Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 113

Çalışqan olmağa dair talant məsəli

Çalışqan olmağa dair talant məsəli

MƏTTA 25:14—30

  • İSA MƏSİH TALANT HAQDA MƏSƏL ÇƏKİR

İsa Məsih Zeytun dağında dörd həvarisi ilə söhbətini davam etdirərək növbəti məsəl danışır. O, bir neçə gün bundan əvvəl Ərihada olarkən Padşahlığın uzaqda olduğunu göstərmək üçün mina haqda məsəl söyləmişdi. İndi çəkdiyi məsəl bir çox cəhətdən həmin məsələ oxşayır. Bu məsəllə Məsih onların onun hüzuruna və dövrün yekununa dair verdikləri sualın bir qisminə cavab verir. Bu məsəl göstərir ki, onun şagirdləri onlara həvalə olunan işi canla-başla görməlidirlər.

İsa Məsih məsəlinə başlayır: «Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi» (Mətta 25:14). İsa peyğəmbər artıq özünü padşahlıq hakimiyyətini almaq üçün başqa ölkəyə gedən adama bənzətmişdi. Buna görə də həvarilər məsəldəki adamın onu təmsil etdiyini başa düşürlər (Luka 19:12).

Bu adam başqa ölkəyə getməzdən öncə nökərlərinə əmlakının idarəsini həvalə edir. İsa peyğəmbər üç il yarım xidmət etdiyi dövrdə bütün diqqətini Allahın Padşahlığı haqda xoş xəbəri bəyan etməyə cəmləmişdi, bunu şagirdlərinə də öyrətmişdi. Bir azdan peyğəmbər onları tərk edəcək. O əmindir ki, şagirdləri onun öyrətdiyi işi görməyə davam edəcəklər (Mətta 10:7; Luka 10:1, 8, 9; müqayisə edin: Yəhya 4:38; 14:12).

Bəs bu məsəldəki adam əmlakının idarəsini necə bölüşdürəcək? İsa Məsih məsəlinə davam edir: «O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant verib yola çıxdı» (Mətta 25:15). Bəs nökərlər onlara etibar olunan əmlakı necə idarə edəcək? Görəsən, onlar ağanın xeyri üçün çalışacaqlar? Məsih həvarilərinə deyir:

«Beş talant almış nökər dərhal gedib pulu dövriyyəyə buraxdı və daha beş talant qazandı. Eynilə, iki talant almış nökər də daha iki talant qazandı. Bir talant almış nökər isə gedib ağasının verdiyi gümüş pulu torpağa basdırdı» (Mətta 25:16—18). Ağa qayıdanda nə baş verəcək?

İsa peyğəmbər məsəlinə davam edir: «Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi» (Mətta 25:19). İki nökər öz bacarıqlarına görə əllərindən gələni etmişdilər. Hər ikisi də çalışqan və zəhmətkeş olduqları üçün əlindəkiləri ikiqat artıraraq ağalarına xeyir gətirmişdi. (O vaxt işçi bir talant qazanmaq üçün 19 il işləməli idi.) Ağa bu nökərlərin ikisinə də eyni tərif sözləri deyir: «Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, sən də ağanla birgə sevin!» (Mətta 25:21).

Ancaq bir talant alan nökər fərqli davranıb. O deyir: «Ağa, mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyin yerdən biçirsən, səpmədiyin yerdən yığırsan. Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun» (Mətta 25:24, 25). O, bu pulu dövriyyəyə buraxmayıb ki, heç olmasa, üstünə faiz gəlsin və az da olsa, ağasına xeyir gətirsin. Bir sözlə, o, ağasına xeyir gətirmək istəməyib.

Ağa da onu layiqli olaraq yaramaz, tənbəl nökər adlandırır. Ağa onun əlindəkini alıb çalışqan nökərə verir. O, belə bir qayda qoyur: «Kimdə varsa, ona daha çox veriləcək və o adamda bolluq olacaq. Ancaq kimdə yoxdursa, əlindəki də alınacaq» (Mətta 25:26, 29).

Bəli, İsa Məsihin şagirdləri çox şey haqda fikirləşməlidirlər. Elə bircə bu məsəlin üzərində düşünüləsi nə qədər şey var. Onlar dərk etməlidirlər ki, İsa Məsihin onlara həvalə etdiyi iş — şagird hazırlamaq kimi şərəfli tapşırıq olduqca qiymətli işdir. O, şagirdlərinin bu şərəfli işi canla-başla görmələrini istəyir. Əlbəttə, İsa Məsih onun həvalə etdiyi müjdəçilik işini hamının eyni səviyyədə görəcəyini gözləmir. Məsəldən göründüyü kimi, hər kəs bacardığını etməlidir. Amma, bu o demək deyil ki, tənbəl və Ağanın əmlakını artırmaq üçün canla-başla çalışmayan adam Məsihin razılığını qazanacaq.

Yəqin, həvarilər «kimdə varsa, ona daha çox veriləcək» sözlərini eşidəndə çox sevinirlər.

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri qapı-qapı təbliğ edirlər?

İsa peyğəmbər erkən davamçılarına nə buyurduğunu bilmək istəyirsinizsə, buyurun, öyrənə bilərsiniz.

Talant məsəlindən nə öyrənirik?

Bu məqalə talant məsəlinin izahına aydınlıq gətirilir.