Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 64

Bağışlamağın vacibliyi

Bağışlamağın vacibliyi

MƏTTA 18:21—35

  • YEDDİ DƏFƏ BAĞIŞLAMAQ LAZIMDIR?

  • RƏHMSİZ NÖKƏR MƏSƏLİ

İsa peyğəmbər məsləhət verdi ki, qardaşlar aralarında anlaşılmazlıq yaranarkən məsələni tet-a-tet həll etməyə çalışsınlar. Bu məsləhəti Butrus da eşidib. Amma görünür, Butrus konkret bilmək istəyir, neçə dəfə barışmağa cəhd etməlidir.

Butrus soruşur: «Ağa, kimsə mənə qarşı günah iş görəndə onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» Bəzi din xadimləri öyrədirlər ki, cəmi üç dəfə bağışlamaq lazımdır. Yəqin, Butrus fikirləşir ki, yeddi dəfə bağışlamaqla alicənablıq etmiş olacaq (Mətta 18:21).

Amma insana qarşı edilən səhvlərin hesabını tutmaq İsa peyğəmbərin öyrətdiyi ilə düz gəlmir. O, Butrusun yanlış düşüncəsini düzəldir: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan» (Mətta 18:22). Yəni saysız-hesabsız qədər bağışlamaq lazımdır. İsa peyğəmbər göstərir ki, qardaşını bağışlamaq üçün Butrus konkret rəqəm qoymamalıdır.

Bağışlamağın zəruriliyini Butrusun və digər şagirdlərinin beynində həkk eləmək üçün İsa Məsih bir məsəl danışır. Bu məsəl mərhəmətli ağasından örnək almayan nökər haqdadır. Padşah nökərləri ilə haqq-hesablaşmaq istəyir. Nökərlərindən biri ona çox məbləğdə, 10 000 talant [60 000 000 dinar] pul borclu idi. Nökər bu məbləği heç cür qaytara bilməyəcəkdi. Beləcə, padşah əmr edir ki, nökərin özü və arvad-uşağı satılsın və borc geri qaytarılsın. Onda nökər ağasının ayağına düşüb yalvar-yaxar edir: «Ağa, bir az səbir elə, hamısını qaytaracağam» (Mətta 18:26).

Padşahın nökərə rəhmi gəlir və onun böyük borcunu ləğv edir. Borcunun bağışlandığını görən nökər dərhal gedib ona cəmi 100 dinar borcu olan bir nökər yoldaşını axtarıb tapır. Onu tutub: «Borcumu qaytar», — deyərək boğmağa başlayır. Bu zaman nökər onun ayağına düşüb yalvar-yaxar edir: «Bir az səbir elə, hamısını qaytaracağam» (Mətta 18:28, 29). Lakin bu nökər ona mərhəmət edən padşahın davrandığı kimi davranmır. O, ona cüzi borcu olan yoldaşını zindana atır ki, borcunu ödəyənə qədər zindanda qalsın.

İsa peyğəmbər qeyd edir ki, bu nökərin hərəkətini başqa nökərlər görürlər və gedib əhvalatı padşaha danışırlar. Onda padşah bərk qəzəblənir və həmin nökəri çağırtdırıb deyir: «Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?» Qəzəbli padşah rəhmsiz nökərini dustaqxana gözətçilərinə verir ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər dustaqxanada qalsın. Peyğəmbər sözünə belə yekun vurur: «Əgər siz də başqalarını ürəkdən bağışlamasanız, göydəki Atam da sizinlə belə davranacaq» (Mətta 18:32—35).

Bu məsəl bağışlamağın zəruriliyini parlaq şəkildə nümayiş etdirir! Allah günahlarımızdan toplanan böyük borcu bizə bağışlayıb. Bunun yanında iman bacı-qardaşlarımızın səhvləri heç nədir. Yehova bizi bir dəfə yox, min dəfələrlə bağışlayıb. Bəs biz? Şikayət üçün əsasımız olsa da, bizə qarşı günah işləmiş qardaşımızı bir neçə dəfə bağışlaya bilmərik? İsa Məsih Dağüstü vəzində öyrətdiyi kimi, Yehova Allah günahlarımızı bağışlayacaq, «necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq» (Mətta 6:12).