Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 56

Adamı əslində nə murdar edir?

Adamı əslində nə murdar edir?

MƏTTA 15:1—20 MARK 7:1—23 YƏHYA 7:1

  • İSA PEYĞƏMBƏR İNSAN ADƏT-ƏNƏNƏLƏRİNİ MÜHAKİMƏ EDİR

Bizim eranın 32-ci ilidir. Qarşıdan Pasxa bayramı gəlir. İsa peyğəmbər Cəlilədə təlim verməklə məşğuldur. Yəqin, o da Qanunda buyrulduğu kimi, Yerusəlimə Pasxa bayramını qeyd etməyə gedir. Lakin o, ehtiyatı əldən vermir, çünki yəhudilərin onu öldürmək istədiyini bilir (Yəhya 7:1). Bundan sonra o, Cəliləyə qayıdır.

Ehtimal ki, İsa peyğəmbər indi Kəfərnahumdadır. Fərisilərlə mirzələr onu görmək üçün Yerusəlimdən durub bura gəlirlər. Nəyə görə onlar bu qədər yol qət ediblər? Onlar onu dini qaydaları pozmaqda ittiham etmək üçün bəhanə axtarırlar. «Niyə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni pozur? Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar», — deyə ondan soruşurlar (Mətta 15:2). Allah dirsəyə qədər yuyunmağı xalqına heç vaxt buyurmayıb, amma fərisilər bu ayinə riayət etməməyi ciddi təqsir sayırlar (Mark 7:3).

Peyğəmbər onların ittihamına cavab vermir, bunun əvəzində göstərir ki, onlar özləri Allahın qanununu qəsdən pozurlar. O deyir: «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz? Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et” və “Atasını ya anasını təhqir edən öldürülməlidir”. Siz isə deyirsiniz: “Atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir”, — deyən atasına hörmət etməyə bilər”» (Mətta 15:3—6; Çıxış 20:12; 21:17).

Fərisilər öyrədirlər ki, pul, əmlak və hər hansı bir şey bəxşiş kimi Allaha həsr edilərsə, bunlar artıq məbədə aid olur və onu başqa cür istifadə etmək olmaz. Əslində isə, bəxşiş bundan sonra da onu həsr edən adamın özündə qalır. Misal üçün, oğul deyə bilər ki, onun pulu və ya əmlakı «qurbanlıqdır», yəni Allaha, yaxud Allahın məbədinə həsr edilmiş bəxşişdir; guya bu bəxşişi istifadə etməyə yalnız məbədin ixtiyarı çatır. Beləcə, pul və ya əmlakı hələ də oğlanın istifadə etmək ixtiyarı çatdığı halda, o iddia edir ki, bunu ehtiyac içində olan qoca ata-anasına xərcləyə bilməz. Bununla o, öz məsuliyyətini yerinə yetirməkdən boyun qaçırır (Mark 7:11).

Fərisilərin Allahın qanununu belə hiyləgərcəsinə təhrif etmələrinə İsa peyğəmbər haqlı olaraq qəzəblənir. O deyir: «Bununla siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz. Ey ikiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik edib: “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdırlar. Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”». Peyğəmbərin bu ciddi ittihamı qarşısında fərisilər söz tapa bilmir. Beləcə, o, camaatı yanına çağırıb deyir: «Qulaq asın və sözlərimi dərk edin. İnsanı yediyi şeylər murdar etmir, onu ağızdan çıxan şeylər murdar edir» (Mətta 15:6—11; Əşiya 29:13).

Bir qədər sonra İsa peyğəmbər şagirdləri ilə bir evə girəndə onlar soruşurlar: «Xəbərin var ki, fərisilər sənin sözlərindən qəzəbləniblər?» O, belə cavab verir: «Göydəki Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. Qoy qəzəblənsinlər. Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mətta 15:12—14).

Butrus o biri şagirdlərin adından xahiş edir ki, İsa peyğəmbər adamı nəyin murdar etdiyini aydınlaşdırsın. Peyğəmbər buna təəccüblənir: «Məgər bilmirsiniz ki, insanın yediyi hər şey bağırsaqlardan keçib bayıra çıxır? Ağızdan çıxan şeylər isə ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir. Misal üçün, pis fikirlər, qətl, zina, əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. Adamı belə şeylər murdar edir. Yuyulmamış əllə çörək yemək isə adamı murdar etmir» (Mətta 15:17—20).

İsa peyğəmbər heç də gigiyenanın əleyhinə deyil. O demir ki, xörək bişirəndə və ya yeməkdən qabaq əlləri yumaq lazım deyil. O, bununla din xadimlərini ifşa edir, çünki onlar insan adət-ənənələrinin üstündə duraraq Allahın saleh qanunlarından hiyləgərcəsinə boyun qaçırırlar. Doğrudan da, insanı murdar edən qəlbindən çıxan pis işlərdir.