Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 35

Məşhur Dağüstü vəz

Məşhur Dağüstü vəz

İsa Məsih bütün gecəni dua edib şagirdləri arasından 12 həvari seçib. Sözsüz ki, o, çox yorulub. Artıq səhər açılıb. Amma onun hələ də insanlara kömək etməyə gücü və arzusu var. Hal-hazırda İsa peyğəmbər Cəlilənin dağlıq ərazisindədir. Çox güman ki, o, fəaliyyətinin mərkəzi olan Kəfərnahum şəhərindən elə də uzaqda deyil.

Uzaq ərazilərdən insanlar tökülüşüb onun yanına gəliblər. Hətta bəziləri cənubdan — Yerusəlimdən və Yəhudiyyədən təşrif buyurub. Digərləri isə şimal-qərbdən — sahilyanı ərazi olan Sur və Sidondan gəliblər. Bu qədər insanın gəlişinin məqsədi nədir? «Onlar İsanı dinləmək və xəstəliklərindən şəfa tapmaq üçün» yığışıblar. Məsih də onları sağaldaraq istəklərini yerinə yetirir. Bir təsəvvür edin, bütün xəstələr şəfa tapıb! İsa peyğəmbər həmçinin murdar ruhların əziyyət verdiyi adamları — Şeytanın cinlərinin təsiri altında olanları da sağaldır (Luka 6:17—19).

Dağın yamacında olan peyğəmbər bir az yüksək yer axtarıb orada əyləşir. Xalq onun başına toplaşır. On iki həvarisi və digər şagirdləri, yəqin, ona daha yaxın əyləşir. Adamlar intizar içindədir, onlar valehedici möcüzələr göstərən müəllimi dinləmək istəyirlər. İsa peyğəmbər vəzinə başlayır. Sözsüz ki, ona qulaq asanlar çox şey öyrənirlər. Bu vəz o vaxtdan bəri saysız-hesabsız insana fayda gətirib. Biz də bu vəzdən çox şey öyrənə bilərik. İsa peyğəmbər həqiqətin dərinliklərini aydın və sadə dildə çatdırır. O, insanların gündəlik həyatından danışır və onlara yaxşı tanış olan şeyləri misal çəkir. Bunun sayəsində Allahın göstərdiyi yolla gedib xoşbəxt yaşamaq istəyən bütün insanlar onun fikirlərini asanlıqla dərk edə bilərlər. Bəs Dağüstü vəzdə hansı hikmətli sözlər var?

KİMLƏR HƏQİQƏTƏN XOŞBƏXTDİR?

Hər bir insan xoşbəxt olmaq istəyir. İsa peyğəmbər bunu bilir və buna görə də həqiqətən xoşbəxt olan insanlar barədə danışmağa başlayır. Hamının diqqəti ondadır. Ancaq onun ilk sözləri çoxlarını çaşdırır.

Peyğəmbər sözünə belə başlayır: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır. Dərd çəkənlər xoşbəxtdir, çünki onlar təsəlli tapacaqlar... Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir, çünki onlar doyacaqlar... Salehlik yolunda təqib olunanlar xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır. Mənə görə insanlar sizi təhqir və təqib edəndə... siz necə də xoşbəxtsiniz! Sevinin və şadlanın» (Mətta 5:3—12).

Peyğəmbər «xoşbəxtsiniz» deyərkən nəyi nəzərdə tutur? O, xoşbəxtliyi sadəcə kef çəkmək və şənlənməklə əlaqələndirmir. Əsil xoşbəxtliyin mənası daha dərindir. Əsil xoşbəxt insan həyatından razıdır. O, xoş və mənalı həyat sürür.

İsa peyğəmbərin təbirincə, həqiqətən də xoşbəxt o adamdır ki, Allaha ehtiyacı olduğunu dərk edir, günahlı vəziyyətdə olması onu məyus edir və Allah haqqında öyrənib Ona xidmət edir. Belə adam Allah yolunda olduğuna görə hətta nifrət hədəfinə çevrilsə də, təqiblərə məruz qalsa da, xoşbəxtdir. Çünki o bilir ki, Allah ondan razıdır və ona əbədi həyat bəxş edəcək.

 Lakin əksər insanlar xoşbəxtliyi var-dövlətdə və kef çəkməkdə görürlər. İsa Məsih isə bildirir ki, bunlar xoşbəxtlik yox, bədbəxtlik gətirir. Təzad göstərərək o deyir: «Ey varlılar, vay halınıza! Siz təsəllinizi artıqlaması ilə almısınız. Ey qarnı toxlar, vay halınıza! Siz aclıq çəkəcəksiniz. İndi gülənlər, vay halınıza! Siz yas tutub ağlayacaqsınız. Hamı sizi tərifləyəndə vay halınıza! Onların ata-babaları yalançı peyğəmbərləri də tərifləyirdilər» (Luka 6:24—26).

Nəyə görə varlıların, deyib-gülənlərin, tərif alanların vay halına? Ona görə ki, bunlara sahib olan və bunlara can atan adamın həyatında Allaha ibadətə yer qalmır, bu isə onu əsil xoşbəxtlikdən məhrum edir. Digər tərəfdən, İsa peyğəmbər demək istəmir ki, kasıbçılıq və aclıq öz-özlüyündə adamı xoşbəxt edir. Amma çox vaxt məhz aşağı təbəqəli insanlar İsanın təliminə hay verirlər, bu isə onlara əsil xoşbəxtlik gətirir.

İsa peyğəmbər şagirdlərini nəzərdə tutaraq deyir: «Siz dünyanın duzusunuz» (Mətta 5:13). Təbii ki, peyğəmbər bunu məcazi mənada deyir. Duz qoruyucu maddədir. Yehova Allahın məbədində, qurbangahın yanında bir topa duz olurdu və ondan qurbanları duzlamaq üçün istifadə olunurdu. Duz həmçinin xarab olmamağı və çürüməzliyi təmsil edir (Lavililər 2:13; Hizqiyal 43:23, 24). Şagirdlər o mənada dünyanın duzudurlar ki, onların təbliğ etdikləri xəbər qoruyucu xassəlidir və ona hay verən insanların Allahla münasibətlərini qorumağa və əxlaqi cəhətdən pozulmamağa kömək edir! Bəli, onların çatdırdığı müjdə ona hay verən bütün insanların həyatını qorumağa qadirdir.

İsa peyğəmbər həmçinin şagirdlərinə deyir ki, «siz dünyanın nurusunuz». Yanar çırağı səbətin altına yox, açıq yerə qoyurlar ki, işıq saçsın. Buna görə o, şagirdlərini səsləyir: «Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mətta 5:14—16).

İSA MƏSİHİN DAVAMÇILARI ÜÇÜN YÜKSƏK TƏLƏBLƏR

Yəhudi din xadimləri İsa peyğəmbərə Allahın qanununu pozan adam kimi baxırlar və bu yaxınlarda ona sui-qəsd hazırlamışdılar. Buna görə də peyğəmbər açıq-aydın deyir: «Elə bilməyin ki,  mən Tövratı və ya Peyğəmbərlərin kitabını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm» (Mətta 5:17).

Bəli, İsa Məsih Müqəddəs Yazılara böyük ehtiramla yanaşır və başqalarını da buna təşviq edir. O deyir: «Buna görə də kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi Padşahlığa yaramayacaq». Bununla o demək istəyir ki, belə insan Allahın Padşahlığına girməyəcək. «Amma onlara əməl edən və başqalarına da bunu öyrədən səmavi Padşahlığa yarayacaq», — deyə peyğəmbər sözünü tamamlayır (Mətta 5:19).

İsa Məsih hətta Allahın qanunu pozmağa gətirib çıxaran fikirləri mühakimə edir. Məsələn, o, Tövratdan «adam öldürmə» qanununu sitat gətirdikdən sonra belə deyir: «Kim bir adama qarşı ürəyində qəzəb saxlayırsa, məhkəmə qarşısında cavab verəcək» (Mətta 5:21, 22). Kiməsə qarşı qəzəb saxlamaq çox təhlükəlidir, bu hətta qatilliyə də gətirib çıxara bilər. Buna görə də Məsih barışığa nə dərəcədə can atmalı olduğumuzu göstərir: «Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et» (Mətta 5:23, 24).

Tövratdakı digər qanun əxlaqsızlığı mühakimə edir. İsa peyğəmbər deyir: «“Zina etmə” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mətta 5:27, 28). Peyğəmbər burada ötəri düşüncələrdən yox, davamedici baxışlardan danışır. Belə sürəkli baxış ürəkdə şəhvəti alovlandırır. Əlinə fürsət düşən kimi isə şəhvət insanı zinaya uğrada bilər. Bunun qarşısını almaq üçün insan gərək qəti tədbirlər görsün. İsa Məsih deyir: «Sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at... Əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at» (Mətta 5:29, 30).

Bəziləri öz həyatını xilas etmək üçün bədənlərinin xəstə orqanından belə keçiblər. İsa peyğəmbər deyir ki, əxlaqsız fikir və əməllərdən uzaq durmaq daha vacibdir, bunun üçün hər şeyi, hətta göz və əl kimi zəruri orqanları məcazi mənada «kəsib atmaq» lazım gələ bilər. İsa peyğəmbər izah edir: «Bütün bədəninin Hinnom vadisinə atılmağındansa, bədəninin bir üzvünü itirməyin daha yaxşıdır». Keçmişdə Hinnom vadisi Yerusəlimin yaxınlığında zibilxana idi, orada daima od yanırdı. Müqəddəs Kitabda Hinnom vadisi ifadəsi əbədi məhvi bildirir.

İsa peyğəmbər həmçinin başqalarını təhqir edən və incidən adamlarla necə rəftar etməli olduğumuzu öyrədir: «Pis adama müqavimət göstərmə, amma kim sənin sağ yanağına şillə vurarsa, o biri yanağını da ona çevir» (Mətta 5:39). Bu,  o demək deyil ki, təcavüzə məruz qalanda adam özünü, yaxud ailəsini qorumamalıdır. Peyğəmbər şillə sözünü istifadə edir. Adətən, şilləni insana xəsarət yetirmək və ya öldürmək üçün yox, ləyaqətini alçaltmaq üçün vururlar. Bununla o demək istəyir ki, kimisə şillə və ya sözlə təhqir edib dava-dalaşa təhrik edərlərsə, o, bu təhqirlərə cavab verməməlidir.

Bu məsləhət insanları sev əmri ilə üst-üstə düşür. İsa peyğəmbər öz dinləyicilərinə belə məsləhət verir: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin». O, bunun üçün əsaslı dəlil gətirir: «Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun» (Mətta 5:44, 45).

İsa peyğəmbər nitqinin bu hissəsini belə nəsihətamiz sözlərlə bitirir: «Buna görə də göydəki Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız» (Mətta 5:48). Əlbəttə, insan tam mənada kamil ola bilməz. Amma insan ürəyindəki məhəbbəti, hətta düşmənlərini sevə biləcək dərəcədə kamilləşdirə bilər. Belə olduqda, o, Allahdan nümunə götürmüş olur. Həmçinin Luka 6:36 ayəsində belə yazılıb: «Atanız mərhəmətli olduğu kimi, siz də həmişə mərhəmətli olun».

DUA VƏ ALLAHA İNAM

Dağüstü vəzində İsa Məsih dinləyiciləri təşviq edir: «İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin». İsa Məsih özünü mömin göstərənlərin riyakarlığını tənqid edərək deyir: «Sədəqə verəndə ikiüzlülər kimi aləmə car çəkmə» (Mətta 6:1, 2). Bunu heç kim görmədən etmək daha yaxşı olar.

İsa peyğəmbər sonra deyir: «Dua edəndə ikiüzlülərə bənzəməyin. Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər... Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et» (Mətta 6:5, 6). Peyğəmbər başqalarının qarşısında dua etməyin əleyhinə deyil. O özü də bəzi hallarda camaat önündə dua etmişdi. İsa peyğəmbər başqalarında təəssürat yaratmaq və tərif qazanmaq xatirinə edilən duaları mühakimə edir.

O, dua ilə əlaqədar belə göstəriş verir: «Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin» (Mətta 6:7). İsa peyğəmbər demir ki, eyni məsələ haqqında dəfələrlə dua etmək səhvdir. O, əzbərlənmiş duanı təkrar-təkrar söyləməyin əleyhinədir. Peyğəmbər dinləyicilərinə düzgün dua etməyi öyrətmək üçün yeddi diləkdən ibarət dua üçün sanki mövzu verir. İlk üç dilək Külli-İxtiyar Allahın hökmranlıq etmək hüququ və niyyətləri ilə bağlıdır. Bu diləklər Allahın adının müqəddəs tutulması, Padşahlığının gəlməsi və iradəsinin yerinə yetməsi haqqındadır. Yalnız bu haqda  dua etdikdən sonra biz öz şəxsi tələbatlarımızı Allaha bildirə bilərik. Məsələn, gündəlik ruzi-bərəkət haqda, günahların bağışlanması, sınaqlar qarşısında tab gətirmək və Şərirdən qorunmaq barədə dua edə bilərik.

Var-dövlətə necə yanaşmalıyıq? İsa peyğəmbər izdihamı təşviq edir: «Özünüzə yerdə xəzinə toplamayın. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır». Necə də müdrik məsləhətdir! Əvvəla, var-dövlət gəldi-gedərdi, sonrası da ki, bizi Allahın gözündə qiymətli etmir. Bu səbəbdən peyğəmbər deyir: «Xəzinənizi göydə toplayın». Biz Allaha ibadəti həyatımızda birinci yerə qoyanda belə davranmış oluruq. Allahla münasibətlərimizi və əbədi həyat mükafatını heç kim əlimizdən ala bilməz. Peyğəmbər düz deyir: «Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq» (Mətta 6:19—21).

İsa peyğəmbər bunu vurğulayan nümunə çəkir: «Bədənin çırağı gözdür. Əgər gözün toxdursa, bütün bədənin nur içində olacaq. Yox əgər gözün acdırsa, bütün bədənin zülmət içində olacaq» (Mətta 6:22, 23). Göz düzgün fəaliyyət göstərəndə, sanki, bədən üçün yanan çıraq rolunu oynayır. Bunun üçün göz gərək bir şeyə cəmlənsin. Əks halda, həyatın dəyərini insan başqa şeydə görə bilər. Həyatımızda əsas yeri Allaha ibadət yox, maddi şeylər tutarsa, bütün bədənimiz «zülmət içində» olacaq, hətta bizi müəmmalı və qaranlıq işlərə sürükləyəcək.

İsa peyğəmbər çox təsirli məsləhət verir: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz» (Mətta 6:24).

Yəqin İsa peyğəmbəri dinləyənləri maddi şeylərə necə yanaşmalı olduqları narahat edir. Peyğəmbər əmin edir ki, insan öz həyatında  Allaha ibadəti hər şeydən üstün tutarsa, güzəranı üçün narahat olmamalıdır. «Quşlara fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir» (Mətta 6:26).

Bəs dağda bitən çöl zanbaqları barədə nə demək olar? İsa peyğəmbər qeyd edir ki, «heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir». Bu, nəyi göstərir? «Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək?» (Mətta 6:29, 30). Peyğəmbər hikmətli fikir söyləyir: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?”, “nə geyəcəyik?” deyə heç vaxt narahat olmayın... Sizin göydəki Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. Beləliklə, Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək» (Mətta 6:31—33).

ƏBƏDİ HƏYATA NAİL OLMAĞIN YOLU

Həm həvarilər, həm də digər səmimi insanlar Allahı razı salan həyat tərzi sürmək istəyirlər, amma bu, onlar üçün elə də asan deyil. Məsələn, bəzi fərisilər başqalarına tənqidi yanaşırlar və onları mühakimə edirlər. Buna görə də peyğəmbər dinləyicilərinə tapşırır: «İnsanları mühakimə etməyin ki, özünüz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız» (Mətta 7:1, 2).

Hər şeyə tənqidi yanaşan fərisilərin getdiyi yolla getmək çox təhlükəlidir. İsa peyğəmbər deyir: «Heç kor kora bələdçilik edər? Məgər ikisi də çuxura düşməz?» Bəs peyğəmbəri dinləyənlər başqalarına necə yanaşmalıdır? Onlar başqalarına tənqidi yanaşmamalıdır. Çünki bu, ciddi günah olardı. O deyir: «Öz gözündə tiri görməyib, başqasına necə deyirsən: “Qardaş, gəl gözündəki çöpü çıxarım”? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən» (Luka 6:39—42).

Amma bu, o demək deyil ki, şagirdlər ümumiyyətlə insanlar barədə heç bir qərar çıxarmamalıdırlar. İsa peyğəmbər məsləhət verir: «Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın» (Mətta 7:6). Allahın Kəlamındakı həqiqətlər mirvaritək qiymətlidir. Əfsuslar olsun ki, hamı onların qədrini bilmir. İsa peyğəmbərin şagirdləri belələrini qoyub, Allahın sözünə hay verən insanları axtarmalıdırlar.

Hərçənd peyğəmbər dua haqqında artıq danışıb, indi o qeyd edir ki, duada israrlı olmaq gərəkdir: «Durmadan diləyin, sizə veriləcək». Allah dualara cavab verməyə həmişə hazırdır. Bunu vurğulamaq üçün peyğəmbər soruşur: «Məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin?.. Əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə gözəl nemətlər verməyəcək?» (Mətta 7:7—11).

Sonra İsa peyğəmbər qarşılıqlı münasibətlə bağlı məşhur bir qayda təsis edib deyir: «Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin». Məgər hər birimiz bu çağırışı ürəyimizə həkk edib başqalarına qarşı tətbiq etməməliyik? İsa  peyğəmbərin növbəti sözlərindən görmək olar ki, bunu etmək asan deyil: «Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır» (Mətta 7:12—14).

Amma bəzi insanlar şagirdləri həyata aparan yoldan çıxarmağa çalışacaqlar. Buna görə də İsa Məsih onları xəbərdar edir: «Özünüzü yalançı peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar» (Mətta 7:15). Məsih qeyd edir ki, ağacın yaxşı və ya pis olması bəhrəsindən məlum olur. İnsanlar haqqında da belə demək olar. Saxta peyğəmbərləri təlim və əməllərindən tanımaq olar. İsa peyğəmbərin sonrakı sözləri bu fikri açıqlayır: insan yalnız dildə yox, əməldə onun şagirdi olmalıdır. Bəziləri iddia edir ki, İsa peyğəmbər onların Ağasıdır, amma özləri Allahın iradəsinə zidd hərəkət edirlər. İsa peyğəmbər deyir: «Onlara deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar!”» (Mətta 7:23).

İsa peyğəmbər bu nitqi belə sözlərlə yekunlaşdırır: «Mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir. Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu» (Mətta 7:24, 25). Ev nəyə görə uçmadı? Çünki kişi «dərin qazıb tikdiyi evin təməlini daş üzərində» qoymuşdu (Luka 6:48). Bu ayədən görünür ki, İsanın sözlərinə sadəcə qulaq asmaq kifayət deyil. Biz əlimizdən gələni edib onlara əməl etməliyik.

Bəs əgər insan sözləri eşidir, amma ona əməl etmirsə, onda necə? Belə insan «evini qum üzərində tikmiş ağılsız adama bənzəyir» (Mətta 7:26). Yağış, sel və külək evi uçurub darmadağın edəcək.

İsa Məsihin necə təlim verdiyinə hamı heyran qalır. O, din xadimlərinə kimi yox, ixtiyar sahibi kimi öyrədir. Çox ehtimal ki, İsa Məsihi dinləyənlərin çoxu onun şagirdi olur.