Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 46

Kimsə İsa peyğəmbərin əbasına toxunur

Kimsə İsa peyğəmbərin əbasına toxunur

MƏTTA 9:18—22 MARK 5:21—34 LUKA 8:40—48

  • QADIN İSA PEYĞƏMBƏRİN ƏBASINA TOXUNANDA SAĞALIR

İsa peyğəmbərin Dekapol bölgəsindən qayıtması Cəlilə dənizinin şimal-qərb sahilində yaşayan yəhudilər arasında yayılır. Bəziləri fırtına zamanı peyğəmbərin suyu və küləyi sakitləşdirdiyini, bəziləri isə onun cinə tutulmuş adamdan cini çıxartdığını eşidib. Buna görə də çoxlu adam İsa peyğəmbərin qarşılamaq üçün dənizin yanına, ehtimal ki, Kəfərnahum ərazisinə toplaşıb (Mark 5:21). Peyğəmbər sahilə çıxan kimi intizar içində olan bu adamlar onu əhatəyə alırlar.

İsa peyğəmbəri səbirsizliklə gözləyən adamlardan biri də sinaqoq rəisi Yairdir. Çox güman ki, o, Kəfərnahumdakı sinaqoqda işləyir. Yair peyğəmbərin ayağına düşüb yalvar-yaxar edir: «Qızımın vəziyyəti ağırdır. Xahiş edirəm, gəl, əllərini onun üstünə qoy, balamı sağalt, qoyma qızım ölsün» (Mark 5:23). Onun əziz balasının cəmi 12 yaşı var. Görəsən, o, gözünün ağı-qarası bircə qızı olan bu atanın yalvarışlarına hay verəcək? (Luka 8:42).

Yairgilin evinə gedərkən İsa peyğəmbər yolda başqa bir təsirli hadisə ilə üzləşir. Onun ardınca xeyli adam gəlir. Yeni bir möcüzə görmək arzusunda olan bu adamlar bərk həyəcanlıdırlar. Amma onların arasında bir qadını yalnız öz dərdi düşündürür.

Bu qadın düz on iki ildir ki, qanaxmadan əziyyət çəkir. O, həkim-həkim gəzib bütün pulunu müalicələrə töküb. Lakin dərdinə əlac tapa bilməyib, əksinə, xəstəliyi daha da ağırlaşıb (Mark 5:26).

Bu qadının xəstəlikdən əziyyət çəkməsi bir yana, o, el arasında da utanıb xəcalət çəkir. Bu, elə bir xəstəlikdir ki, hər kəsin yanında açıb-ağartmaq olmur. Üstəlik, Musa peyğəmbər vasitəsilə verilmiş qanuna əsasən, qadın qanaxma dövründə natəmiz sayılır. Bu vaxtı ona və ya onun qana bulaşmış paltarına toxunan adam mütləq yuyunmalı idi və həmin adam axşamadək natəmiz sayılırdı (Lavililər 15:25—27).

Xəstə qadın İsa peyğəmbərin möcüzələri haqqında eşidib və indi onu axtarıb tapıb. O, natəmiz olduğundan gizlicə camaatın arası ilə İsa peyğəmbərə yaxınlaşır. Qadın ürəyində deyir: «Təkcə paltarına toxunsam, sağalacağam». O, peyğəmbərin paltarına toxunan kimi qanaxmasının kəsildiyini hiss edir. Qadın bu əzablı xəstəlikdən sağalır (Mark 5:27—29).

Həmin vaxt İsa peyğəmbər soruşur: «Mənə kim toxundu?» Necə fikirləşirsiniz, qadın bu sözləri eşidəndə hansı hissləri keçirir? Butrus peyğəmbərin sualını yersiz bilib belə deyir: «Müəllim, camaat səni dövrəyə alıb sıxışdırır». Bəs onda nəyə görə İsa peyğəmbər bu sualı verir? O izah edir: «Mənə kimsə toxundu, çünki məndən qüvvə çıxdığını hiss etdim» (Luka 8:45, 46). Bəli, İsadan qüvvə çıxdığı üçün qadın sağaldı.

Hərəkətinin gizlin qalmadığını başa düşən qadın titrəyə-titrəyə gəlib İsa peyğəmbərin ayaqlarına düşür. O, öz xəstəliyi və elə indicə sağaldığı barədə hamını qarşısında açıb danışır. Peyğəmbər mehribancasına qadını sakitləşdirir: «Bacım, imanın səni sağaltdı. Salamat get. Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin» (Mark 5:34).

Bəli, Allahın yer üzünü idarə etmək üçün seçdiyi şəxs mərhəmətli və ürəyiyanandır. O, nəinki insanlarla maraqlanır, həmçinin onlara kömək etməyə qadirdir!

Əlavə məlumat

Dərd-sər nə vaxtsa bitəcək?

Allahın Kəlamında deyilir ki, Allah bütün iztirablara son qoyacaq. Orada həmçinin qeyd olunur ki, Yaradan ədalətsizliyə nifrət edir və hər bir bəndəsinin qayğısına qalır.