Məsih Allahın sağındadır

Məsih Allahın sağındadır

HƏVARİLƏRİN İŞLƏRİ 7:56

  • MƏSİH ALLAHIN SAĞINDA OTURUB

  • ŞAUL MƏSİHİN ŞAGİRDİ OLUR

  • SEVİNMƏYƏ SƏBƏBİMİZ VAR

İsa Məsih göyə qalxandan on gün sonra Əllinci gün bayramında şagirdlərin üzərinə müqəddəs ruh töküldü. Bu da İsa Məsihin artıq Allahın dərgahında olduğunu göstərdi. Üstəlik, qarşıda baş verəcək hadisələrin olacağına dair sübut idi. Həmçinin Məsihin şagirdi Stefan daşqalaq olunmazdan öncə vurğulamışdı: «Budur, mən göyün açıldığını və insan Oğlunun Allahın sağında durduğunu görürəm» (Həvarilərin işləri 7:56).

İsa Məsih göydə olduğu müddətdə Müqəddəs Kitabda peyğəmbərlik olunan xüsusi bir əmri gözləyir. Davud peyğəmbər Allahdan ilham alaraq yazmışdı: «Yehova ağama [İsa Məsihə] dedi: “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”». Bu müddət bitəndən sonra o gedib düşmənlərinin arasında hakimiyyət sürəcək (Zəbur 110:1, 2). Bəs onun düşmənlərinə qarşı tədbir görülən vaxta qədər o göydə nə edəcək?

Eramızın 33-cü ilinin Əllinci gün bayramında məsihi yığıncağı yarandı. İsa Məsih göydən məsh olunmuş şagirdləri üzərində rəhbərlik etməyə başladı (Koloslulara 1:13). O, təbliğ işində onlara istiqamət verir və onları gələcək vəzifələrinə hazırlayırdı. Hansı vəzifəyə? Ölənəcən sadiq qalan kəslər dirilib Allahın Padşahlığında İsa Məsihlə birgə padşahlıq edəcək.

Gələcəkdə padşah olacaq şəxslərdən biri Şaul idi. O, daha çox Roma adı olan Bulus kimi tanınır. Bulus uzun müddət Allahın Qanununun qeyrətini çəkən yəhudi idi. Amma din xadimləri ona yanlış istiqamət vermişdilər; belə ki, o hətta İsa Məsihin şagirdi olan Stefanın daşqalaq olunmasını dəstəkləmişdi. Bundan sonra Ağanın şagirdlərini hədələyən və onları öldürmək arzusu ilə alışıb-yanan Bulus Dəməşqə yollanır. Baş kahin Qayafadan aldığı səlahiyyətlə ora gedir ki, İsa Məsihin davamçılarını tutub Yerusəlimə gətirsin (Həvarilərin işləri 7:58; 9:1). O, yol ilə gedərkən qəflətən parlaq bir işıq onun ətrafına nur saçır və o, yerə yıxılır. Qeybdən bir səs deyir:

— Şaul, Şaul, məni niyə təqib edirsən?

— Ağa, sən kimsən?

— Mən sənin təqib etdiyin İsayam (Həvarilərin işləri 9:4, 5).

İsa Məsih Şaula əmr edir ki, Dəməşqə getsin və ondan göstəriş alanacan orada gözləsin. Amma möcüzəvi işıq onu kor etdiyinə görə o, ora başqasının köməyilə gedir. Dəməşqdə yaşayan Hənənya adlı bir şagird də görüntü görür. Məsih ona bir ünvan deyib Şaulun yanına getməyi buyurur. Hənənya onun yanına getməyə qorxur, amma İsa Məsih ona ürək-dirək verir: «Bu adam adımı xalqlara, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir». Şaulun gözləri açılır və o, Dəməşqdə İsa Məsih haqqında şəhadət verərək onun Allahın Oğlu olduğunu təbliğ etməyə başlayır (Həvarilərin işləri 9:15, 20).

İsa Məsihin köməyi ilə Şaul, yəni Bulus və digər müjdəçilər Məsihin başladığı təbliğ işini həyata keçirməyə müvəffəq oldular. Çünki Allah onların işlərini avand edirdi. Bulusun Dəməşqə getdiyi yolda başına gələnlərdən təxminən 25 il sonra o yazmışdı ki, «müjdə səma altında yaşayanların hamısına təbliğ edilib» (Koloslulara 1:23).

Bunun üstündən illər keçəndən sonra İsa Məsih artıq qocalmış sevimli həvarisi Yəhyaya silsilə görüntülər verir. Yəhya Müqəddəs Yazıların «Vəhy» kitabında təsvir etdiyi bu görüntülər vasitəsilə, demək olar ki, sağ ikən İsa Məsihin Padşahlıq calalında qayıtdığını görür (Yəhya 21:22). Yəhya deyir: «Mən [Yəhya] müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım» (Vəhy 1:10). Bəs Ağanın günü nə vaxt olacaq?

Müqəddəs Kitab peyğəmbərliklərini diqqətlə araşdıranda məlum olur ki, «Ağanın günü» müasir dövrdə, 1914-cü ildə Birinci Dünya müharibəsinin qopması ilə başlayıb. O vaxtdan bəri neçə illərdir ki, müharibələr, qırğınlar, aclıq, zəlzələlər və digər hadisələr baş alıb gedir. Bununla da İsa Məsih öz hüzuru və dövrün yekunu barədə həvarilərinə dediyi əlamət geniş miqyasda yerinə yetir (Mətta 24:3, 7, 8, 14). İndi isə Allahın Padşahlığı barədə xoş müjdə sadəcə Roma imperiyasının ərazisində yox, bütün dünyada bəyan edilir.

Həvari Yəhya Allahdan ilham alaraq bunların nəyə işarə etdiyini izah edir: «İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı və Məsihinin hakimiyyəti yetişdi» (Vəhy 12:10). Bəli, İsa Məsihin hər yerdə bəyan etdiyi Padşahlıq artıq fəaliyyətdədir.

Bu, İsa peyğəmbərin bütün sadiq davamçıları üçün möhtəşəm xəbərdir. Onlar həvari Yəhyanın sözlərinə şərikdirlər: «Buna görə də, ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:12).

İsa Məsih artıq Allahın sağında oturub gözləmir. O, Padşah kimi idarə edir və tezliklə bütün düşmənlərini məhv edəcək (İbranilərə 10:12, 13). Bizi hansı möhtəşəm hadisələr gözləyir?

Əlavə məlumat

Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? (I  hissə)

Bu sualın cavabını bilirsinizsə, onu Müqəddəs Kitabdan bir başqasına izah edə bilərsiniz?