Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 127

Əvvəl Sinedrionun, sonra Pilatın qarşısında

Əvvəl Sinedrionun, sonra Pilatın qarşısında

MƏTTA 27:1—11 MARK 15:1 LUKA 22:66—23:3 YƏHYA 18:28—35

  • SİNEDRİONDA SƏHƏR MƏHKƏMƏSİ

  • YƏHUDA İSKƏRYUT ÖZÜNÜ ASIR

  • İSA MƏSİHİ PİLATIN YANINA GƏTİRİRLƏR

Gecə sona çatır. Butrus üç dəfə İsa peyğəmbəri danıb. Sinedrion üzvləri isə qondarma məhkəməni bitirib dağılışıblar. Lakin səhər açılanda onlar yenidən toplaşırlar. Yəqin, onlar gecə vaxtı qanunsuz keçirdikləri məhkəmə işinə qanuni don geyindirmək istəyirlər. Peyğəmbəri də oraya gətirirlər.

Onlar yenə də deyirlər: «Əgər Məsihsənsə, de, biz də bilək». İsa peyğəmbər cavab verir: «Desəm də inanmayacaqsınız. Sizdən soruşsam, cavab verməyəcəksiniz». Buna baxmayaraq, o, cəsarətlə özü barədə Dənyal 7:13 ayəsində deyilmiş peyğəmbərlik sözlərini deyir: «İndən belə, İnsan Oğlu qüdrətli Allahın sağında oturacaq» (Luka 22:67—69; Mətta 26:63).

Onlar israr edirlər: «Deməli, sən Allahın Oğlusan?» İsa Məsih cavab verir: «Elədir ki var». Bu sözlər onu küfr danışmaqda ittiham edib öldürmək üçün kifayətdir. «Daha başqa şəhadət nəyimizə lazımdır?» — deyə onlar soruşurlar (Luka 22:70, 71; Mark 14:64). Beləcə, İsa Məsihin əl-qolunu bağlayıb Roma hakimi Ponti Pilatın yanına aparırlar.

Ola bilsin, Yəhuda İskəryut onların İsa Məsihi Pilatın yanına apardıqlarını görür. O, İsa Məsihin məhkum edildiyini anlayanda vicdan əzabı çəkir və məyus olur. Amma tövbə edib Allaha dönmək əvəzinə, 30 gümüş pulu geri qaytarmağa gedir. O, böyük kahinlərə deyir: «Günahsız adamı satmaqla günah iş tutmuşam». Amma onlar laqeyd cavab verirlər: «Bizə nə? Özün bilərsən!» (Mətta 27:4).

Onda Yəhuda bu pulları məbəddə atıb oradan çıxır. Sonra intihar edib günahının üstünə günah qazanır. Görünür, o, özünü asmaq istəyəndə kəndiri bağladığı budaq sınır və o, qayalığa düşüb parça-parça olur (Həvarilərin işləri 1:17, 18).

Səhərin gözü açılanda İsa peyğəmbəri Ponti Pilatın sarayına gətirirlər. Lakin onu gətirən yəhudilər valinin sarayına girmirlər, onlar hesab edirlər ki, digər millətlərin nümayəndələri ilə əlaqə qurmaq onları murdarlayır. Bu, onları nisanın 15-i Pasxanın bir hissəsi olan Mayasız çörəklər bayramında yemək yeməkdən məhrum edəcək.

Pilat çölə çıxıb soruşur: «Bu adamı nədə ittiham edirsiniz?» Onlar cavab verirlər: «Bu adam cinayətkar olmasaydı, onu sənin yanına gətirməzdik». Pilat hiss edir ki, ona təzyiq göstərirlər, buna görə də deyir: «Aparın onu öz qanunuza görə mühakimə edin». Yəhudilər: «Bizim adam öldürməyə ixtiyarımız yoxdur», — deyərək İsa Məsihi öldürmək niyyətində olduqlarını açıq-aşkar göstərirlər (Yəhya 18:29—31).

Əgər onlar Pasxa bayramında İsa peyğəmbəri öldürsələr, ehtimal var ki, camaat ayağa qalxacaq. Buna görə də onlar istəyirlər ki, romalılar İsa peyğəmbəri siyasi cinayətdə ittiham edib öldürsünlər, onda xalqın qarşısında məsuliyyətdən qurtula biləcəklər.

Din xadimləri İsa Məsihi küfr danışmaqda günahlandırdıqları barədə bir kəlmə də demədən başqa bir bəhanə uydururlar. Onlar növbəti ittihamları irəli sürürlər: «[1] Bu adam xalqımızı yoldan çıxarır, [2] Sezara vergi ödəməyi qadağan edir, üstəlik, [3] özünü Məsih, padşah adlandırır» (Luka 23:2).

İsanın padşah olması iddiası Roma hökumətini təmsil edən Pilatın marağına səbəb olur. Buna görə də o, saraya qayıdır və İsa Məsihi yanına çağırıb soruşur: «Sən yəhudilərin padşahısan?» Başqa sözlə, Pilat bilmək istəyir ki, İsa Məsih qanunu pozaraq özünü sezara rəqib edir, yoxsa yox. Məsih, ehtimal ki, Pilatın onun haqqında nələr eşitdiyini öyrənmək üçün deyir: «Sən bunu özündən deyirsən, yoxsa mənim haqqımda kimdənsə eşitmisən?» (Yəhya 18:33, 34).

Pilat onun haqqında heç nə bilmədiyini və həqiqəti öyrənmək istədiyini bildirir. O deyir: «Məgər mən yəhudiyəm?» Sonra sözünə əlavə edir: «Öz xalqın və böyük kahinlərin səni mənə təslim edib. De görüm nə iş tutmusan?» (Yəhya 18:35).

İsa Məsih Padşahlıq kimi vacib məsələdən heç vəchlə boyun qaçırmır. Şübhəsiz, onun cavabı Pilatı çox heyrətləndirir.

Əlavə məlumat

İsa Məsih öldürülür

Ələ verilməzdən və işgəncə dirəyinə mıxlanmazdan öncə İsa hansı yeni mərasimi təsis etdi?