Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 45

Cinlərə meydan oxuyan peyğəmbər

Cinlərə meydan oxuyan peyğəmbər

MƏTTA 8:28—34 MARK 5:1—20 LUKA 8:26—39

  • CİNLƏR DONUZLARIN İÇİNƏ GİRİR

Dənizdə baş verən dəhşətli hadisədən sonra şagirdlər sahilə çıxırlar. Orada onlar qorxulu mənzərənin şahidi olurlar. Yaxınlıqdakı qəbiristanlıqdan qorxunc görkəmli iki adam çıxıb İsa peyğəmbərə sarı qaçır. Bu adamlar cinə tutulublar. Görünür, onlardan biri çoxdandır ki, cinin təsiri altındadır və daha azğındır, buna görə də əsas diqqət ona yönəlib.

Yazıq neçə vaxtdır ki, çılpaq gəzir. O, «gecə-gündüz sərdabələrin arasında, dağlarda durmadan bağırır, özünü daş-kəsəklə yaralayırdı» (Mark 5:5). Bu adam o qədər vəhşidir ki, kimsə o yoldan keçməyə cürət etmir. Onu zəncirləməyə çalışsalar da, o, hər dəfə zəncirləri qırıb, qandalları sındırırdı. Heç kim onun öhdəsindən gələ bilmir.

Bu adam yaxınlaşıb İsanın ayaqlarına yıxılır, içindəki cinlər onu qışqırmağa məcbur edirlər: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə əzab vermə!» İsa Məsih cinlərin üzərində hakimiyyətə sahib olduğunu göstərərək deyir: «Ey murdar ruh, bu adamdan çıx!» (Mark 5:7, 8).

Əslində, bu kişinin içində bir yox, çoxlu murdar ruh var. Peyğəmbər ondan soruşur: «Adın nədir?» O cavab verir: «Adım Legiondur, çünki biz çoxuq» (Mark 5:9). Roma ordusunun baş hərbi hissəsi legion adlanırdı və legion minlərlə əsgərdən ibarət idi. Beləcə, bu adama qarşı çoxlu cin birləşib və onun əzab çəkməsindən həzz alırlar. Cinlər İsa Məsihə yalvarırlar ki, «onları dibsiz quyuya göndərməsin». Görünür, cinlər onları və başçıları İblisi gələcəkdə nələrin gözlədiyini bilirlər (Luka 8:31).

Yaxınlıqdakı otlaqda təxminən 2000 donuzdan ibarət bir sürü otlayır. Qanuna görə, bu heyvanlar napak sayılır və yəhudilər onları saxlamamalı idilər. Cinlər İsa Məsihə yalvarırlar: «Bizi donuzların içinə göndər, icazə ver, onlara girək» (Mark 5:12). Məsih onlara getməyi deyəndə onlar donuzların içinə girir və 2000 donuzun hamısı uçurumdan atılıb dənizdə boğulur.

Bunu görən çobanlar qaçıb hal-qəziyyəni şəhərdə və kəndlərdə danışırlar. Camaat nə baş verdiyini görmək üçün ora axışır. Adamlar gəlib çatanda içindən cin çıxmış kişini müşahidə edirlər. O, əynində paltar, ağlı başında İsa peyğəmbərin ayaqları yanında oturub.

Hadisə barədə eşidənlər, bu kişinin dəyişdiyini öz gözləri ilə görənlər bərk qorxurlar. Bunun onlar üçün nə məna kəsb etdiyini anlamadıqları üçün İsa peyğəmbərin el-obalarından çıxıb getməsini istəyirlər. O, qayığa minib getmək istəyir, amma cinlərdən azad olmuş adam ondan xahiş edir ki, onu da özü ilə götürsün. Lakin İsa peyğəmbər ona deyir: «Evinə, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış» (Mark 5:19).

Adətən, İsa peyğəmbər şəfa verdiyi adamları kiməsə bu haqda danışmağa qoymur. O istəmir ki, insanlar sensasiyalı xəbərlər əsasında nəticə çıxarsınlar. Amma bu dəfə cinlərdən azad edilmiş adam İsa peyğəmbərin qüdrətinin canlı sübutudur və o, peyğəmbərin baş çəkə bilməyəcəyi adamlara təbliğ edə bilər. Bundan əlavə, o adamın şahidliyi donuzların məhv olması ilə əlaqədar yayıla biləcək xoşagəlməz söz-söhbətin qarşısını alacaq. Beləcə, həmin adam gedir və İsa peyğəmbərin onun üçün nələr etdiyini bütün Dekapola yayır.

Əlavə məlumat

Cinlər varmı?

Cinlər kimlərdir? Onlar haradan peyda olublar?

İblis insanları idarə edə bilir?

İblis insanlara necə təsir göstərir? Onun tələlərinə düşməmək üçün nə edə bilərsiniz?