Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL  28

Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?

Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?

MƏTTA 9:14—17 MARK 2:18—22 LUKA 5:33—39

  • YƏHYANIN ŞAGİRDLƏRİ İSA PEYĞƏMBƏRDƏN ORUC BARƏDƏ SORUŞUR

Eramızın 30-cu ilində İsa peyğəmbərin iştirak etdiyi Pasxa bayramından bir müddət sonra Vəftizçi Yəhya həbsxanaya düşür. Yəhya şagirdlərinin İsanın davamçısı olmasını istəyirdi, amma o, həbsxanaya düşəndən sonra heç də onların hamısı İsa Məsihin ardınca getmir.

Eramızın 31-ci ilinin Pasxası yaxınlaşır. Yəhyanın şagirdlərindən bir neçəsi İsanın yanına gəlib soruşurlar: «Nə üçün biz də, fərisilər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?» (Mətta 9:14). Fərisilər üçün oruc sadəcə dini ayindir. Hətta İsa sonralar bunu göstərən məsəl də çəkir. Bu məsəldə özündənrazı bir fərisi dua edir: «Şükür Sənə, İlahi! Mən başqaları kimi... deyiləm... Həftədə iki dəfə orucumu tuturam» (Luka 18:11, 12). Ola bilsin, Yəhyanın şagirdlərinin də oruc tutmaq adəti var idi. Yaxud da bunu müəllimlərinin həbsdə olmasına kədərləndikləri üçün edirlər. Ola bilsin, Yəhyanın şagirdlərinə maraqlıdır ki, nəyə görə İsa peyğəmbərin şagirdləri Yəhyanın başına gələnlərə görə onların dərdinə şərik olub oruc tutmurlar.

İsa peyğəmbər nümunə əsasında izah edir: «Bəy dostları ilə olanda heç dostlar yas tutar? Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar» (Mətta 9:15).

Yəhya özü də İsanı bəy adlandırmışdı (Yəhya 3:28, 29). Deməli, hələ ki bəy buradadır, İsa peyğəmbərin şagirdləri oruc tutmurlar. O öləndə isə şagirdləri yas saxlayıb iştahadan kəsiləcəklər. Amma o dirilib göyə qalxanda hər şey başqa cür olacaq. Artıq onların kədərlənib oruc tutmalarına ehtiyac qalmayacaq.

Sonra İsa onlara iki misal çəkir: «Heç kəs köhnə paltara təzə parçadan yamaq tikməz, çünki yamaq yığılanda yırtılmış yer daha da korlanar. Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da axıb tökülər və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər» (Mətta 9:16, 17). Burada İsa nə demək istəyir?

İsa Məsih Vəftizçi Yəhyanın şagirdlərinə bir şeyi başa salmaq istəyir: heç kim onun davamçılarından yəhudilərin köhnə adətlərinə riayət etməyi, o cümlədən oruc tutmağı gözləməməlidir. Məsih yer üzünə artıq köhnəlmiş və məhv edilmək üzrə olan dini sistemi «yamayıb» onun ömrünü uzatmaq üçün gəlməyib. İsa Məsihin təsis etdiyi ibadət insan ənənələri ilə korlanmış yəhudi dininin qəlibinə salınmış ibadət deyil. O, «köhnə paltara təzə yamaq» vurmaq, yaxud «təzə şərabı köhnə tuluqlara» tökmək istəmir.