Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 55

Məsihin sözləri camaatı çaş-baş qoyur

Məsihin sözləri camaatı çaş-baş qoyur

YƏHYA 6:48—71

  • İSA MƏSİHİN SÖZLƏRİ CAMAATI TƏƏCCÜBLƏNDİRİR

  • ÇOXLARI BÜDRƏYİR VƏ DAHA ONUN ARDINCA GETMİR

Kəfərnahum sinaqoqunda İsa Məsih göydən gəlmiş çörək olduğunu izah edir. O, bu sözləri, ola bilsin, Cəlilə dənizinin şərq sahilindən gələn və möcüzəvi yolla yeyib doyan adamlara əlavə olaraq deyir.

Məsih sözünə belə davam edir: «Sizin əcdadlarınız səhrada manna yedilər, amma axırda öldülər». Sonra o müqayisə edir: «Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq. Bəli, bəşəriyyətin həyatı uğrunda verəcəyim çörək mənim bədənimdir» (Yəhya 6:48—51).

Eramızın 30-cu ilinin baharında İsa peyğəmbər Nikodemə demişdi ki, Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. İndi isə İsa peyğəmbər onun bədənini yeməyin, yəni verəcəyi qurbana iman gətirməyin vacibliyini vurğulayır. Yalnız bu yolla əbədi həyatı almaq olar.

Lakin xalq peyğəmbərin sözləri ilə heç cür razılaşa bilmir. Onlara maraqlıdır: «Bu adam bizə öz bədənini verəcək, biz də onu yeyəcəyik?!» (Yəhya 6:52). İsa peyğəmbər istəyir ki, onlar onun sözlərini hərfi yox, məcazi məna daşıdığını başa düşsünlər. Onun əlavə etdiyi sözlər bunun mənasını açıq-aydın göstərir.

«Əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız. Mənim bədənimdən yeyib qanımdan içənin əbədi həyatı var... Mənim bədənim həqiqi qidadır, qanım həqiqi içkidir. Bədənimdən yeyən və qanımdan içən mənimlə vəhdətdədir» (Yəhya 6:53—56).

Bu sözlərin yəhudilərin qulağına necə küfr səsləndiyini bir təsəvvür edin. Bəlkə də, onlar İsa peyğəmbərin onları kannibalizmə və ya Allahın qana dair verdiyi qanunu pozmağa çağırdığını düşünürlər (Yaradılış 9:4; Lavililər 17:10, 11). Amma peyğəmbər heç də bədəni yeyib, qanı içməyi hərfi mənada nəzərdə tutmur. O, bununla göstərir ki, əbədi həyatı almaq istəyən kəs onun təqdim edəcəyi qurbana, yəni kamil bədəninə və qanı bahasına veriləcək qurbana iman gətirməlidirlər. Əfsus ki, hətta onun şagirdlərinin çoxu bu təlimi anlamır. Bəziləri bu cür münasibət göstərir: «Bu nə danışır?! Bu sözlərə necə qulaq asmaq olar?!» (Yəhya 6:60).

İsa peyğəmbər bəzi şagirdlərinin deyindiyini görüb soruşur: «Bu sözlərim sizə xoş gəlmədi? Bəs insan Oğlunun əvvəllər olduğu yerə qayıtdığını görsəniz, nə edəcəksiniz?.. Sizə dediyim sözlər müqəddəs ruhdandır, onlar həyat verir. Amma aranızda elələri var ki, inanmır». Beləcə, bir çox şagird onu tərk edib daha onun ardınca getmir (Yəhya 6:61—64).

Sonra İsa peyğəmbər 12 həvarisinə sual verir: «Bəlkə, siz də getmək istəyirsiniz?» Butrus cavab verir: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir. Biz inanırıq, bilirik ki, sən Allahın Müqəddəsisən» (Yəhya 6:67—69). Ola bilsin ki, Butrus və digər həvarilər də İsa Məsihin bu sözlərinin mənasını tam başa düşmürlər. Amma görün onlar necə vəfalıdırlar!

Peyğəmbər Butrusun cavabından məmnun qalır, ancaq deyir: «Sizin on ikinizi də mən seçmişəm, ancaq sizdən biri iblisdir» (Yəhya 6:70). O, Yəhuda İskəryutu nəzərdə tutur. Ola bilsin, peyğəmbər məhz bu vaxt Yəhudanın əyri yola qədəm qoyduğunu hiss edir.

Bununla belə, Butrusun və digər həvarilərin bundan sonra da onun ardınca getmək niyyətində olduqlarını və onunla birgə xilasa aparan işdə çalışmaq istədiklərini bilmək İsa peyğəmbərə xoşdur.