Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 38

Yəhya hər şeyi Məsihin dilindən eşitmək istəyir

Yəhya hər şeyi Məsihin dilindən eşitmək istəyir

MƏTTA 11:2—15 LUKA 7:18—30

  • VƏFTİZÇİ YƏHYA İSANIN KİM OLDUĞU İLƏ MARAQLANIR

  • İSA PEYĞƏMBƏR YƏHYANI TƏRİFLƏYİR

Vəftizçi Yəhya təxminən bir ildir ki, həbsxanadadır. İsa peyğəmbərin göstərdiyi möcüzələr onun qulağına çatır. Yəhyanın şagirdləri peyğəmbərin Nain şəhərində dul qadının oğlunu diriltdiyini gəlib ona danışırlar. Onun necə sevindiyini bir təsəvvür edin. Amma Yəhya yenə də hər şeyi İsa peyğəmbərin dilindən eşitmək istəyir. Buna görə də, iki şagirdini çağırıb onları: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?» — sualı ilə İsa peyğəmbərin yanına göndərir (Luka 7:19).

Yəhyanın bu sualı verməsi qəribə deyil? Axı Allahın mömin bəndəsi Yəhya iki il bundan əvvəl İsa peyğəmbəri vəftiz edərkən Allahın müqəddəs ruhunun İsanın üzərinə endiyinin və Allahın ona rəğbətini bildirdiyinin şahidi olmuşdu. Biz düşünməməliyik ki, Yəhyanın imanı zəifləyib. Belə olsaydı, onda İsa peyğəmbər həmin vaxt Yəhya haqda yaxşı şeylər danışmazdı. Bəs əgər Yəhya şübhə etmirsə, onda nəyə görə belə sual verir?

Ola bilsin, Yəhya istəyir ki, İsa vəd olunmuş Məsih olduğunu şəxsən özü təsdiq etsin. Bu, zindanda əzab çəkən Yəhyaya qol-qanad verə bilər. Amma Yəhyanın sual verməsinin bir amalı da var. O, Məsihin padşah və xilaskar olacağı ilə bağlı peyğəmbərliklərdən agahdır. Lakin İsa Məsihin vəftizindən artıq uzun müddət keçib, o, isə hələ də dəmir barmaqlıqlar arxasındadır. Buna görə də Yəhya Məsihin həyata keçirəcəyi bütün peyğəmbərlikləri yerinə yetirmək üçün İsa peyğəmbərdən sonra kiminsə gəlib-gəlməyəcəyini bilmək istəyir.

İsa peyğəmbər Yəhyanın şagirdlərinə «əlbəttə, gözlədiyiniz Məsih mənəm» demir. İnsanları cürbəcür xəstəliklərdən sağaltmaqla Allahın ona dayaq olduğunu göstərir. Sonra onlara deyir: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın: korların gözləri açılır, topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir, yoxsullara müjdə bildirilir» (Mətta 11:4, 5).

Bir sözlə, Yəhya ümid edir ki, İsa Məsih bundan da çox işlər görəcək və yəqin, onu da zindandan azad edəcək. Ancaq İsa Məsih bildirir ki, Yəhya bunlardan artıq möcüzə gözləməməlidir.

Yəhyanın şagirdləri gedəndən sonra Məsih camaata deyir ki, Yəhya peyğəmbərdən də artıqdır. O, Məlaki 3:1 ayəsində peyğəmbərlik olunan Allah elçisidir. O həmçinin Məlaki 4:5, 6 ayələrində yazılan İlyas peyğəmbəri təmsil edir. İsa Məsih deyir: «İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi Padşahlıqda ən kiçiyi ondan böyükdür» (Mətta 11:11).

«Padşahlıqda ən kiçiyi ondan böyükdür» deməklə İsa peyğəmbər göstərir ki, Yəhya Allahın Padşahlığında olmayacaq. Yəhya Məsih üçün yol hazırlasa da, o, Məsih göylər həyatına yol açmazdan əvvəl ölür (İbranilərə 10:19, 20). Bununla belə, saleh peyğəmbər olan Yəhya Allahın Padşahlığının vətəndaşı olub yer üzündə yaşayacaq.