Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 54

İsa Məsih həyat çörəyidir

İsa Məsih həyat çörəyidir

YƏHYA 6:25—48

  • İSA MƏSİH GÖYDƏN GƏLƏN HƏQİQİ ÇÖRƏKDİR

Cəlilə dənizinin şərq sahilində İsa Məsih minlərlə adama möcüzə ilə doydurmuş və onu padşah etmək istəyən camaatdan qaçmışdı. Həmin gecə o, fırtınalı Cəlilə dənizi üzəri ilə getmiş, sonra dalğaların üstü ilə ona tərəf gələn, amma tərəddüd etdiyi üçün suda batmağa başlayan Butrusu xilas etmişdi. O həmçinin küləyi yatırdıb şagirdlərini suya qərq olmaqdan qurtarmışdı.

İndi Məsih dənizin qərb sahilində — Kəfərnahum bölgəsindədir. Möcüzə ilə çörək verdiyi adamlar onun yanına gəlib soruşurlar: «Sən bura nə vaxt gəldin?» Lakin İsa peyğəmbər bu adamları məzəmmət edib deyir ki, onlar havayı çörək yemək istədikləri üçün onu axtarırlar. O, onları xarab olub gedən qida üçün yox, əbədi həyat gətirən və daim qalan qidadan ötrü çalışmağa səsləyir. Buna görə o adamlar soruşurlar: «Nə edək ki, Allaha xoş getsin?» (Yəhya 6:25—28).

Ola bilsin, onlar Tövratda yazılan işlər barədə soruşurlar, amma İsa peyğəmbər ən ülvi işi nəzərdə tutaraq belə deyir: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər». İş orasındadır ki, onun bütün möcüzələrinə baxmayaraq, adamlar ona iman gətirmirlər. Ona iman etmək üçün yenə də əlamət istəyirlər: «Nə göstərə bilərsən? Bizim əcdadlarımız səhrada manna yeyiblər, necə ki yazılıb: “Allah onlara göydən çörək verdi”» (Yəhya 6:29—31; Zəbur 78:24).

İsa Məsih onların əlamət istəmələrinə cavab olaraq, bütün möcüzələrin əsil Mənbəyini tanıtdırır: «Musa sizə göydən gələn həqiqi çörəyi verməmişdi. Göydən gələn həqiqi çörəyi sizə indi Atam verir. Allahın verdiyi çörək göydən gələn və bəşəriyyətə həyat verən insandır». Onlar Məsihin nə demək istədiyini başa düşmədikləri üçün deyirlər: «Ağa, bizə həmişə bu çörəyi ver» (Yəhya 6:32—34). Bəs peyğəmbər hansı çörəyi nəzərdə tutur?

O izah edir: «Həyat çörəyi mənəm. Ardımca gələn heç vaxt acmayacaq və mənə iman edən əsla susamayacaq. Amma dediyim kimi, siz məni görsəniz də inanmırsınız... Mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm. Məni göndərənin iradəsi isə budur ki, Onun mənə verdiyi adamlardan heç birini itirməyim, axırıncı gündə onları dirildim. Bəli, Atamın iradəsi budur ki, Oğulu qəbul edib ona iman edən hər kəs əbədi həyata qovuşsun» (Yəhya 6:35—40).

Onlar bu sözləri eşidəndə qəzəblənib deyinməyə başlayırlar. O, nəyə əsasən «mən göydən gəlmiş çörəyəm» deyir? (Yəhya 6:41). Camaat üçün o, Cəlilənin Nasirə şəhərindən olan adi insan övladıdır. Onlar narazılıqla deyirlər: «Məgər bu, Yusifin oğlu İsa deyil? Biz onun atasını da, anasını da yaxşı tanıyırıq» (Yəhya 6:42).

İsa peyğəmbər cavab verir: «Bəsdirin deyindiniz. Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz. Mən axırıncı gündə o adamı dirildəcəyəm. Peyğəmbərlərin kitabında da yazılıb: “Onların hamısı Yehovadan elm alacaq”. Atamı dinləyib Ondan elm almış hər bir adam ardımca gəlir. Atanı yalnız Onun yanından gələn görüb, ondan başqa heç kim görməyib. Atanı o görüb. Eşidin və agah olun, iman edən əbədi həyata qovuşacaq» (Yəhya 6:43—47; Əşiya 54:13).

İsa peyğəmbər Nikodemlə danışanda da əbədi həyatın insan Oğluna iman etməkdən asılı olduğunu demişdi: «Ona [Allahın yeganə Oğluna] iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:15, 16). İndi isə İsa Məsih böyük qrup insanın qarşısında deyir ki, onların əbədi həyatı almalarında onun böyük rolu var. Nə manna, nə də Cəlilədəki adi çörək bunu təmin edə bilməz. Bəs əbədi həyatı necə əldə etmək olar? Məsih sözlərini təkrarlayır: «Mən həyat çörəyiyəm» (Yəhya 6:48).

Göydən gəlmiş çörək barədə söhbət burada qurtarmır. İsa Məsih Kəfərnahum sinaqoqunda öyrədərkən bu söhbət kulminasiya nöqtəsinə çatır.