Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 41

Möcüzənin mənbəyi

Möcüzənin mənbəyi

MƏTTA 12:22—32 MARK 3:19—30 LUKA 8:1—3

  • İSA PEYĞƏMBƏRİN İKİNCİ SƏYAHƏTİ

  • PEYĞƏMBƏR CİNLƏRİ QOVUR

    PEYĞƏMBƏR BAĞIŞLANMAZ GÜNAH HAQDA DANIŞIR

Şimonun evində mərhəmət dərsi verdikdən bir az sonra İsa peyğəmbər ikinci dəfə Cəlilə bölgəsinə yola düşür. Peyğəmbərin xidmətinin ikinci ilidir. Bu səyahət zamanı o, tək deyil. Onu on iki həvari müşayiət edir. Həmçinin cinlərdən qurtulmuş və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar da onlarla gedir (Luka 8:2). Qadınların arasında Məcdəlli Məryəm, Süsən və padşah Hirodun məmurlarından birinin arvadı Yuhənnə vardır.

İsa peyğəmbər haqqında nə qədər çox adam öyrənir, bir o qədər də çox onun barəsində söz-söhbətlər yaranır. Onun yanına cinə tutulmuş kor və lal bir adamı gətirirlər və peyğəmbər ondan cini qovur. Bu adam görməyə və danışmağa başlayır. Camaat buna heyran qalıb deyir: «Bəlkə, Davud Oğlu elə budur?» (Mətta 12:23).

İsa Məsihin qaldığı evin yan-yörəsinə o qədər adam toplaşır ki, nə o, nə də şagirdləri yemək yeməyə macal tapmırlar. Lakin hamı onun «Davud Oğlu» olduğunu hesab etmir. Burada həmçinin Yerusəlimdən gələn mirzələr və fərisilər də var. O boyda yol gəlmələrinin məqsədi heç də ona qulaq asıb dəstəkləmək deyil. Onlar buradakı camaat arasında şayiə yayırlar ki, «onda Beelzebub var» və o, bütün işlərini cinlərin hökmdarının əli ilə görür (Mark 3:22). Doğmaları bu səs-küyü eşidəndə durub onu aparmağa gəlirlər. Maraqlıdır, görəsən, niyə?

Çünki doğma qardaşları İsanın Allahın Oğlu olduğuna inanmırlar (Yəhya 7:5). Camaat arasında ixtilaf salan İsa onların tanıdıqları, bir yerdə böyüdükləri İsaya heç oxşamır. Buna görə də onun başına hava gəldiyini düşünərək: «O, ağlını itirib», — deyirlər (Mark 3:21).

Bəs əslində vəziyyət nə yerdədir? İsa peyğəmbərin indicə cinə tutulmuş adamı sağaltması göz qabağındadır və bunu heç kim dana bilməz. Buna görə də mirzələrlə fərisilər İsanı gözdən salmaq üçün camaata deyirlər: «O, cinləri elə cinlərin hökmdarı Beelzebubun əli ilə qovur!» (Mətta 12:24).

İsa peyğəmbər mirzələrlə fərisilərin nə düşündüklərini bildiyi üçün belə deyir: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq və daxildən parçalanmış şəhər və ya ev durmayacaq. Eynilə də, əgər Şeytan Şeytanı qovursa, deməli, o, daxildən parçalanıb. Belə isə, onun padşahlığı necə duracaq?» (Mətta 12:25, 26).

Bu, məntiqli izahata söz ola bilməz! Fərisilər bilirlər ki, bəzi yəhudilər də cin qovmağı bacarırlar (Həvarilərin işləri 19:13). Buna görə də ondan soruşurlar: «Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovurlar?» Başqa sözlə desək, İsa peyğəmbərə qarşı yürüdülən ittiham, elə onların özlərinə də aiddir. O, davam edib deyir: «Yox əgər mən cinləri Allahın ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur» (Mətta 12:27, 28).

İsa Məsihin cinləri qovması onun Şeytandan güclü olduğunu göstərir. O, bunu belə izah edir: «Kimsə güclü bir adamın evinə necə girib var-dövlətini talaya bilər? Gərək əvvəlcə onun əl-qolunu bağlasın, sonra evini qarət etsin. Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır» (Mətta 12:29, 30). Fərisilərlə mirzələrin açıq-aşkar İsa peyğəmbərə qarşı çıxmaları onların Şeytana qulluq etdiklərini göstərir. Onlar xalqı İsa Məsihdən, Yehova Allahın köməyi ilə bütün bu işləri görən peyğəmbərdən uzaqlaşdırmağa çalışırlar.

İsa Məsih Şeytanın tərəfində olan düşmənlərinə xəbərdarlıq edir: «İnsan nə günah iş tutsa, nə cür küfr danışsa, hamısı bağışlanacaq. Lakin müqəddəs ruha qarşı küfr danışan heç vaxt bağışlanmayacaq, bu günah əbədiyyən onun boynunda qalacaq» (Mark 3:28, 29). Onlar Allahın müqəddəs ruhu ilə edilən işləri Şeytana aid edirlər. Bir düşünün, bu adamların axırı necə olacaq!

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Məsih. Allahın qüdrəti

İsanın göstərdiyi möcüzələr yalnız qədim İsraildə yaşayanlara fayda vermədi, bu həm də onun yaxın gələcəkdə bəşəriyyət üçün nə edəcəyinə işarə edirdi.